Məhbus jurnalistlər beynəlxalq hüquq müdafiəsi kampaniyasına daxil edilib

Qadın Hüquq Müdafiəçilərinin Beynəlxalq Koalisiyası dünya üzrə həbsdə olan 30 qadının hekayəsini ictimailəşdirib. Siyahıda Azərbaycanı təmsil edən iki jurnalistin adı var.

“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlər Aytac Tapdıq və Ülviyyə Əli (Quliyeva) Qadın Hüquq Müdafiəçilərinin Beynəlxalq Koalisiyasının (WHRDIC) 2026-cı il kampaniyasına daxil edilib.

Təşkilat noyabrın 16-da “Spreading the Echo” (“Sədaların yayılması”) adlı beynəlxalq kampaniyasını elan edib. Təşəbbüs çərçivəsində müxtəlif ölkələrdə hüquq müdafiə fəaliyyətlərinə görə həbs olunduğu bildirilən 30 qadının hekayəsi ictimailəşdirilir.

Koalisiyanın rəsmi saytında dərc olunan siyahı Aytac Tapdığın hekayəsi ilə başlayır. Ülviyyə Əlinin də fəaliyyəti və həbsi barədə ayrıca məlumat yayımlanıb.

Aytac Tapdıq barədə zorakılıq iddiaları da xatırladılıb

Koalisiya Aytac Tapdığı jurnalist və feminist fəal kimi təqdim edib.

Bəyanatda onun Azərbaycanda qadınlara qarşı zorakılıq, sosial bərabərsizlik, hüquqları pozulan insanların problemləri və etiraz aksiyaları barədə reportajlar hazırladığı bildirilir.

Təşkilat jurnalistin 2024-cü il dekabrın 6-da müstəqil mediaya qarşı həbslər çərçivəsində saxlanıldığını xatırladıb.

Koalisiyanın məlumatına görə, Aytac Tapdıq həbsindən sonra hökumətyönlü televiziya kanallarında qarayaxma kampaniyalarına məruz qalıb.

Bəyanatda 2026-cı il fevralın 18-də təcridxana əməkdaşları tərəfindən jurnalistə fiziki zorakılıq göstərildiyi və onun zorlama ilə hədələndiyi iddia olunur.

Təşkilat Aytac Tapdığın nəfəsalma problemləri yaşadığını, lakin lazımi tibbi yardımla təmin edilmədiyini də bildirib.

Koalisiya jurnalistin həbsdə olmasına baxmayaraq, məhkəmə çıxışları və həbsdən göndərdiyi yazılarla ictimai fəaliyyətini davam etdirdiyini vurğulayıb.

Ülviyyə Əli də siyahıdadır

Kampaniyada adı çəkilən digər azərbaycanlı jurnalist Ülviyyə Əli 2025-ci il mayın 7-də “Meydan TV işi” üzrə saxlanılıb.

Koalisiya onun 2016-cı ildən müxtəlif müstəqil media qurumları ilə əməkdaşlıq etdiyini, reportajlarında sosial ədalətsizlik, ayrı-seçkilik və insan hüquqlarının pozulması hallarını işıqlandırdığını qeyd edib.

Ülviyyə Əli ittihamları qəbul etmir. O, Meydan TV ilə əlaqəsinin olmadığını, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Kampaniyanın məqsədi nədir?

“Spreading the Echo” kampaniyası qadınlara qarşı gender əsaslı zorakılıqla mübarizəyə həsr olunan beynəlxalq 16 günlük fəallıq təşəbbüsü ilə əlaqədar keçirilir.

WHRDIC bu kampaniyanı üçüncü dəfə təşkil edir. Təşəbbüsün məqsədi müxtəlif ölkələrdə həbsdə saxlanılan qadın hüquq müdafiəçilərinin vəziyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və onların azad edilməsinə çağırış etməkdir.

Kampaniyaya “Front Line Defenders”, Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT) və digər beynəlxalq hüquq müdafiə təşkilatları dəstək verir.

Koalisiya həbsdə olan bütün qadın hüquq müdafiəçilərinin dərhal azad olunmasını tələb edir.

Aytac Tapdıq və Ülviyyə Əli “Meydan TV işi” üzrə həbsdə saxlanılırlar. İş üzrə jurnalistlərə qaçaqmalçılıq və digər iqtisadi cinayətlərlə bağlı ittihamlar irəli sürülüb. Onlar ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Azərbaycan hakimiyyəti isə jurnalistlərin peşə fəaliyyətlərinə görə həbs edilməsi barədə iddiaları rədd edir.

Ana səhifə ▸ Xəbərlər ▸ Məhbus jurnalistlər beynəlxalq hüquq müdafiəsi kampaniyasına daxil edilib