“Bölgələrdə valideynlər məcbur olub, uşaqlarının əməyindən istifadə edirlər”

İqtisadçı deyir ki, bölgələrdə insanlar övladlarını yaxşı yedirtmək, normal geyindirmək üçün həyat mübarizəsi verir

Source: Foto: arxiv


İqtisadçı Sahil Babayevin fikirləri ilə razılaşmır

Əmək və əhalinin sosial müdafiəsi naziri

Sahil Babayev

“Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələrinin müzakirəsinə qatılıb. Müzakirə norabrın 13-də Milli Məclisdə olub.

Nazir deputatların “uşaq pulu” verilməsi ilə bağlı təklifinə də münasibət bildirib. Deyib ki, bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlər ödənilir. “Sağlamlıq imkanları məhdud uşaqlara 150, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir. Orta məbləğ isə 100 manatın üzərindədir. Bunun bütün uşaqlara şamil edilməsi üçün 3,3 milyard manat lazımdır”.

Nazir əlavə edib ki, ölkədə 18 yaşına çatmamış 2 milyon 700 min uşaq var. Onlara ən azı 100 manat vəsait ödənilməsi baha başa gəlir:

“Özü də uşaqpulu kimi proqramlar 1 illik, 2 illik olmur. Azı 5, 10 illik olmalıdır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir. Nəzərə alın ki, ölkədə minumum pensiyalar 72 faiz, mimumum əməkhaqqı və 600 min insanın müavinət, təqaüdü 2 dəfə artıb. Bu gün eyni məbləğlə hamını əhatə edən bir proqram əvəzinə, ünvanlı, sosial cəhətdən ən həssas kəsimləri əhatə edən sosial proqram həyata keçirildi”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu təəssüflənir ki, bu gün dövlət qurumlarının ailələrin sosial müdafiəsinin təşkilində göstərdikləri yarıtmaz fəaliyyət, bu sahədə alternativ fikir və təkliflərin eşidilməməsi, gerçək ehtiyacların nəzərə alınmaması, ictimai nəzarətin olmaması Azərbaycanın, xüsusilə uşaqların gələcəyini böyük təhlükə altına atır:

“Ölkənin demokratik dəyərlərə uyğun idarə olunması və inkişafı, ən əsası, Qarabağın azad edilməsi üçün sağlam və təhsilli gənclərə ehtiyac var. Ancaq Əmək və əhalinin sosial müdafiəsi naziri “uşaqlara pul verə bilmərik, ona vəsaitimiz çatmaz”, – dedi. Halbuki regionlarda uşaqlar çox ağır sosial-iqtisadi mühitdə böyüyür. Ailələrin öz övladlarına təhsil vermək üçün yox, onları yaşatmaq uğrunda mücadilə aparırlar. Çünki bəzi ailələr üçün yaxşı təhsil artıq əlçatmaz hədəfdir”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı deyir ki, bölgələrdə insanlar övladlarını yaxşı yedirtmək, normal geyindirmək üçün həyat mübarizəsi verir:

“Bölgələrdə valideynlər məcbur olub, uşaqlarının əməyindən istifadə edirlər. Onları pambıq yığımına və müxtəlif işlərə cəlb edirlər. Həmin valideynlərin fəryadını eşidin, qulaqlarınızı tıxamayın, gözlərinizi bağlamayın. Ki, uşaqlarının əməyinə ehtiyac duyan, maddi məcburiyyət qarşısında onları təhsildən yayındıran, keyfiyyətli tibbi xidmətə çıxışı birdəfəlik qapanmış nə qədər taleyin ümidinə buraxılmış ailələr olduğunu görəsiniz”.

Qubad İbadoğlu deyir ki, 148 milyard dollarlıq neft gəlirlərinin göyə sovrulduğu, 270 milyard dollar sərmayə yatırıldığı deyilən ölkənin azyaşlı uşaqları niyə uşaq puluna həsrət qalıb, tarlalarda pambıq toplamalı, kafelərdə ofisiant işləməli, küçələrdə maşınların şüşələrini silməli, təkərlərini qaratmalıdırlar?!

“Onların yeganə günahı bu ölkədə doğulmalarıdırmı?” – deyə, iqtisadçı sual edir.

2006-cı ildən Azərbaycanda uşaqlara aylıq müvinətlərin (uşaq pulu) verilməsi dayandırılıb. 2019-cu ildə isə bu məsələ yenidən gündəmə gəlib. Bəzi ekspert və deputatlar onun bərpasını düzgün sayır. Bununla bağlı müxtəlif təkliflər səsləndirirlər. Azərbaycanın bəzi müxalifət qüvvələri isə bunu hökmətdən tələbləri sırasına daxil edib.

Ana səhifəİqtisadiyyat“Bölgələrdə valideynlər məcbur olub, uşaqlarının əməyindən istifadə edirlər”