“Gəncə məhbusu”, 18 il azadlıqdan məhrum edilmiş siyasi məhbus Ceyhun Qurbanov saxlanıldığı 1 saylı Cəzaçəkmə Müəssisəsində intihara cəhd edib.
Ailəsinin Meydan TV-yə verdiyi məlumata görə, buna səbəb Qurbanovun Penitensiar Xidmətin Tibb Baş İdarəsində lazımi tibbi yardım ala bilməməsidir.
“Ceyhun 6 yaşından epilepsiya xəstəsidir, üstəlik dizində və belində problemlər var. Epilepsiya dərmanları da təmin olunmur hər dəfə özümüz almalı oluruq. Dəfələrlə xəstəxanaya köçürülməsi üçün müraciət etmişik lakin cavab ala bilməmişik”, – deyə ailə bildirir.
Ailə deyir ki, Qurbanov sentyabrın 8-i Tibb Baş İdarəyə aparılıb. Amma orada müayinə edilmək üçün həkim tapılmayıb. Ailə, onun dizindəki yırtıqla bağlı əməliyyat olunması ilə bağlı tibb idarəsinə müraciət etsə də, müsbət cavab ala bilməyib.
Bundan sonra Qurbanov sentyabrın 19-da yenidən Cəzaçəkmə Müəssisəsinə qaytarılıb. Ailə bildirir ki, elə həmin gün o intihara cəhd edib:
“Müəssisəyə qayıdan kimi qollarını doğrayıb. Bizə başqa məhbus zəng etdi öyrəndik ki, “kars”a salınıb. İndi vəziyyətinin necə olduğunu bilmirik. Epilepsiya xəstəsi adamı “kars”a salıblar, üstəlik də qolları o halda”.
“Özüm “kars”a saldırmışam ki, ağıllansın”
Ailə bildirir ki, baş verənlərlə bağlı Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun müavini Anar Məmmədova müraciət etsələr də, faydası olmayıb.
“Anar Məmmədova zəng etdik dedi ki, hadisədən xəbərimiz var. Cavidin epilepsiya xəstəsi olduğunu və özünə xəsarət yetirdiyini dedik o isə cavab verdi ki, ‘xəbərim var, özüm “kars”a saldırmışam ki, ağıllansın. Ola bilər ki, göndərdik cəzasını qapalı rejimli həbsxanada çəksin.’ Dedik ki, işinizə müdaxilə edə bilmərik amma ağır xəstə adamdır, vaxtından tez bu adamı öldürməkdə məqsədiniz nədir?”, – deyə ailə bildirib.
Cavid Qurbanov 16 iyul 2018-ci ildə Gəncə hadisələrinə görə 18 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 29.120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10,120.2.11, 214.2.6, 214.2.1, 214.2.3, 277, 278.2 (hakimiyyəti zorla ələ keçirmə, dövlət və ya ictimai xadimin həyatına sui-qəsd, qrup halında terrorçuluq və s.) maddələri ilə ittiham olunur.
2018-ci il iyulun 3-də Gəncə şəhərində icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.
Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib.
İyulun 10-da axşam DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb.
Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.