2020: Kreslosunu itirənlər və vəzifəyə gətirilənlər

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb.

Source:


Korrupsiya həbsləri, sərəncamlar, təyinatlar…

Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan

edilib

.

Sərəncamda deyilir ki, “Könüllülər ili” gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə elan edilib.

Könüllü, könülsüz, 2020-ci ildə ölkədə xeyli kadr dəyişikliyi oldu.

Meydan TV ötən bir ildə vəzifəsindən kənarlaşdırılanlar, yeni vəzifəyə gətirilənlərə nəzər salıb.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev universitetin Xüsusi Texnika və Texnologiya fakültəsinin dekanı Ramiz Hüseynovu vəzifəsindən azad etdi.

Rektor Ramiz Hüseynovu tələbələrə qanunsuz olaraq formalar tətbiq etdiyinə görə vəzifəsindən kənarlaşdırdığını deyib: “İşində nöqsanlara yol verdiyi üçün öz xahişi ilə vəzifəsindən çıxarılıb”.

Eyni zamanda, ATU-nun Tədris hissəsinin müdiri İmran Yolçuyev da vəzifəsindən azad edilib. Rektor bunun səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə olduğunu söyləyib.

Dövlət Təhlükəsizlik Xidməti fevralın 20-də məlumat yayaraq, Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyini bildirdi. Əməliyyat nəticəsində icra başçısı İsmayıl Vəliyev də daxil olmaqla rayonun bir neçə vəzifəli şəxsinin həbs edildiyini açıqladı.

Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə günahlandırılır.

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev də işdən çıxarıldı. Yerinə Elnur Azadxanov təyin olundu.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqov tutduğu vəzifədən azad edildi.

Prezidentin sərəncamı ilə onu bu vəzifədə Nahid Rza oğlu Bağırov əvəz edib.

Nahid Bağırov bundan əvvəl Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin rəhbəri vəzifəsini tuturdu.

Prezidentin daha bir sərəncamı ilə Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 1989-cu ildə anadan olan Mirhəsən Seyidov 2014-cü il 27 iyun tarixindən “İrəli” İctimai Birliyinin sədri seçilib.

Martın 10-da deputat Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsinin bir neçə vəzifəli şəxsini saxlayıb. Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Emin Hüseynov, Kərim Hüseynov və Ramin Əliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə ittiham ediliblər.

Keçmiş deputat Elmira Axundova Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. O, bu vəzifədə Azər Xuduyevi əvəz edib.

Aprelin 4-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli vəzifəsindən azad edilib.

image_from_ios.png
Vüqar Səfərli və Əhməd İsmayılov

Əhməd İsmayılov isə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib.

İsmət Səttarov aprelin 6-da Milli Televiziya və Radio Şurasına (MTRŞ) yeni sədr seçilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun (RP) İsmayıllı rayonunda əməliyyat-axtarış tədbiri nəticəsində İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov həbs edilib.

Prezident İlham Əliyev aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu mayın 5-də vəzifəsindən azad olunub.

Prezident İlham Əliyevin mayın 6-da imzaladığı sərəncamla İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev vəzifəsindən azad olunub.

Əvvəllər ATV və İTV-də aparıcı olan Ceyhun Əli Milli Məclisin mətbuat katibi təyin edilib.

İmişli rayonunun həbs edilən sabiq icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev işdən çıxarılıb. Məhəmməd Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsində çalışırdı.

Prezident İlham Əliyev mayın 9-da mədəniyyət nazirinin müavini Rafiq Bayramov və nazirliyinin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovu vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Prezident İlham Əliyevin Fərmanı ilə Elnur Əliyev İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini olub.

O həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Samirə Musayeva və İlkin Vəliyev Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin ediliblər.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilən Mətin Eynullayev, həmçinin, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Elçin Yusubov, Rüstəm Şahbazov və Rafiq Cəlilov Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin ediliblər.

Sahib Məmmədov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin olunub. O həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.

Bir neçə rayonun prokuroru işdən çıxarılıb. Onlar Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov, Ağstafa rayon prokuroru Aslan Surxayevdi.

Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işindən kənarlaşdırılıb.

Səbəb kimi prokurorluqda qulluqda olmanın yaş həddinə çatmalarıdır.

Dövlət Təhlükəsizliyi Xidməti Respublika Prokurorluğu ilə birgə mayın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində apardığı əməliyyat barədə məlumat yayıb. Bildirilib ki, DSX-nin rəis müavini general-leytenant Əfqan Nağıyev, eyni zamanda, yüksək rütbəli hərbi qulluqçular və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıb.

efqan-1589607380.jpg
Əfqan Nağıyev

Saxlanılanlar rüşvətdə, dövlət vəsaitlərini məsimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirlər. Sonradan Əfqan Nağıyev bu ittihamlardan bəraət aldı.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev mayın 14-də vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev mayın 16-da imzaladığı sərəncamla Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov vəzifəsindən azad olunub.

Prezident İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev mayın 21-də İmişli və Ağstafa rayonlarına yeni icra başçılarını təyin edib.

Dövlət başçısının sərəncamlarına əsasən, İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Elçin Rzayev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə isə Seymur Orucov təyin ediliblər.

Gədəbəyə yeni prokuror təyin edilib. O, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Əli Babayevdir.

Prezident İlham Əliyevin sərəncamı ilə mayın 22-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov vəzifəsindən azad olunub.

Baş prokurorun birinci müavini Rüstəm Usubov və Baş prokurorun müavini Namiq Əsgərov tutduqları vəzifədən azad ediliblər.

Mayın 23-də Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.

Keçmiş deputat Hadı Rəcəblinin oğlu Vüsal Rəcəbli Energetika müşaviri təyin olunub. Vüsal Rəcəbli bundan əvvəl BEGOC-un Nəqliyyat Departamentinin dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri olub.

Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib. İcra Hakimiyyətinin baş memarı Akif Əliyev barəsində həbs-qətimkan tədbiri seçilib. Akif Əliyev Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədov həbs edilib. Səbəb kimi rüşvət alması göstərilir. Onun cinayət başında yaxalandığı bildirilir.

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev vəzifəsindən istefa verib.

İyulun 11-də Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.

1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru Ədalət Dadaşov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı sərəncamla Xarici işlər naziri Elmar Məmmədyarovu vəzifəsindən uzaqlaşdırıb. Dövlət başçısının digər sərəncamı ilə Ceyhun Bayramov təhsil naziri vəzifəsindən azad edilərək, Xarici işlər naziri təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət Nazirliyi ilə bağlı iyulun 20-də bir sıra sərəncamlar imzalayıb. Birinci müavinlərin sayını ikiyə çatdırıb.

Digər sərəncamları ilə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimovu vəzifəsindən geri çağıraraq, mədəniyyat nazirinin birinci müavini vəzifəsinə təyin edib. Daha sonra prezident onu mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs kimi təyin edib.

Prezident İlham Əliyevin iyulun 27-də imzaladığı sərəncamla Emin Əmrullayev Təhsil naziri təyin olunub.

424537409.jpg
Emin Əmrullayev

Prezident İlham Əliyev Azərbaycanın Türkiyənin İstanbul şəhərində yeni Baş Konsulunu təyin edib. Dövlət başçısının iyulun 28-də imzaladığı sərəncama görə, bu vəzifəni Nərminə Mustafayeva tutub.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) apardığı əməliyyatın təfərrüatları barədə məlumat yayıb.

Məlumata əsasən, əməliyyat nəticəsində nazirliyin İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev şübhəli şəxs qismində saxlanılıblar və məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib. Həmin şəxslər tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələri barədə əsaslı şübhələrin müəyyən edildiyi göstərilib.

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov həbs olunub.

Prezident İlham Əliyev avqustun 17-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun geri çağrılması haqqında sərəncam imzalayıb. Dursun Həsənov 2016-cı ilin dekabrından Azərbaycanı Gürcüstanda təmsil edirdi.

Prezident İlham Əliyevin avqustun 20-də imzaladığı sərəncamla Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev avqustun 24-də Biləsuvar və Saatlı rayonlarına icra başçıları təyin edib.

Dövlət başçısının sərəncamıyla Faiq Qürbətov Biləsuvar, Elmir Bağırov isə Saatlı rayonuna icra hakimiyyətinin başçısı təyin edilib.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyanın sədri İlham Əliyevə müraciət edib. Siyavuş Novruzov müraciətində onu partiyada tutduğu vəzifədən azad etməyi xahiş edib. YAP onun müracətini qəbul edib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb.

Ramiz Mehdiyev Əfv Komissiyasının sədri vəzifəsindən çıxarılıb. Ölkə baçısının sentyabrın 8-də imzaladığı sərəncamla Prezident Administrasiyasının (PA) rəhbəri Samir Nuriyev komissiyanın sədri təyin edilib.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev də vəzifəsindən kənarlaşdırılıb. O, 26 ildir bu işi görürdü.

Prezident İlham Əliyev dekabrın 8-də Namiq Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Ana səhifəSiyasət2020: Kreslosunu itirənlər və vəzifəyə gətirilənlər