Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Pərviz Həşimlinin həbsi ilə bağlı verdiyi şikayət üzrə qərarını elan edib.
Bu barədə jurnalist özü “Facebook” səhifəsində məlumat verib.
“Bu gün, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyin mənə qarşı qanunsuz həbsi və barəmdəki sifarişli məhkəmə hökmünə dair şikayətim üzrə qərarını açıqlayıb. Konvensiyan 5 (Azadlıq və toxunulmazlıq hüququ) , 6 (Ədalətli məhkəmə araşdırması hüququ) və 8 “Şəxsi həyata və ailə həyatına hörmət hüququ” pozuntularını tanıyıb”.
Pərviz Həşimli 2014-cü ildə Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah-sursat saxlama) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.
Jurnalisti 2013-cü il sentyabrın 17-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları həbs etmişdilər.
O, 2016-cı ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Həşimlinin yazdığına görə, Avropa Məhkəməsi hesab edib ki, onun həbsi tam qanunsuz olub, mənzilinə silahlar istintaq orqanı tərəfindən yerləşdirilib.
“Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsi ədalətli məhkəmə araşdırmasını aparmayıb. Avropa İnsan Hüquqları Məhkəməsi bu pozuntulara görə mənə təzminat təyin edib”.
Jurnalist qeyd edib ki, Ali Məhkəmənin ona bəraət verməsi üçün hüquqi addımlar atacaq.