Paşinyan Azərbaycanda saxlanılan erməni məhbuslardan danışıb

Paşinyan. Foto: Baş nazirin səhifəsi

“Ermənistan və Azərbaycan arasında bir neçə min itkin şəxsin taleyinin müəyyənləşdirilməsi məsələsi hələ də həll olunmayıb”.

Bunu sentyabrın 25-də Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycanla əməkdaşlıq etmək barədə razılığa gəlinib:

“Ermənistan Azərbaycanla minalardan təmizləmə məsələlərində əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırdır. Əlbəttə ki, Ermənistanda da münaqişə nəticəsində Azərbaycanda həbsdə olan ermənilərin geri qaytarılması gözlənilir”.

Paşinyan həmçinin deyib ki, hər iki ölkədə bəzi dairələrin, bəzən isə rəsmi şəxslərin qarşıdurma ritorikasından istifadə etməsi sülh prosesinə mənfi təsir göstərir və pessimizmi artırır:

“Düşünürəm ki, Ermənistan və Azərbaycan olaraq, bizim üçün qarşıdurma ritorikasından – istər tarix, istər tarixi-mədəni abidələr, istərsə də başqa məsələlərlə bağlı olsun – istifadə etməkdən daha dəyərli sayılmalı olan kifayət qədər nəticələr əldə etmişik”, – deyə o bildirib.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini tam bərpa edib.

Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri götürüləcəyi vurğulanır. Artıq iki ölkə arasında yükdaşımalar bərpa edilib.

Hazırda Azərbaycanda 19 erməni saxlanılır. Onların əksəriyyəti terrorçuluq, insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək uzunmüddətli həbsə məhkum edilib. Hazırda Umbakı Penitensiar Kompleksində saxlanılan erməni məhbuslar bugünlərdə ailələri ilə əlaqə, telefon və videozənglər, tibbi müayinələr, notariat xidmətləri və gəzinti hüquqlarının məhdudlaşdırılmasından narazılıq ediblər. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili isə bu iddiaları əsassız hesab edib. 

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, 1990-cı illərin əvvəllərində başlayan Qarabağ münaqişə nəticəsində 1008 erməninin itkin düşüb. Azərbaycan isə münaqişə nəticəsində 4000-ə yaxın azərbaycanlının itkin kimi qeydiyyata alındığını bildirib.

Ana səhifə ▸ Siyasət ▸ Paşinyan Azərbaycanda saxlanılan erməni məhbuslardan danışıb