ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədr müavini Darrell İssa və Konqres üzvü Qas Bilirakis Qafqaz regionunda sülh və təhlükəsizliyi təmin etmək məqsədilə “Qafqazda Eskalasiyanın Qarşısının Alınması və Tərəfdaşlığın Gücləndirilməsi” (PEACE Act – H.R.5632) adlı qanun layihəsini təqdim ediblər.
Qanun layihəsinin təqdimatına dair yayılan press-relizdə qeyd olunur ki, bu təşəbbüs Azərbaycanın və Ermənistanın Tramp administrasiyası dövründə əldə etdiyi sülh sazişinin davamlılığını təmin etmək və regionda hər hansı təcavüz cəhdlərini önləmək məqsədi daşıyır.
Layihəyə əsasən, regionda hərbi təcavüz və zorakılıq göstərən şəxslərə və onların əlaqədar qurumlarına qarşı sanksiyalar tətbiq olunacaq, həmçinin bu şəxslərin ABŞ-dəki maliyyə aktivləri dondurulacaq və ölkəyə girişləri məhdudlaşdırılacaq. Bundan əlavə, Azərbaycanın neft satışına dəstək verən maliyyə institutları da qanun çərçivəsində məhdudiyyətlərə məruz qala bilər.
Ermənistanla Azərbaycan arasında münaqişə hələ 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi olub. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Avqustun 8-də ABŞ prezidenti Donald Tramp, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda görüşərək birgə bəyanat imzalayıblar. Sülh sazişi həmçinin hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanıb.
PEACE Act qanun layihəsi sentyabrın 30-da Nümayəndələr Palatasına təqdim olunub və Xarici əlaqələr, Ədliyyə və Maliyyə komitələrinə göndərilib. Hazırda layihənin komitələrdə müzakirəsi baş tutmayıb. Qanunun qüvvəyə minməsi üçün komitələr tərəfindən təsdiqlənməsi, Nümayəndələr Palatası və Senat tərəfindən qəbul olunması, sonda isə ABŞ prezidenti tərəfindən imzalanması tələb olunur.