4 nəfərin öldüyü qəzada təqsirli bilinən şəxs: Özümü günahkar saymıram

İttiham aktında yazılıb ki, Elşad Kəlbəliyev qaydalara əməl etməyərək, qəzanın qarşısını almaq imkanı olduğu halda, bunu etməyib.

Foto: Meydan TV


“Qurtuluş 93” yaşayış kompleksinin satış müdiri məhkəmə qarşısında

Bu ilin yayında Novxanı bağlar massivində "Range Rover" markalı maşınla 4 nəfərin öldüyü qəzanı törətməkdə ittiham olunan Elşad Kəlbəliyev özünü təqsirli bilmir. O, oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ittihama münasibət bildirərkən belə deyib.

Hakim İlham Mahmudovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.

İttihama əsasən, hadisə14 iyun 2021-ci ildə gecə saat 01.00 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. Qəzanın Elşad Kəlbəliyevin avtomobili sərxoş vəziyyətdə idarə etməsi və yol hərəkəti qaydalarını pozması nəticəsində baş verdiyi iddia olunur. İttiham aktında yazılıb ki, Elşad Kəlbəliyev qaydalara əməl etməyərək, qəzanın qarşısını almaq imkanı olduğu halda, bunu etməyib. Onun idarə etdiyi "Range Rover” markalı, “10 CO 002” dövlət nömrə-nişanlı avtomobil Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas”la toqquşub. Nəticədə sürücü Murad Ziyadov və onun avtomobilində olan üç nəfər – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində ölüb.

Elşad Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur. Bu maddədə 5 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

İttihamın elan olunmasından sonra hakim Elşad Kəlbəliyevdən özünü təqsirli bilib-bilmədiyini soruşub. O, özünü günahkar saymadığını deyib.

Məhkəmədə qərar verilib ki, təqsirləndirilən şəxs özünü günahkar saymadığına görə dindirmələr zərərçəkmişlərdən başlasın. Onlar noyabrın 5-də keçiriləcək növbəti məhkəmə iclasında dindiriləcək.

Bu hadisə ilə bağlı yayılan ilkin məlumatda qəza zamanı “Range Rover”də sükan arxasında avtomobil sahibinin yox, başqa şəxsin olduğu iddia edilirdi. Bir müddət sonra isə həmin vaxt avtomobili Elşad Kəlbəliyevin özünün idarə etdiyi bildirildi.

Elşad Kəlbəliyev Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, eyni zamanda bacısı oğludur. Onun özü də bu yaşayış kompleksinin satış müdiri olub. O həmçinin 2010-2020-ci illərdə fəaliyyət göstərmiş “Əlincə” futbol klubunun da prezidenti olub.

Ana səhifəSosial4 nəfərin öldüyü qəzada təqsirli bilinən şəxs: Özümü günahkar saymıram