Bəhram İsmayılov: “ Təxminən 3 minə yaxın üzvümüz var”
Azərbaycan Yüksəliş Partiyası (AYP) Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
Bu barədə Meydan TV-yə məlumatı partiyanın İcra Aparatının rəhbəri Bəhram İsmayılov verib. Qeydiyyat sənədi oktyabrın 21-də partiya rəhbərliyinə tədqim olunub.
B.İsmayılov deyib ki, 2020-ci ilin dekabrın 4-də partiyanın təsis qurultayı keçirilib, ondan sonra qeydiyyat üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub:
“İki dəfə sənədləri qaytardılar ki, düzəliş olunsun, xırda dəyişikliklərdən sonra yenidən nazirliyə təqdim etdik”.
O, ötən ilin iyulun 16-da partiyanın elan etdiklərini bildirib:
“Sağ mərkəzçi siyasi xətti əsas götürən partiyanın hazırda 40-a yaxın rayon təşkilatı fəaliyyət göstərir. Təxminən 3 minə yaxın üzvümüz var”.
Partiyanın başqanı Anar Əsədlidir. Anar Əsədli Milli Məclisə 2020-ci ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizədliyini irəli sürmüşdü. Həmin dairədən əvvəlki illərdə mandat alan İmamverdi İsmayılov yenidən qalib elan olundu.