Umbakı həbsxanasında iki məhbusun zorakılığa məruz qaldığı bildirilir

İllüstrasiya: Meydan TV

Hazırda həbsdə olan Vüqar Eldarov və Müsəlman Birliyi Hərəkatının üzvü Vəli Allahverdiyevin Umbakı Qapalı Həbsxanasının rəisi Rəşad Yusifov tərəfindən zorakılığa məruz qaldığı bildirilir.

Bu barədə məhbusların yaxınları Meydan TV-yə məlumat verib.

Vəli Allahverdiyevin ailəsinin sözlərinə görə, bir müddət əvvəl o, 9 qadın jurnalist və 6 inanclı qadının azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirərkən cərimə kamerasına (karsa) salınıb.

Ailə bildirir ki, Allahverdiyev cərimə kamerasında olarkən yaxınlıqdakı böyük kamera ilə (xata) danışıb. Buna görə rejim inspektorunun rəisi Pərviz Gərəyzadə ona xəbərdarlıq edib.

“Xəbərdarlıqdan 15 dəqiqə sonra Vəlini müəssisə rəisi Rəşad Yusifovun yanına aparıblar. Vəli bizə dedi ki, ‘orada 8 gündür ac-susuz olduğumu nəzərə almadılar. Bir qolumdan Pərviz Gərayzadə, bir qolumdan da “depenka” (müəssisə işçisi-red.) tutdu. Sonra Rəşad Yusifov ardıcıl yumruq və təpik zərbələri endirməyə başladı. Bilmədim necə dənə vurdular’”, – deyə ailə danışıb.

Ailənin sözlərinə görə, Rəşad Yusifov baş verənlər barədə danışmaması üçün Vəli Allahverdiyevi təhdid edib. Onlar bildirirlər ki, Allahverdiyevin həbs müddətinin başa çatmasına bir ay qalıb və təhdidlər onun azadlığa çıxdıqdan sonra yenidən həbs oluna biləcəyi ilə bağlı olub.

“Rəis Vəliyə deyib ki, burada olanları kiməsə desən, sənin gününü qara edəcəyəm. Azadlığa çıxan kimi şəxsi işini korlayacağam və səni DTX-yə təqdim edəcəyəm. Mən burada məhkumları raundla döyürəm, elə bil idman zalıdır”, – deyə ailə bildirib.

Ailə bildirir ki, Allahverdiyev əvvəlcə bu təhdidlərə inanmayıb. Lakin daha sonra otaq yoldaşı Vüqar Eldarovun da eyni formada zorakılığa məruz qaldığını öyrənib.

Eldarovun ailəsinin sözlərinə görə, Rəşad Yusifov ona da zor tətbiq edib:

“Birinci raund döyüb yorulub, dincəlib, ‘ikinci raund’ yenidən döyüb”.

Vüqar Eldarovun ailəsi deyir ki, dəfələrlə Umbakı Penitensiar Xidmətinə getsələr də, onunla görüşə bilməyiblər. Onların sözlərinə görə, müəssisə rəhbərliyi hər həftə problemin həll olunacağını desə də, buna əməl edilməyib.

“Vüqarın döyülməkdən gözləri görmür. Neçənci dəfədir ki, eynək alırıq. Nə istəyirlər ondan bilmirik. Buna səbəb nədir, bilmirik. Niyə incidirlər? Onsuz da 11 ildir həbsdədir və 1 ayı qalıb çıxmalıdır”, – deyə ailə bildirib.

Ailə Vüqar Eldarovun hazırda aclıq aksiyası keçirdiyini, buna baxmayaraq zorakılığın davam etdiyini deyir.

“Hər dəfə müəssisədən qayıdanda xəbər alırıq ki, yenə Vüqar döyülüb. Rəis də deyir ki, ‘bir də olmaz, gedin, yaxşı olacaq’. Deyirəm ki, sabah Vüqarın başına bir iş gəlsə, cavab verəcəksiniz? O yerə gəlib ki, Vüqar artıq intihar etmək istəyir”, – deyə ailə bildirib.

Vəli Allahverdiyev 2014-cü ildə 12 il müddətinə həbs olunub. O, Cinayət Məcəlləsinin 181.2.1 və 181.3.2-ci maddələri ilə – quldurluq, bir qrup şəxs tərəfindən və külli miqdarda əmlak əldə etmək məqsədilə törədilən əməllərlə bağlı ittiham olunub.

Allahverdiyev həbs müddəti dövründə Müsəlman Birliyi Hərəkatına üzv olub.

Vüqar Eldarov 2015-ci ildə həbs olunub və 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətUmbakı həbsxanasında iki məhbusun zorakılığa məruz qaldığı bildirilir