Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb.
AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib. O, Anar Məmmədliyə 13, jurnalist, ictimai fəal Anar Abdullaya isə 12 il həbs cəzası verilməsini “özbaşına hökm” adlandıraraq buna görə şoka düşdüyünü deyib.
Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir:
“Assambleya bu yaxınlarda qəbul etdiyi qətnamədə cənab Məmmədlinin məhkəməyəqədər həbsinin və təqibinin sırf siyasi səbəblərdən tətbiq edildiyini hesab etdi. Bu da onun Assambleyanın siyasi məhbus tərifinə düşdüyünü göstərir. Sentyabrın 7-də verilən hökm bu qənaəti daha da gücləndirir və Azərbaycanda onsuz da ağır olan insan haqları vəziyyətini daha da pisləşdirir”.
Baş məruzəçi Anar Məmmədlinin məhkum edilməsinin Azərbaycanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil etdiyini də vurğulayıb.
“Siyasi məhbusların Avropada yeri yoxdur. Məmmədlinin məhkum edilməsi, Avropa İnsan Hüquqları Konvensiyası da daxil olmaqla, Azərbaycanın beynəlxalq öhdəlikləri ilə açıq şəkildə ziddiyyət təşkil edir”, – Rojhan bildirib.
O, Azərbaycan hakimiyyətini Anar Məmmədlini dərhal azad etməyə və onun məhkumluğunun müstəqil şəkildə nəzərdən keçirilməsini təmin etməyə çağırıb.
Rojhan həmçinin fəaliyyətlərinə və fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs edilən digər hüquq müdafiəçilərinin və jurnalistlərin azadlığa buraxılmasını istəyib.
AŞPA 2024-cü ilin yanvarında Azərbaycanın nümayəndə heyətinin etimadnamələrini təsdiqləməyib. Assambleya buna Azərbaycanın insan hüquqları, məhkəmə müstəqilliyi və demokratik prinsiplər üzrə öhdəliklərini yerinə yetirməməsi, siyasi məhbuslarla bağlı narahatlıqlar və AŞPA-nın monitorinq mexanizmləri ilə əməkdaşlıq etməməsi kimi səbəbləri göstərib. Azərbaycan tərəfi isə bu qərarı rədd edib. Prezident İlham Əliyev AŞPA-nın qərarının insan hüquqları ilə bağlı olmadığını, 2023-cü ilin sentyabrında Qarabağda baş verənlərə görə Azərbaycana qarşı “cəza” xarakteri daşıdığını bildirib.
Anar Məmmədlinin həbsi ilə bağlı insan haqları təşkilatı “Human Rights Watch” da bəyanat yayıb. Təşkilat onun 13 il həbsə məhkum edilməsini tənqid edib və məhkəmə prosesinin ədalətli keçirilməsi ilə bağlı ciddi narahatlıqlar olduğunu bildirib.
Təşkilatın Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini Giorgi Qogiya bildirib ki, Anar Məmmədlinin məhkum edilməsi ədalətli məhkəmə ilə bağlı ciddi narahatlıq yaradır. Məmmədli valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergidən yayınma, çirkli pulların yuyulması və sənədlərin saxtalaşdırılması ittihamları üzrə təqsirli bilinib.
“Məhkəmə müdafiə tərəfinin ittihamın sübutlarının ətraflı araşdırılması, əsas şahidlərin açıq məhkəmə iclasında dindirilməsi, iş materiallarındakı ziddiyyətlərin nəzərdən keçirilməsi barədə vəsatətlərini dəfələrlə rədd edib. Məmmədlinin girov müqabilində azadlığa buraxılması ilə bağlı müraciətlər də dəfələrlə təmin olunmayıb”, – Giorgi Qogiya qeyd edib.
Qogiya Anar Məmmədlinin Azərbaycanda fəaliyyət göstərən yeganə müstəqil seçki monitorinqi təşkilatına rəhbərlik etdiyini, 20 ildən artıqdır seçki prosesini izləyərək seçki pozuntularını sənədləşdirdiyini vurğulayıb.
Məmmədli həmçinin 2024-cü ildə COP29 ərəfəsində yaradılan vətəndaş cəmiyyəti koalisiyası – Ədalət İqlimi Təşəbbüsünün təsisçi üzvlərindən biridir.
Bu, Məmmədlinin ikinci həbsidir. Azərbaycan hakimiyyəti onu 2013-cü ildə də həbs edib. 2014-cü ildə o, maliyyə ilə bağlı ittihamlarla 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədlinin həbsinin onun seçki monitorinqi fəaliyyətinə görə susdurulması və cəzalandırılması məqsədi daşıdığı qənaətinə gəlib.
Məmmədli həbsdə olduğu vaxt, 2014-cü ildə AŞPA-nın Vatslav Havel İnsan Hüquqları Mükafatına layiq görülüb. O, 2016-cı ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
“Human Rights Watch” hesab edir ki, Məmmədlinin yeni məhkumluğu Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti və mediaya qarşı təzyiqlərin artdığı bir vaxtda baş verib.
Təşkilat Toplum TV ilə əlaqəli doqquz jurnalist və media işçisinin iyulda 12 ildən 15 ilədək həbs cəzası aldığını, 2025-ci ildə isə “AbzasMedia” jurnalistlərinin 9 ilədək azadlıqdan məhrum edildiyini xatırladır.
“Azərbaycanın beynəlxalq tərəfdaşları siyasi və iqtisadi əlaqələrin dərinləşməsinin insan hüquqları hesabına başa gələ bilməyəcəyini açıq şəkildə bildirməlidirlər”, – təşkilat bəyan edib.
“Human Rights Watch” həmçinin Anar Məmmədli və Anar Abdullanın dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırış edib. Təşkilat Avropa Şurasını siyasi motivli təqiblərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam icrasını və oxşar halların qarşısının alınması üçün hüquqi və institusional islahatların aparılmasını tələb etməyə çağırıb.
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur. QHT rəhbəri özünü təqsirli saymır. Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edir.
Anar Abdulla isə ötən il aprelin 8-də Məmmədliyə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb.
Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qaçaqmalçılıq, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, qaçaqmalçılıq əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma maddələri ilə ittiham irəli sürülüb. O da ittihamları qəbul etmir.
Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus hesab edilən şəxs var. Ölkə rəsmiləri isə Azərbaycanda heç kimin siyasi motivlərlə təqib olunmadığını deyirlər.