Azərbaycan və Ermənistan sərhəd delimitasiyasının istiqamətini müəyyənləşdirib

Ceyhun Bayramov. Foto: Anadolu via Reuters Connect

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə işlərin istiqamətini müəyyənləşdirib. Proses Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılacaq.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 9-da jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılması barədə razılıq əldə olunub.

“Ümumi sərhədimizin delimitasiyasının hansı istiqamətdən başlayaraq irəliləməsi ilə bağlı razılıq mövcuddur. İşlərin daha çətin olan şimal sərhədindən, Azərbaycan, Ermənistan və Gürcüstanın kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba doğru aparılması və irəliləməsi istiqamətində razılıq və qarşılıqlı anlaşma var”, – Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, delimitasiya üzrə Dövlət Komissiyasının tərkibi dəyişməyib. Azərbaycan tərəfinin komissiyasına Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfinin komissiyasına isə Baş nazirin müavini Mher Qriqoryan rəhbərlik edir.

Bayramovun sözlərinə görə, iki ölkənin komissiyaları mütəmadi görüşür və delimitasiya prosesi ilə bağlı müzakirələr aparırlar. O bildirib ki, ötən dövr ərzində iki ölkənin komissiyaları arasında çoxsaylı görüşlər keçirilib. Komissiyaların fəaliyyətini tənzimləyən bir sıra sənədlər də həm Azərbaycanda, həm Ermənistanda qəbul və təsdiqlənib.

Bayramov konkret yaşayış məntəqələri və digər məsələlərin delimitasiya komissiyalarının işi çərçivəsində müzakirə olunacağını deyib.

“Daha spesifik detallara gəldikdə, təbii ki, bütün məsələlər vaxtı və zamanı gəldikcə müzakirə olunacaq və onların da həll olunması gözlənilir. Bu və ya digər yaşayış məntəqələri ilə bağlı məsələlər delimitasiya komissiyasının işi çərçivəsində müzakirə ediləcək”, – Ceyhun Bayramov bildirib.

Xarici işlər naziri Ceyhun Bayramov “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP layihəsindən də danışıb. O bildirib ki, layihə üzrə tikinti işlərinin başlanması 2027-ci ilə qala bilər.

Nazirin sözlərinə görə, TRIPP-lə bağlı əsas danışıqlar ABŞ və Ermənistan arasında aparılır. O əlavə edib ki, ABŞ-dən olan tərəfdaşlar danışıqların gedişi barədə Azərbaycan tərəfini mütəmadi məlumatlandırırlar.

“Bu da çox təbiidir. Layihənin həm daxilolma, həm çıxış nöqtəsi Azərbaycan sərhədidir və ölkəmizin bilavasitə iştirakı olmadan layihənin həyata keçirilməsi mümkünsüzdür”, – Bayramov deyib.

Nazirin sözlərinə görə, fiziki işlərin başlanmasının 2027-ci ilə keçirilməsi gözləntisi var.

“Bizim yanaşma ondan ibarətdir ki, bu layihə nə qədər tez icra olunsa, bir o qədər yaxşıdır”, – Ceyhun Bayramov əlavə edib.

Bayramov layihənin Azərbaycan, Ermənistan və daha geniş region üçün çoxsaylı faydaları olduğunu bildirib. Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyalar 2022-ci ildən fəaliyyət göstərir. Delimitasiya dövlət sərhədinin xəritə və hüquqi sənədlər əsasında müəyyənləşdirilməsi prosesidir. Növbəti mərhələdə sərhəd xəttinin ərazidə nişanlanması – demarkasiya həyata keçirilir.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ötən il avqustun 8-də Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanıb. Tərəflər sənəddə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını, qarşılıqlı ərazi iddialarından imtina etdiklərini bəyan ediblər.

Həmin razılaşmalar çərçivəsində Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutan TRIPP layihəsi ilə bağlı da razılıq əldə olunub.

Hazırda yekun sülh sazişinin imzalanması yolunda əsas məsələlərdən biri Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Aktına istinaddır. Rəsmi Bakı həmin istinadda Azərbaycana qarşı ərazi iddialarının olduğunu bildirir.

Ermənistan hökuməti isə konstitusiya dəyişikliklərinə hazırlaşdığını və yeni layihəni ilin sonunadək təqdim etməyi planlaşdırdığını açıqlayıb.

Ana səhifəSiyasətAzərbaycan və Ermənistan sərhəd delimitasiyasının istiqamətini müəyyənləşdirib