“AbzasMedia işi” üzrə həbs olunan Elnarə Qasımova anası ilə telefon danışığı zamanı saxlanma şəraitindən narazılığını bildirib.
Bunu Elnarə Qasımovanın anası Natavan Qasımova Meydan TV-yə deyib.
Natavan Qasımova bildirib ki, qızı Elnarə Qasımova və bu iş üzrə həbs olunmuş digər jurnalist Nərgiz Absalamovaya müəssisəyə köçürüləndən etibarən siqarət çəkilməyən otaqda saxlanılacağı deyilsə də, onlar siqaret çəkən məhbuslarla eyni kameralarda saxlanılırlar. Natavan Qasımova onu da qeyd edib ki, qızı bronxial astma xəstəsidir və siqaret onun səhhətində ciddi problemlər yarada bilər.
“AbzasMedia işi” üzrə hazırda 7 nəfər həbsdədir. 2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə qurumun direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı-jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.
Sentyabrın 26-da “AbzasMedia işi” üzrə həbsdə olan jurnalistlər – Sevinc Vaqifqızı, Elnarə Qasımova, Nərgiz Absalamova Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürülüb.
Natavan Qasımova həmçinin deyir ki, müstəqil mediada çıxan xəbərləri həbsxanaya aparsalar da, müəssisə rəhbəri bu xəbərləri jurnalistlərə vermir. Onun sözlərinə görə, jurnalistlər informasiya blokadasında saxlanılırlar.
“Müəssisə rəhbəri çap edib apardığımız xəbəri əlimizdən alıb baxır. Bizə deyirlər ki, qızlara verəcəyik. Sonrada öyrənirik ki, xəbərlər qızlara çatmır, vermirlər”.
Elnarə Qasımova telefon danışığı zamanı anasına deyib ki, Penitensiar Kompleksdə qadınlar üçün cəmi 2 kamera açılıb. Jurnalist bildirib ki, bu 2 kamerada hazırda ümumilikdə 12 qadın saxlanılır.