“İnnovasiyalar Mərkəzi” MMC 1 saylı “ASAN Kommunal” mərkəzinin yerləşdiyi binanın icarəsi üçün Prezidentin İşlər İdarəsinin sektor müdiri Şahmar İbadovun həyat yoldaşı Sevinc İbadova ilə ardıcıl ikinci dəfə “bir mənbədən” tender metodu ilə müqavilə bağlayıb. İki müqavilənin ümumi dəyəri 1 milyon 320 min manatdır.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin – “ASAN Xidmət”in tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC fiziki şəxs Sevinc Vəkil qızı İbadova ilə icarə müqaviləsi bağlayıb.
Dövlət satınalmaları ilə bağlı məlumatda göstərilir ki, müqavilə açıq tenderlə deyil, bir mənbədən satınalma metodu ilə bağlanıb.
İcarəyə götürülən yer Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 34/36 ünvanında yerləşən binanın birinci və ikinci mərtəbələrindəki 2660 kvadratmetrlik qeyri-yaşayış sahəsidir. Burada 1 saylı Bakı “ASAN Kommunal” mərkəzi yerləşir.
Yeni müqavilə 2 sentyabr 2026-cı ildən 2 sentyabr 2027-ci ilədək qüvvədə olacaq. Müqavilənin dəyəri 660 min manatdır.
Ancaq bu, “İnnovasiyalar Mərkəzi” ilə Sevinc İbadova arasında bağlanan ilk belə müqavilə deyil. 2025-ci ildə də Sevinc İbadova ilə 660 min manatlıq, “bir mənbədən” metodu ilə icarə müqaviləsi bağlanıb.
1,3 milyon manatlıq müqavilələrin arxasındakı şəxs
Müqavilələrin bağlandığı Sevinc İbadova Prezidentin İşlər İdarəsinin sektor müdiri Şahmar Bəybaba oğlu İbadovun həyat yoldaşıdır.
Şahmar İbadov uzun illər Nərimanov Rayon İcra Hakimiyyətində rəhbər vəzifədə çalışıb. İcra Başçısının müavini çalışan İbadov İlham Əliyevin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
2020-ci ilin noyabrında o, icra başçısının müavini vəzifəsindən azad edilib. Daha sonra mediada İbadovun Prezident Administrasiyasının İşlər İdarəsinin sektor müdiri təyin olunduğu qeyd olunub.
Şahmar İbadovun başqa bir yüksək vəzifəli məmurla da ailə bağlantısı mövcuddur. Mətbuat onun Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qudası olduğunu yazıb. Eyni məlumat həmin dövrdə bir neçə başqa media qurumunda da yayılıb. Vasif İmanov 2013-cü ildən Pirallahı Rayon İcra Hakimiyyətinə rəhbərlik edir və hazırda da bu vəzifədədir.
177 zərərçəkmişin olduğu işdə Şahmar İbadovun adı
Şahmar İbadovun adı bundan əvvəl Nərimanov rayonunda gözdən əlillər üçün tikilmiş binadan mənzil verilməsi ilə bağlı 6,5 milyon manatlıq cinayət işində də hallanıb.
Meydan TV-nin 2018-ci ildə məhkəmədən hazırladığı materiala görə, həmin işdə 177 nəfər zərərçəkmiş kimi tanınıb.
Şahmar İbadov bu iş üzrə təqsirləndirilən şəxs olmayıb. O, məhkəmədə şahid qismində dindirilib.
Lakin iş üzrə təqsirləndirilən şəxslərdən, Nərimanov Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin keçmiş müdiri Yomətdin Şıxəliyev məhkəmədə bildirib ki, şərtlərə uyğun olmayan şəxslərin mənzil növbəsinə götürülməsinə onu Şahmar İbadov məcbur edib.
Şıxəliyev sənədləri də İbadovun təzyiqi ilə imzaladığını iddia edib.
Şahmar İbadov isə bu deyilənləri qəbul etməyib. O, heç kimi qanunsuz iş görməyə məcbur etmədiyini, mənzillərin verilməsi müqabilində pul alınmasından xəbərsiz olduğunu deyib.
Oğlu 5 il həbs edildi, sonra bəraət aldı
İbadov ailəsinin adı 2017-ci ildə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsindən sonra da gündəmə gəlib.
Baş Prokurorluğun məlumatına görə, Şahmar İbadovun oğlu Elmar İbadov 2017-ci il avqustun 21-də Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində idarə etdiyi “Range Rover”lə 1962-ci il təvəllüdlü Ayna Həsənovanı vurub.
Elmar İbadov qadını öz avtomobili ilə xəstəxanaya aparıb. Ayna Həsənova avqustun 22-də aldığı xəsarətlərdən ölüb.
Bundan sonra Elmar İbadova ehtiyatsızlıqdan ölümə səbəb olan yol hərəkəti qaydalarının pozulması maddəsi ilə ittiham elan edilib və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Məlumata görə, Abşeron Rayon Məhkəməsi sonradan Elmar İbadovu 5 il müddətinə azadlıqdan məhrum edib. Cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınıb.
Lakin Elmar İbadov hökmdən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin edib, birinci instansiya məhkəməsinin hökmünü ləğv edib və onun barəsində bəraət hökmü çıxarıb.