Nurlan Libre: “Azyaşlıların dijital “təhlükəsizliyinin qorunması haqqında qanunun” məkrli tərəfi”

Nurlan Libre. Foto: Meydan TV

“Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanlı) təcridxanadan yazır. Onun yazısını olduğu kimi təqdim edirik:

Bakı İstintaq Təcridxanasında olmağımdan heyfsləndiyim çox az sayda an mövcuddur. Uşaqların kibertəhlükəsizliyini ehtiva etdiyini iddia edən qanun layihəsi barədə televiziyada xəbər izləyəndə həmin anlardan birini yaşadım. Yeni qanun məndə məsələnin alt qatları olduğu fikrini formalaşdırdı. Azadlıqda olsaydım qanunla bağlı samballı bir reportaj hazırlayardım və fikirlərimi daha dəqiq ifadə edərdim. Artıq il yarımdır həbsdə olduğumu nəzərə almağınızı xahiş edirəm. İnformasiya blokadasındayam, yazını qələmə alarkən hər hansı ekspertlə məsləhətləşmək və ya həmin qanunun beynəlxalq praktikasını tətbiq etmək şansım olmayıb.

Sözügedən qanun dövlət nəzarətində olan mətbuatda azyaşlıların internet mühitində təhlükəsizliyini qorumaq üçün faydalı olduğu barədə təbliğatla başlayır. İlk baxışda “xoşməramlı nəzarət” illüziyasını formalaşdırır. Bu mənə Homerin “İlliada” dastanındakı bir hekayəni xatırlatdı.

Aqamemnon bütün yunan ordularını Troya qala-şəhərini işğal etmək üçün səfərbər etsə də illərlə davam edən mühasirə nəticə vermir. Təslim olmaq qərarına gəldiyi zaman onun imdadına Odissey adlı sərkərdənin parlaq ideyası gəlir. Belə ki, onlar geri çəkildiklərini bəyan edirlər və şəhər qapılarının kandarına taxtadan hazırlanmış böyük bir at heykəli qoyurlar. Troyalılar bunu məğlub olmuş düşmənin hörmət əlaməti olaraq verdiyi hədiyyə kimi qəbul edirlər. Heykəli şəhər meydanına gətirib, qələbəni bayram edirlər. Hər kəsin evinə dağılışdığı bir məqamda Odissey və seçmə döyüşçüləri heykəlin içindən çıxaraq, qala qapılarını açmağa müvəffəq olurlar. Nəticədə zor gücü ilə işğal edilə bilməyən şəhər hiylə ilə ələ keçirilir. Bu hekayə kollektiv şüurumuza “Troya atı” deyimini qazandırıb. Mövzu ilə bu hekayənin nə kimi bir əlaqəsinin olduğunu düşündüyünüzü bilirəm, amma bir az da sizi intizarda qoymaq istəyirəm.

Yaxın dövr tariximizə “Ərəb baharı” kimi düşən və bir sıra diktatorların devrilməsi ilə bitən ixtişaşların əsas cəhəti sosial şəbəkələr vasitəsilə təşkil edilmiş olmaları idi. Ərəb baharınadək inqilabi hərəkatlar vahid komandanlıq və konkret şəxslər tərəfindən idarə olunurdu. Beləliklə, əgər diktator həmin qrupu məhv etməyi bacarırdısa üsyan öz-özlüyündən dağılırdı. Ərəb Baharında isə etirazçıların vahid lideri yox idi. Sosial şəbəkələr vasitəsilə təşkilatlanırdılar və sürətli şəkildə mobilizasiya olurdular. Bu tendensiya ilə ayaqlaşa bilməyən tiranlar tarix səhnəsindən silinməyə başladı. “Ərəb Baharı” siyasi literaturamıza “dijital totalitarizm” terminini qazandırdı. Yeni nəsil avtoritarlar təkcə müxalifəti və kütləvi informasiya vasitələrini deyil, həm də sosial medianı da nəzarətdə saxlamağa çalışır.

Azərbaycanda sosial şəbəkələr vasitəsilə təşkil olunmuş ilk kütləvi etiraz aksiyası “Əsgər ölümünə son!” mitinqi idi. İlham Əliyev həmin dövrdən etibarən internetə müharibə elan etmək qərarına gəlsə də, o qədər də uğurlu olduğunu demək olmaz. Çünki inzibati resurslardan istifadə edir. Polislər sosial mediada aktiv olan gəncləri həbs edir, xaricdə fəaliyyət göstərən müstəqil mətbuata cinayət işi açır, amma yenə də yekun nəticə əldə etmək mümkün olmur. Mümkün olsaydı 19 oktyabr 2019-cu ildə Əli Kərimliyə görə bütün ölkənin internetini kəsməzdi. Bundan əlavə “Söyüdlü hadisəsi” kimi icma etirazlarına, xaricdə yaşayan ictimai fəalların hərəkətlərinə nəzarət etmək mümkün deyil. Sosial şəbəkələri qadağan etmək effektiv deyil. 44 günlük müharibə sağ olsun, bütün ölkə VPN-lə artıq tanışdır. Hətta İlham Əliyev belə bunun nə qədər mənasız olduğunu anlayıb, tvit ataraq ölkə ictimaiyyətinə səslənirdi. Həm də bu qadağa daimi tətbiq olunsa İlham Əliyevin imicinə beynəlxalq aləmdə zərər vura bilər. Geriyə tək bir yol qalır – o da YouTube (Alphabet şirkəti), Facebook, Instagram (META şirkəti) və s. Silikon Vadisi (Kaliforniyada bir ərazi) nəhənglərini Azərbaycanda nümayəndəlik açmağa məcbur etmək. Belə olan halda həmin şirkətlər dövlətin yurisdiksiyasını qəbul etməli olacaqlar. Bu o deməkdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bir qərarı ilə “Meydan TV”, “Toplum TV”, “Abzas Media” kimi müstəqil media subyektlərinin, Qənimət Zahidov, Mehman Hüseynov, Sevinc Osmanqızı kimi rejim əleyhdarlarının sosial media hesablarına girişi birdəfəlik qadağa edilə biləcək.

Bu, olduqca yayğın praktikadır. Məsələn, Türkiyə dövləti kürd silahlı birləşmələrini və fətullahçıları “terror təşkilatı” kimi tanıyır və ölkə daxilində hesablarına blok qoyur. Azərbaycanda da İlham Əliyevi tənqid edən bütün sosial media hesabları “dövlət əleyhinə açıq çağırış etmək” ittihamı ilə bağlanacaq. Yeri gəlmişkən, onlarla bloger barədə bu ittiham ilə qiyabi həbs qərarı çıxarılıb. Əslində bütün bunlar İlham Əliyevin arzusundan başqa bir şey deyil. Azərbaycan Türkiyə qədər önəmli ölkə deyil ki, “silikon vadisi” şirkətləri nümayəndəlik açmağa razı olsun. Onsuz da Azərbaycandan qazandıqları reklam gəlirləri serverlərimizin saxlanmağına güclə çatır. Həm də ABŞ Senatı Azərbaycan kimi şəxsi azadlıqların heçə sayıldığı ölkə ilə əməkdaşlıq etdiyi üçün həmin şirkətlərin CEO-larını çarmıxa çəkər. “Cambridge Analytica” skandalı ətrafında baş verən hadisələr hələ də yuxularına haram qatır.

Milli Məclisdə uzun illərdir sosial şəbəkələrə nəzarət etməklə bağlı müzakirələr gedir. Deputatlar dünənədək anonim rejim əleyhidarları ilə mübarizə metodu olaraq “şəxsiyyət vəsiqəsi ilə hesab açmağın zəruri edilməli olduğu” kimi absurd fikirlər səsləndirirdilər. Əllərindən gələn maksimum iş dezinformasiya ilə mübarizə və sosial mediada əxlaq normalarını tənzimləyən (mən buna ana-bacıları müdafiə qanunu deyirəm) qanunlar qəbul ediblər, bunlar da inzibati tənzimləmələrdir. 

Amma yeni qüvvəyə minən və azyaşlıların dijital təhlükəsizliyini qoruduğunu iddia edən qanun isə oxşarlarından tamamilə fərqlənir. Sözügedən qanun sosial media şirkətlərindən ölkə ərazisində qanuni nümayəndəlik açmağı tələb edir. Yuxarıda sadaladığım səbəblərə görə imtina etsələr Azərbaycan üçün “casus belli” yaranır və bundan istifadə edərək sözügedən şəbəkələrin ölkə ərazisində fəaliyyətini birdəfəlik dayandıracaqlar. Buna etiraz edən beynəlxalq ictimaiyyətə də deyəcəklər ki, “biz övladlarımızın təhlükəsizliyini qorumaq üçün bu tələbi irəli sürmüşük, qətiyyən rejim əleyhidarları olan anonim hesabların IP adreslərini əldə etmək kimi məkrli planımız yoxdur.”

Qanunun təbiəti etibarı ilə onsuz da mənası yoxdur. Uzun illərdir silikon vadisi azyaşlıların kibertəhlükəsizliyini qorumaq üçün baş sındırır. Qanunun məcmusu həmin fikirlər əsasında formalaşdırılıb. Qısaca biz deməsək də bunları edirlər, yeni nəsə istəmirik.

Bu qanunla razılaşan yeganə sosial şəbəkə Çin dövlətinin nəzarətində olan “TikTok” platforması olacaq. Çin şirkətlərinin çox da vecinə deyil ki, şəxsin azadlığını dövlət qarşısında müdafiə etmək. Bu qanundan əvvəl də Azərbaycan dövlətinin informasiya sorğularına canla-başla cavab verirdilər. Uzaq başı ölkədə nümayəndəlik açdıqlarına görə kağız-kuğuz, ofis xərcləri artacaq.

Mövzunu tamamlayarkən “Troya atı” hekayəsini bir daha xatırlatmaq istəyirəm. Burada Aqamemnon İlham Əliyev, At heykəli qanun layihəsi, Troya şəhər dövləti də “silikon vadisidir”. Odisseyin kim olduğunu bilmirəm. Milli Məclisdə bunu düşünəcək intellektə malik yeganə adam Erkin Qədirlidir. Amma mənə elə gəlir bu qanun hazır şəkildə Prezident Administrasiyasından gəlib. Yazını hazırlayarkən ağlıma Hikmət Hacıyev gəlirdi. Bu yazı dərc olunanda artıq mövzu gündəmdən düşmüş olacaq bəlkə də. Obyektiv səbəblərdən məni üzrlü sayasınız. Həm də istərdim media hüququ üzrə ekspert Ələsgər Məmmədli ilə də müzakirə aparım. Tərslikdən o da həbsdədir. Ümidvaram yanılıram və İlham Əliyevin heç bir məkrli planı yoxdur. Təəssüf ki, jurnalist instinktlərim məni heç vaxt yanıltmayıb.

Nurlan Libre

Ana səhifəTövsiyəNurlan Libre: “Azyaşlıların dijital “təhlükəsizliyinin qorunması haqqında qanunun” məkrli tərəfi”