Neftin bahalaşması tədiyə balansını “xilas etsə” də, xaricə kapital axını 8 dəfə artıb

Foto: Eugene_Photo/shutterstock

2026-cı ilin birinci yarısında Azərbaycan xam neftinin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 dollar baha qiymətə satılıb. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, regionda baş verən geosiyasi proseslər nəticəsində neftin bir barelinin orta qiyməti 94,5 dollar təşkil edib. Halbuki, ötən ilin müvafiq dövründə “Azərlayt”ın orta satış qiyməti 70 dollar olub. Dünya bazarında neft qiymətlərinin kəskin yüksəlməsi Azərbaycanın neft-qaz satışından əldə etdiyi gəlirləri 16,7 faiz artırıb.

Nəticədə Azərbaycan neftinin əhəmiyyətli dərəcədə baha satılması, habelə Neft Fondu tərəfindən qızıl idxalının ixracla əvəzlənməsi ölkənin tədiyə balansında ciddi dönüş yaradıb. Ötən il kapital axınında yüksək kəsir müşahidə edilirdisə, bu ilin birinci yarısında tədiyə balansında profisit yaranıb.

Neftin bahalaşması  tədiyə balansını necə “xilas edib”?

AMB-nin 2026-cı ilin altı ayı üzrə “Tədiyə balansı” hesabatına görə, dünya bazarında enerji sektorunda baş verən bahalaşma ölkənin cari əməliyyatlar balansında 4,7 milyard dollar profisit yaradıb.

Hesabatdan görünür ki, cari əməliyyatlar hesabı (CƏH) üzrə daxilolmaların 65,6 faizi birbaşa enerji sektorundan formalaşıb. Tədiyə balansının bu hesabı üzrə neft-qaz sektorunda profisit 23,6 faiz artaraq 9 milyard dollara qədər yüksəlib. Lakin bununla yanaşı, qeyri-neft-qaz sektorunda 4,3 milyard dollarlıq kəsir qeydə alınıb.

CƏH-dəki artımın əsas mühərriki xarici ticarət balansındakı 6,16 milyard dollarlıq müsbət saldodur. AMB-nin hesabatına görə, xam neft və qaz satışından əldə olunan 12,3 milyard dollarlıq gəlir nəinki xarici ticarət dövriyyəsinə və cari əməliyyatlar hesabına, ümumilikdə tədiyə balansına müsbət təsir göstərib. Azərbaycan bu məhsullar üzrə cəmi 908 milyon dollarlıq idxal həyata keçirib. Nəticədə ixracın 86 faizini xam neft və təbii qaz gəlirlərinin təşkil etməsi və bu sahədə yaranan profisit qeyri-neft kəsirini nəinki örtə bilib, hətta xarici ticarət dövriyyəsinin profisitini iki dəfə artırıb.

Mərkəzi Bank hesabatında qeyd edir ki, altı ay ərzində xarici ticarət dövriyyəsində neft-qaz sektoru üzrə 11,4 milyard dollarlıq profisit qeyri-neft-qaz sektoru üzrə 5,2 milyard dollarlıq kəsiri bağlayıb.

Xidmət sektoru kəsirdə

CƏH-in xidmətlər balansında isə cari ilin birinci yarısında 1 milyard 35 milyon dollarlıq kəsir yaranıb. Kəsirin böyük qismi neft-qaz şirkətlərinin xaricdən aldığı tikinti və işgüzar xidmətlərin payına düşür.

Xidmətlər balansında turizm dövriyyəsində də kəskin azalma müşahidə edilir. Mərkəzi Bank qeyd edir ki, bu ilin altı ayında xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 5,1 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 10,3 faiz azalıb. Bu azalma cari ilin birinci yarısında turistlərin çəkdiyi xərclərin dövriyyəsini 14,7 faiz aşağı salıb.

Əsas azalma Azərbaycana gələn turistlərin xərcləmələrində baş verib. Bu il xarici turistlər ölkəmizdə 747,8 milyon dollar xərcləyib. Halbuki, ötən ilin eyni dövründə bu göstərici 950 milyon dollar olub.

Azərbaycanlıların xaricdə xərclədiyi vəsaitlərin həcmi isə 700,6 milyon dollar təşkil edib.

Xaricə çıxarılan milyardlar

2026-cı ilin ilk yarısında tədiyə balansının ilkin gəlirlər hesabında 907 milyon dollarlıq kəsir olub. Bu kəsirin əsas səbəbi yerli və xarici qurumların Azərbaycandan 2 milyard 784 milyon dollar kapital köçürməsidir. Ölkədən çıxarılan vəsaitlərin böyük hissəsi şirkətlərin mənfəətləri, digər bir qismi isə qiymətli kağızlar üzrə kapital olub. Hüquqi şəxslər üzrə ölkəyə vəsait daxilolmaları isə 1,8 milyard dollar təşkil edib. Ölkədən çıxarılan vəsaitin 60 faizdən çoxu xarici neft şirkətlərinin payına düşür.

AMB-nin hesabatında vurğulanır ki, bu məbləğin 2 milyard dolları xarici investorların payına düşən gəlirlərin repatriasiyası, 114,9 milyon dolları qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər, 242,8 milyon dolları isə xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər təşkil edib.

Bununla yanaşı, birbaşa investisiya hesabında 4 milyard dollarlıq kəsir yaranıb.  Buradakı mənfi tendensiya Azərbaycanın xaricə yatırdığı birbaşa investisiyalarla bağlıdır. Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov jurnalistlər üçün keçirdiyi brifinqdə xaricə təxminən 5 milyard dollarlıq investisiya yatırıldığını qeyd edib. Onun sözlərinə görə, xaricə yönəldilən birbaşa investisiyaların əsas istiqamətləri arasında İtaliya, Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan yer alıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə xaricə qoyulan birbaşa investisiyalar cəmi 516,3 milyon dollar olub. Belə görünür ki, Azərbaycanın xaricdəki birbaşa investisiya aktivləri 8,3 dəfə artıb. Bunun da 3,7 milyard dolları neft-qaz sektoruna qoyulan investisiyalar təşkil edir. Qeyd edək ki, Azərbaycan İtaliyanın neft email zavoduna 3 milyard dollar investisiya həyata keçirib.

S.Nəsirov bildirib ki, hesabat dövründə ölkəyə yatırılan birbaşa xarici investisiyaların həcmi isə 3,6 milyard dollar təşkil edib.

Ana səhifəİqtisadiyyatNeftin bahalaşması tədiyə balansını “xilas etsə” də, xaricə kapital axını 8 dəfə artıb