ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının Direktorlar Şurası ABŞ və Ermənistanın birgə müəssisəsi olan TRIPP Development Company-nin yaradılmasını təsdiqləyib. Layihə 2,5 milyard dollar həcmində strateji investisiya paketinə daxil edilib.
“Kavkazski uzel” yazır ki, 2026-cı il mayın 26-da Yerevanda ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strateji tərəfdaşlıq haqqında Xartiya imzalayıblar. Sənəd ABŞ-Ermənistan əməkdaşlığının genişləndirilməsini və TRIPP layihəsinə dəstəyi nəzərdə tutur.
“Armeniatoday” nəşrinin məlumatına görə, TRIPP Development Company ticarətin, nəqliyyatın və iqtisadiyyatın inkişafına, həmçinin beynəlxalq, dövlətlərarası və ölkədaxili nəqliyyat əlaqələrinin genişləndirilməsinə kömək edəcək.
Korporasiyanın məlumatına əsasən, şirkət mühüm infrastruktur layihələrinin həyata keçirilməsinə dəstək verəcək. Söhbət dəmir və avtomobil yollarının, boru kəmərlərinin, fiber-optik şəbəkələrin və digər obyektlərin tikintisi və yenilənməsindən gedir. Layihənin məqsədlərindən biri də iqtisadi əməkdaşlıq yolu ilə sülhün möhkəmləndirilməsidir.
“Bu investisiya qərarları Birləşmiş Ştatların strateji məqsədlərinə uyğundur və tərəfdaş ölkələrlə uzunmüddətli əməkdaşlığın dərinləşdirilməsinə yönəlib”, — nəşr korporasiyanın baş direktoru Ben Blekin bəyanatından sitat gətirir.
TRIPP Development Company-nin yaradılması 2,5 milyard dollarlıq investisiya paketinin bir hissəsidir. Bu paketə enerji, infrastruktur və dağ-mədən sənayesi sahələrində layihələr də daxildir.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan layihə üzrə çərçivə sazişi imzalayıb. Bu barədə nazir Facebook səhifəsində məlumat verib.
Layihəyə əsasən, şirkətin səhmlərinin 74 faizi ABŞ hökumətinin yaradacağı quruma, 26 faizi isə Ermənistana məxsus olacaq. Şirkət layihənin icrası və idarə olunması üzrə geniş səlahiyyətlər alacaq. Sazişin ilkin müddəti 49 il olacaq və sonradan uzadıla bilər.
Sənəddə vurğulanır ki, Ermənistan TRIPP layihəsinin həyata keçiriləcəyi bütün ərazilər üzərində suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını saxlayır. Sazişə görə, sərhəd nəzarəti, gömrük funksiyaları, hüquq-mühafizə fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi Ermənistanın dövlət orqanlarının səlahiyyətində qalacaq.
Sənəd şirkət və onun törəmə qurumları üçün bir sıra vergi və investisiya güzəştlərini də nəzərdə tutur. Bundan başqa, saziş ABŞ-ın maliyyə cəlb olunmasına, sərhəd infrastrukturunun yenilənməsinə və layihənin həyata keçirilməsinə dəstək verməsini nəzərdə tutur.