Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri rusiyalı-özbək milyarder Alişer Usmanov və rusiyalı iş adamı Mixail Fridmanın sanksiya siyahısından çıxarılması ilə bağlı razılığa gəliblər. Razılaşma Rusiyaya qarşı sanksiyaların daha uzun müddətə uzadılması ilə bağlı kompromisin tərkib hissəsidir.
“Reuters”in sentyabrın 22-də yaydığı məlumata görə, qərarın qarşısındakı əsas maneə olan Latviya son nəticədə səsvermədə bitərəf qalıb. Bununla da Usmanov və Fridmanın siyahıdan çıxarılması, digər təxminən 3 min fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlərin isə daha üç il uzadılması barədə razılaşmanın yolu açılıb. Qərarın hüquqi qüvvəyə minməsi üçün yazılı prosedurun tamamlanması gözlənilir.
Bu razılaşmaya bir gün əvvəl nail olmaq mümkün olmayıb. Sentyabrın 21-də “Reuters” Avropa diplomatlarına istinadən yazmışdı ki, Aİ səfirləri Usmanov və Fridmanın siyahıdan çıxarılması ilə bağlı ilkin razılığa gəlsələr də, Latviya həmin variantı dəstəkləməyib. Beləliklə, danışıqlar sentyabrın 22-də yenidən davam etdirilib.
Sanksiyaların uzadılması Aİ ölkələrinin yekdil qərarını tələb edir. İndiyədək Rusiyaya qarşı fərdi sanksiyalar əsasən altı aylıq müddətlərə yenilənirdi. Yeni razılaşma isə təxminən 3 min şəxs və quruma tətbiq olunan məhdudiyyətlərin üç il müddətinə uzadılmasını nəzərdə tutur. Sanksiyalar aktivlərin dondurulması və Aİ ərazisinə giriş qadağalarını əhatə edir.
Usmanovun sanksiya siyahısından çıxarılması məsələsini əvvəlcə Slovakiya gündəmə gətirib. Sentyabrda Fransa da bu mövqeyə qoşulub. Fransa tərəfi Usmanov məsələsini milli təhlükəsizliklə əlaqələndirsə də, konkret təfərrüat açıqlamayıb. Lüksemburq isə sonrakı mərhələdə Mixail Fridmanın da siyahıdan çıxarılmasını tələb edib. “Reuters”ə görə, Fridmanın Lüksemburqa qarşı təxminən 16 milyard dollarlıq arbitraj iddiasının olması bu ölkənin mövqeyinin formalaşmasında rol oynayan amillərdən biri kimi diplomatlar tərəfindən göstərilib.
Fransanın Usmanov məsələsində mövqeyi isə Aİ daxilində daha böyük mübahisəyə səbəb olub. “Reuters” sentyabrın 16-da üç avropalı diplomata istinadən yazmışdı ki, Paris Azərbaycanda saxlanılan iki Fransa vətəndaşı məsələsi ilə bağlı Bakıdan təzyiq gördüyünü bildirib və bu kontekstdə Usmanovun sanksiyalardan çıxarılmasına çalışıb. “Financial Times” və “Euronews” da Fransanın mövqeyini Azərbaycanda saxlanılan vətəndaşların azad edilməsi məsələsi ilə əlaqələndirən məlumatlar yayıb. “Euronews” mümkün razılaşmanın iki Fransa vətəndaşının azad edilməsini və Azərbaycanda prezident əfvi ehtimalını da əhatə edə biləcəyini yazıb. Fransa isə belə bir razılaşmanı açıq şəkildə təsdiqləməyib və məsələ ilə bağlı yalnız milli təhlükəsizlik arqumentinə istinad edib.
Azərbaycan tərəfi isə Fransaya bu məsələ ilə bağlı təzyiq göstərilməsi barədə xəbərləri rədd edib. Sentyabrın 18-də “Reuters”ə danışan yüksəkvəzifəli azərbaycanlı diplomat iddiaları “qəti əsassız” adlandırıb. O bildirib ki, Bakı Usmanovun Qərbin sanksiya siyahılarından çıxarılmasını açıq şəkildə dəstəkləyib, amma Aİ və ABŞ-nin sanksiya proseslərinə müdaxilə etməyib. Diplomatın sözlərinə görə, Azərbaycan digər Türk Dövlətləri Təşkilatı üzvləri ilə birlikdə 2023-cü ilin noyabrından 2025-ci ilin martınadək ABŞ və Avropa rəsmilərinə Usmanovun sanksiyalardan çıxarılmasını dəstəkləyən müraciətlər edib.
Meydan TV də sentyabrın 15-də məsələ ilə bağlı yazarkən Fransanın Azərbaycanda həbsdə olan vətəndaşlarının azad edilməsi müqabilində Usmanovun sanksiya siyahısından çıxarılmasına çalışdığı barədə “Financial Times”ın məlumatını yayımlamışdı. Həmin materialda Usmanovun siyahıdan çıxarılması məsələsinin Slovakiya və Fransa tərəfindən gündəmə gətirildiyi, Lüksemburqun isə Fridmanın da çıxarılmasını istədiyi qeyd olunurdu. Meydan TV həmin xəbərdə Azərbaycanda saxlanılan Fransa vətəndaşlarından Martin Ryan və daha əvvəl azad edilmiş Teo Klerk barədə də məlumat vermişdi.
Hazırda Azərbaycanda saxlanılan Fransa vətəndaşlarından biri Martin Ryandır. Fransa Milli Assambleyasının sentyabrın 1-də dərc etdiyi məlumatda digər Fransa vətəndaşı Anass Derrazın da Azərbaycanda həbsdə olduğu və 12 il azadlıqdan məhrum edildiyi, Ryanın isə 2026-cı il martın 16-da 10 il həbs cəzasına məhkum edildiyi bildirilir. Həmin sənəddə Fransa hökumətinin Ryanın dərhal azad edilməsinə çağırdığı da qeyd olunur.
Ryan casusluq ittihamı ilə mühakimə olunub. Azərbaycan məhkəməsinin məlumatına görə, o, ölkənin hərbi imkanları, silah istehsalı və idxalı, hərbi qulluqçular və Azərbaycanın digər dövlətlərlə hərbi əlaqələri barədə məlumat toplamaqda ittiham edilib. O, ittihamların bir hissəsini qəbul edib. Məhkəmə cəzasını çəkdikdən sonra onun Azərbaycandan deportasiya edilməsinə də qərar verib.
Aİ daxilindəki razılaşmaya Ukraynadan da etiraz gəlib. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa sentyabrın 21-də Usmanov və Fridmanın siyahıdan çıxarılmasını “qəbuledilməz” adlandırıb. O bildirib ki, bu addım Moskva üçün yanlış siqnal ola bilər və əksinə, sanksiya təzyiqinin artırılmasına ehtiyac var.
Usmanov və Fridman 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Aİ-nin fərdi sanksiyalarına məruz qalıblar. Aİ Usmanova qarşı məhdudiyyətlərin əsaslandırılmasında onun Rusiya Prezidenti Vladimir Putinlə “xüsusilə yaxın əlaqələrini” və Rusiya iqtisadiyyatının əsas sektorlarındakı maraqlarını göstərib. Usmanov isə bu əsaslandırmaları və ona qarşı irəli sürülən bir sıra iddiaları rədd edib və sanksiyaların ləğvi üçün Avropa məhkəmələrində hüquqi mübarizə aparıb.
Beləliklə, Aİ-də bir neçə həftədir davam edən mübahisə hazırda kompromislə nəticələnib: Usmanov və Fridman fərdi sanksiya siyahısından çıxarılır, digər minlərlə şəxs və quruma qarşı məhdudiyyətlər isə üç il müddətinə uzadılır. Bununla belə, qərarın formal olaraq qüvvəyə minməsi üçün yazılı prosedurun başa çatması lazımdır.