Abbas Hüseynovun yenə “kars”a salındığı bildirilir

“Günahsız adama 20 il veriblər, ürəkləri soyumayıb, belə zülm eləyirlər”

Foto: Meydan TV

2015-ci ilin noyabrında Nardaran əməliyyatında ilahiyyatçı Taleh Bağırzadə və digərlərilə birlikdə həbs olunan Abbas Hüseynovun ailə üzvləri bir aya yaxındır ki, onun haqqında heç bir məlumat ala bilmir. Bu barədə Meydan TV-yə danışan ailə üzvləri bildirib ki, sonuncu dəfə Abbas mayın əvvəlində evlə telefonla əlaqə saxlayıb. Həmin vaxt da onun durumunun yaxşı olmadığını hiss ediblər:

“Qışqırıq səsi gəlirdi, belə başa düşdük ki, ona danışmağa imkan vermirlər. O vaxtdan bu yana zəng eləməyib. Sonra eşitdik ki, onu “karsa” salıblar. Səbəb isə Abbasın aclıq etməsi olub. Koronavirusa görə həbsxanaya sovqat buraxmırdılar, görüş qadağan edilmişdi. Məhbuslar müəssisədəki dükandan alıb yeyirdilər. Orada da məhsullar od qiymətinə idi, alıb yeyə bilmirdilər. Abbas deyirdi ki, necə olur, bizim ailəmizin gətirdiyi ərzaqda virus ola bilər, bu dükana gətiriləndə yoxdur? Məhbuslar ac qalırdı, alıb yeməyə pulları yox idi…”

Yaxınlarının sözlərinə görə, təxminən 15 gün əvvəl A.Hüseynovun aclıq aksiyası keçirməsi və buna görə cərimə kamerasına salınması xəbəri ictimailəşəndən sonra onu “kars”dan çıxarıblar. Ötən həftə həbs yerlərində sovqat qadağası aradan qalxandan sonra A.Hüseynovun yaxınlarından biri də 8 saylı cəzaçəkmə müəssisəsinə onun yanına gedib. Lakin ona deyilib ki, A.Hüseynov yenidən “kars”a salınıb.

“Bu müqəddəs ay boyunca Abbası “kars”da saxladılar. Bu qədər insafsızlıq olmaz axı… Adamın “günahı” bu olub ki, məhbusların acından öldüyünü deyir, tədbir görülməsini istəyir. Bir aya yaxındır ondan xəbər yoxdur. Stressdən anası çox pis vəziyyətə düşüb. Ramazan bayramı günü nə qədər gözlədi ki, bəlkə həmin gün çıxarıb, evlə bir kəlmə danışmasına imkan verərlər, onu da eləmədilər. Günahsız adama 20 il veriblər, bununla da ürəkləri soyumayıb, belə zülm eləyirlər”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirmişdi ki, A.Hüseynov aclıq etməsi barədə ərizə ilə müəssisə rəhbərliyinə müraciət etməyib. Məhbusların yeməklə bağlı problemlərinə gəlincə, M.Sadıqov deyir ki, onlara gündə üç dəfə kalorili yemək verilir. Müəssisənin daxilindəki dükanlarda qiymətlərin adi mağazalardan bir neçə dəfə baha olması haqda deyilənlər də həqiqətə uyğun deyil.

A.Hüseynov “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. O, hərəkatın sədri T.Bağırzadə ilə birlikdə 20 il azadlıqdan məhrum edilib. Onlarla birlikdə mühakimə olunan digər şəxslərə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran hadisələri zamanı həbs olunanlar onlara qarşı irəli sürülmüş terrorçuluq, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və s. ittihamların yalan olduğunu, həbs edilərkən işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edir.

Ana səhifəSiyasətAbbas Hüseynovun yenə “kars”a salındığı bildirilir