HRW: Aytac Tapdıq tibbi yardımdan məhrum edilir

Aytac Tapdıq. İllüstrasiya: Meydan TV

“Human Rights Watch” (HRW) və Beynəlxalq Mətbuat İnstitutu (IPI) həbsdə olan “Meydan TV” jurnalisti Aytac Tapdığa (Əhmədova) zəruri tibbi yardım göstərilməməsini pisləyib və onun azadlığa buraxılmasını tələb edib.

“Human Rights Watch” bununla bağlı bəyanatında bildirib ki, jurnalistin səhhətində ciddi problemlər olsa da, ona mütəxəssis müayinəsi və zəruri diaqnostik prosedurlardan keçməyə imkan verilmir.

Təşkilatın məlumatına görə, Aytac Tapdığın burun çəpərində əyrilik və xroniki nəfəs darlığı var. Ailəsi və vəkili bildiriblər ki, o, həbsdə olduğu müddətdə nəfəs almaqda çətinlik çəkib və 20 ay ərzində 80 qutu burun açıcı spreydən istifadə edib.

HRW qeyd edir ki, Penitensiar Xidmətin ştatında qulaq, burun və boğaz (LOR) mütəxəssisi yoxdur. Aytac Tapdığın vəkilinin Ədliyyə Nazirliyinə müraciətinin cavabsız qaldığı, MRT və KT müayinələrinin aparılması ilə bağlı müraciətlərin isə rədd edildiyi bildirilir. Jurnalistə əvvəlki müayinələrin nəticələrinin də təqdim olunmadığı qeyd edilir.

IPI isə bəyan edib ki, Aytac Tapdığın təcili əməliyyata ehtiyacı olsa da, o, lazımi tibbi yardımdan məhrum edilir.

“Human Rights Watch” Azərbaycan hakimiyyətini Aytac Tapdığı dərhal müvafiq tibbi yardımla təmin etməyə və onun sağlamlıq vəziyyəti ilə bağlı məlumatları jurnalistin özünə və vəkilinə təqdim etməyə çağırıb.

Təşkilat həmçinin Aytac Tapdıq və digər həbsdə olan jurnalistlərə qarşı irəli sürülmüş ittihamların geri götürülməsini və onların azadlığa buraxılmasını tələb edib. HRW Avropa İttifaqı və Avropa Şurasını da Azərbaycan hakimiyyəti qarşısında bu məsələləri açıq şəkildə qaldırmağa çağırıb.

Bəyanatda Aytac Tapdığa qarşı rəftarın həbsdə olan jurnalistlərin vəziyyətinin pisləşməsinin daha bir göstəricisi olduğu bildirilir.

HRW-nin məlumatına görə, fevralın 18-də Aytac Tapdıq və həbsdə olan iki həmkarı Aysel Ümüdova və Xəyalə Ağayeva kameraya qəfil basqın zamanı fiziki zorakılığa məruz qalıblar.

Həmin ay müəssisədə ailə üzvləri ilə açıq görüşlərin də dayandırıldığı bildirilir. Daxili İşlər Nazirliyi Aytac Tapdığın anasının ölkədən çıxışına qadağa qoyub. İyunun sonunda isə jurnalistin dostları ilə telefon danışıqlarının kəsildiyi qeyd olunur.

Aytac Tapdıq və həmkarları mayın 1-də keçirilən məhkəmə iclasında “jurnalistika cinayət deyil” deyə etiraz etdiklərinə görə intizam tədbirləri ilə üzləşiblər.

IPI-nin də tərəfdaş olduğu Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platformasının məlumatına görə, hazırda Azərbaycanda 39 jurnalist həbsdədir. IPI bildirir ki, “Abzas Media”, “Meydan TV” və “Toplum TV” kimi müstəqil media qurumlarının həbsdə olan əməkdaşlarının adekvat tibbi yardıma çıxışdan məhrum edilməsi halları artır.

Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV”nin digər əməkdaşları ilə birlikdə həbs olunub. Ona əvvəlcə valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb, daha sonra digər maliyyə cinayətləri ilə bağlı ittihamlar əlavə edilib.

Hazırda o, qaçaqmalçılıq da daxil olmaqla Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham olunur. Aytac Tapdıq ittihamları qəbul etmir və həbsini Azərbaycan hakimiyyətinin müstəqil mediaya qarşı repressiyası ilə əlaqələndirir.

Onun və “Meydan TV işi” üzrə digər təqsirləndirilən şəxslərin məhkəmə prosesi davam edir. Hökmün nə vaxt elan olunacağı hələlik məlum deyil.

Human Rights Watch Aytac Tapdığı 2023-cü ilin noyabrından Azərbaycanda media azadlıqlarına qarşı başlayan təzyiq dalğası çərçivəsində izlədiyi və işini sənədləşdirdiyi 25 jurnalistdən biri kimi göstərir.

Ana səhifəSiyasi işlərHRW: Aytac Tapdıq tibbi yardımdan məhrum edilir