Bu gün, oktyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesə hakim Telman Hüseynov sədrlik edib.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.
İclasın əvvəlində hakim Telman Hüseynov tərəflərə vəkillərdən birinin və zərərçəkənin iştirakı olmadan iclasın davam etdirilməsinə münasibətlərini soruşub. Bu zaman vəkil Rövşanə Rəhimli Azər Qasımlı ilə məsləhətləşmək istədiyini bildirib. Hakimin bundan narazı qalaraq əsəbiləşib və vəkilə qarşı sərt münasibət göstərib. Rəhimli xatırladıb ki, məhkəmə daha öncə Qasımlının şüşəli kabinədə yox, müdafiəçilərinin yanında oturmasına dair vəsatəti təmin edib. Hakim isə vəkilin davranışını əsas gətirərək, barəsində Vəkillər Kollegiyasına şikayət edəcəyini deyib.
Daha sonra Azər Qasımlı sərbəst ifadə verib. Onun sözlərinə görə, 2020-ci ildə 20 min ABŞ dolları ödəyərək Binance kriptovalyuta birjası üzərindən iki ədəd Bitcoin alıb. Tanışı Qurbanəli Yusifov əlavə gəlir vəd etməklə həmin vəsaitin idarəsini öz üzərinə götürüb. Nəticədə Qasımlının dediyinə görə, bütün məbləğ itirilib. O, Yusifovun əvvəlcə pulu qaytaracağına dair söz verdiyini, lakin vədini yerinə yetirmədiyini qeyd edib. Əksinə, Yusifovun ona qarşı şikayət edərək Qasımlını “dövlətçiliyə qarşı olmaqda” günahlandırdığını vurğulayıb.
Qasımlı bildirib ki, iş materiallarında onun guya Yusifovu hədələməsi barədə heç bir dəlil yoxdur. Əvəzində, şikayətçinin ifadələrində ciddi ziddiyyətlərin olduğunu, hətta onun çağırdığı şahidlərdən birinin özünün əleyhinə ifadə verdiyini diqqətə çatdırıb. Siyasətçi həbsinin siyasi motivli olduğunu açıqlayıb.
Məhkəmə prosesi oktyabrın 8-də davam edəcək.