Fatimə Mövlamlı: “Gəzinti yeri: 46 addımlıq düşüncə”

Fatimə Mövlamlı. İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı saxlanıldığı Bakı İstintaq Təcridxanasından məktub yazıb.

Məktub onun “Facebook” səhifəsində paylaşılıb. Yazını olduğu kimi təqdim edirik: 

Bir az əvvəl göydən ara-sıra çiskinləyən yağış indi yerini günəşli və sakit havaya verib. Tibb-Sanitar Hissəsinin gəzinti yerindəyəm. Bura saxlanıldığım kameradan sonra nəzarətçilərin müşayiəti olmadan hərəkət edə bildiyim yeganə məkandır.

Gəzinti yeri təxminən 3-4 metr hündürlüyündə divarlarla əhatələnmiş, üstü dəmir barmaqlıqlarla qapadılan, daş döşəməli bir həyətdir. Həyətin hər iki tərəfində yenə dəmir barmaqlıq olan uzun və ensiz pəncərə hissəsi var. Pəncərənin biri təcridxananın əsas korpusuna və inzibati binaya gedən yola tərəf açılır. Digərindən əsgərlərin 24 saat növbə çəkdiyi keşikçi məntəqəsi, onun arxasında isə üstü tikanlı dəmir məftillərlə çevrələnən hündür daş hasar görünür. Həmin hasar məhbusları ətraf dünyadan ayıran əsas fiziki səddir.

Gəzinti yerinə ilk dəfə bura gətirildiyim günün səhəri düşmüşdüm. Korpusun birinci mərtəbəsində yerləşən həyətin döşəməsini örtən qarın üzərində bərq vuran gün işığı gözlərimi qamaşdırmışdı. 2 mart 2025-ci il tarixli qeydlərimdən biri də məhz bu həyət barədədir:

“Axşamüstü saat 4-dür.

Gəzinti yerini ilk dəfədir görürəm. Bu yerə həbsxana jarqonunda “proqul” deyilirmiş. Bura uzağı 15 metr uzunluğunda, 5 metr enində daş koridordur. Amma kameranın darısqallığından sıyrıldıqdan sonra bu balaca gəzinti sahəsi adama həyət evinin bağçasını xatırladır: gülsüz-çiçəksiz, rəngsiz bağça.

İki gündür yağan qar indi-indi əriməyə başlayıb. Həyətin aşağı küncündə kiçik su gölməçəsi yaranıb. Qadın məhbuslar yuduqları pal-paltarı buradakı ipdən asıblar. Əriyən qar isə yuxarıdakı dəmir barmaqlıqlardan düz paltarların üzərinə damcılayır. Ona görə də hələ “quruyub” ümidilə paltarların ardınca gələn yoxdur”.

Gəzinti yerini addım-addım ölçürəm: əvvəldən axıra 23, o baş-bu baş 46 addım. Yeridikcə yadıma həbsimdən 1 il 4 ay, yəni 16 ay öncəki həyatım düşür. Onda gəzintilərim nəhayətsiz və vacib idi. Hər gəzinti reportajımın mövzusuna uyğun yerdə, sözü olan vətəndaşın ünvanında başa çatırdı. Sonra geri — evə tələsirdim: “Materialın montajı axşamacan çatmalıdır”. Bəzən o qədər piyada gəzirdim ki, küçələri də, özümü də əldən-ayaqdan salırdım. O vaxt addımlarımın sayı-hesabı bilinmirdi, indi isə say dəqiqdir: əvvəldən axıra 23, o baş-bu baş 46 addım.

“İndi bir mənəm gəzinti yerində,
Bir də dəmir barmaqlığın
Gün işığının üzərinə damğalanmış kölgəsi”, — yeridikcə öz-özümə şeirlər deyirəm.

Şeiri bu 16 ayda heç unutmamışam. Bildiklərimi təkrarlayır, yenilərini həvəslə öyrənirəm. Maraqlıdır ki, şeir, söz burada azadlıqda olduğundan daha çox təsirə malikdir. Məsələn, Xəttat Kilimçinin bu misralarını illər əvvəl oxumuşdum, lakin onu bütün həqiqiliyi ilə duyduğumu gəzinti yerində gəzişərkən xatırladıqda anladım:

“Bütün gedənlərin də bir səbəbi var idi,
Bütün qalanların da tək səbəbi — azadlıq”.

Gəzinti yerində kitab oxumaq xüsusilə zövqlüdür. Burada kitab səni hasarların, dəmir barmaqlığın məngənəsindən çəkib çıxarır, hara uzandığını bilmədiyin üfüqlərə doğru aparır. Məhkəmədə verəcəyim ifadəyə də bu həyətdə hazırlaşmışam. Mətni ucadan oxuyur, özümü auditoriya qarşısında hiss edir, səsimi yüksəltdikcə qeyri-ixtiyari addımlarımı da yeyinlədirdim. Amma nə qədər yeyin yerisəm də, bu daş həyətin icazə verdiyindən bir addım da əlavə atmaq olmurdu: əvvəldən axıra 23, o baş-bu baş 46 addım.

1 il 4 aydır ki, azadlığımın mövcud sərhədi bu rəqəmlərlə ifadə olunur. Sayın belə az olması ürəyinizi sıxmasın. Bu, həyatım boyu atdığım ən məhdud, amma ən sağlam addımlardır. Hər addımda ayağım yerə daha möhkəm dəyir. Başa düşürəm ki, bu gün bu həyatın çərçivələri arasında yeriməyimin səbəbi sabah yaşadığım ölkədə heç bir məhdudiyyət olmadan addımlamaq istəyimə görədir.

Bir gün yenə doğma Bakı küçələrini içində kameram, ştativim, mikrofonum olan ağır bel çantası ilə gəzib-dolaşacaq, reportajın montajını çatdırmaqdan ötrü evə sarı qaçaraq yeriyəcəyəm. O zamana qədər isə gəzinti yerində ürəyim rahat, sayı az olsa da, məğrur addımlarla gəzəcəyəm: əvvəldən axıra 23, o baş-bu baş 46 addım…

Fatimə Mövlamlı

Bakı İstintaq Təcridxanası

Ana səhifəHəbsxanadan məktublarFatimə Mövlamlı: “Gəzinti yeri: 46 addımlıq düşüncə”