AXCP üzvləri ev dustaqlığına buraxıldılar

Bu cinayət işi baxılması üçün sentyabrın sonunda Səbail Rayon Məhkəməsinə göndərilib.

Source: Specify Source


Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də həbsdən buraxılanlar arasındadır

İyulun 14-dən 15-nə keçən gecə Bakıda “Qarabağa azadlıq!” şüarıyla keçirilən yürüşdən sonra həbs olunan 36 nəfərdən 21-i ev dustaqlığına buraxılıb. Noyabrın 16-da Səbail Rayon Məhkəməsi prokurorluğun vəsatəti əsasında onların barəsindəki həbs-qətimkan tədbirini dəyişib.

Həbsdən buraxılan 21 nəfərdən 12-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır. AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli (o, həm də Qarabağ əlilidir), Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də həbsdən buraxılanlar arasındadır.

Bu cinayət işi baxılması üçün sentyabrın sonunda Səbail Rayon Məhkəməsinə göndərilib. İş məhkəmənin sədri Ağamalı Qafarovun icraatındadır. Bir dəfə oktyabrın 27-nə məhkəmənin hazırlıq iclası təyin olunsa da, keçirilməyib, proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Məhkəmədə bu iş üzrə dövlət ittihamını müdafiə edəcək prokurorlar T.Qəhrəmanov və S.Salmanov vəsatəti noyabrın 16-da məhkəməyə təqdim edib. Dərhal da məhkəmə iclası təyin edilib, vəsatətdə adları olan təqsirləndirilən şəxslərin vəkillərinə bu haqda məlumat verilib.

AXCP-dən Meydan TV-yə bildirilib ki, bu cinayət işi üzrə ümumilikdə 16 nəfər cəbhəçi təqsirləndirilən şəxs qismində cəlb olunub. Onlardan biri haqqında əvvəldən həbs-qətimkan tədbiri seçilməyib: “12 nəfər buraxılandan sonra məhz bu cinayət işi üzrə üç nəfər AXCP üzvü həbsdə qalır. Bunlar AXCP Təşkilat Şöbəsinin üzvü Ramid Nağıyev, Qaradağ rayon şöbəsinin sədri Elnur Cabbarov və Binəqədi rayon təşkilatının üzvü Gündüz Mirzəyevdir”.

Bunlardan əlavə, Naxçıvan Daxili İşlər nazirinin sabiq müavini Səyavuş Mustafayev, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov və digərləri həbsdə saxlanılıb.

Ev dustaqlığına buraxılanlar arasında “Müsəlman Birliyi” Hərəkatının iki üzvü də var – Kamil Mahmudov və Tural Vəliyev.

Ana səhifəSiyasətAXCP üzvləri ev dustaqlığına buraxıldılar