Dialoqda iştirak edən partiyalardan “Media haqqında” qanun layihəsinə reaksiya

Media, siam.pukkato/Shutterstock

“Adını antimedia, yaxud “Senzura tətbiqi haqqında” qanun qoysaydılar, daha doğru olardı”

“Dəfələrlə hakimiyyət nümayəndələrinə demişik ki, “Media haqqında” qanun layihəsinin bu şəkildə qəbulu yolverilməzdir. Reaksiya belə oldu ki, üçüncü oxunuşda iradlarınız nəzərə alınacaq, amma nə nəzərə aldılar, nə də mürtəce maddələrin sənəddən çıxarılmasının şahid olduq”.

Bunu hakimiyyətlə dialoq platformasında olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Meydan TV-yə deyib.

Onun sözlərinə görə, “Media haqqında” qanun layihəsi Azərbaycanda mətbuatı tamamilə nəzarətə götürmək üçün düşünülüb və hazırlanıb:

Sərdar Cəlaloğlu, Meydan TV

“Layihə vətəndaşların konstitusiyanın informasiya yaymaq və vermək hüquqlarının üstündən xətt çəkir. Qanun bu şəkildə qəbul edilərsə, vətəndaşlar söyüş mətbuatının təsir altına düşəcək ki, bunun da nəticəsi ağır olacaq”.


Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun fikrincə, “Media haqqında” qanunun yalnız medianın yox, hər bir vətəndaşın susdurulmasına hesablanıb.

O deyir ki, sənəd hələ Milli Məclisə təqdim olunmamışdan öncə həyacan siqnalı veriblər: “Təəssüf ki, mətbuatın aparıcı insanlarının bir qismi bundan xəbərsizdir”.

M.Mirəlioğlu hesab edir ki, bu qanun Azərbaycanı bütövlükdə ötən əsrin 30-cu illərinə aparmaq cəhdidir:

Mirmahmud Mirəlioğlu, Meydan TV

“Layihənin adını antimedia, yaxud “Senzura tətbiqi haqqında” qanun qoysaydılar, daha doğru olardı. Son günlər Baş Prokurorluğun bir sıra məsələlərlə bağlı, konkert korrupsiyadan, rüşvətdən danışanlara xəbərdarlıqları, yaxud açıqlamaları olur. Elə Baş prokuror Kamran Əliyevə səlahiyyət versinlər, bəs edir. Daha qanunu Milli Məclisə göndərməyə nə ehtiyac vardı? Həmçinin Cinayət Məcəlləsinin həm də danışanlara tətbiq olunması haqqında düzəliş də etsəydilər, daha yaxşı olardı. Bununla da hakimiyyət medianı tam susdurmaq istəyini açıq şəkildə ifadə edərdi”.

Xalq Partiyasının sədri Pənah Hüseyn dekabrın 14-də qanun layihəsinə etiraz olaraq bəyanat yaydıqlarını vurğulayıb.

Partiya sədri bildirib ki, sənədin ikinci oxunuşda hər hansı düzəliş olmadan qəbul olunması çox pis haldır.
O, bir neçə siyasi partiyanın dövlət başçısı İlham Əliyevə qanuna veto qoyulması barədə müraciət etmək təşəbbüsü qaldırdığını deyib:

“Baxmayaraq ki, qanun layihəsi Prezidentin imzasıyla gəlib. Bütün hallarda qanun mahiyyətcə antidemokratik qanundur və bununla bağlı Prezident Administrasiyasının müvafiq şöbəsinə müraciət etmişik ki, nə üçün kənarda qalıblar. Hələ rəsmi orqanlara kollektiv şəkildə müraciət etməmişik”.

Pənah Hüseyn
Pənah Hüseyn, Foto: Meydan TV

Pənah Hüseyn qanunun işləməyəcəyi qənaətindədir:

“Ola bilsin ki, müəyyən maneələrə səbəb olacaq. Sənədi hazırlayanların məqsədinin nədən ibarət olduğu da məlum deyil. Hətta Milli Məclisdə ikinci oxunuşda keçən sənəddə elə məhdudiyyətlər var ki, Rusiyanın müvafiq qanununda yoxdur. Konkret, qanun layihəsində siyasi partiyalara mətndə tərifi verilən “audiovizual” və xüsusən “onlayn media” təsisçisi olmağı qadağan etmək bütövlükdə siyasi fəaliyyət azadlığının ciddi şəkildə məhdudlaşdırılmasıdır. Mən Media İnkişaf Agentliyinin direktoru Əhməd İsmayılovu debata dəvət etdim ki, gəlib bu məhdudlaşmaların səbəbini izah etsin, amma reaksiya yoxdur. Məsələ ondadır ki, layihənin sonunda yanvarın 2-də qüvvəyə minməsi göstərilib. Bu, sənədin üçüncü oxunuşda qəbul edilib dövlət başçısına imzalamağa göndərmək istəyinin olduğunu göstərir”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Pənah Hüseynin Prezidentə vetoyla bağlı müraciətinə dəstək verdiyini bildirib: “Əgər belə bir müraciət hazırlanarsa, dəstək verməyə hazıram”.

Sülhəddin Əkbər, Foto: Meydan TV

S.Əkbərin sözlərinə görə, o, ötən il Prezident Administrasiyasına yazılı təkliflər paketi verib:

“Özləri istəmişdi deyə verdim. Təkliflərdən biri “Azərbaycanın avtoritarizmdən demokratiyaya yumşaq keçid strategiyası” adlanır. Paketdə hərtərəfli və dərin demokratik islahatların aparılması, o cümlədən, media azadlığının tam təmin olunması nəzərdə tutulur. Prinsipial mövqeyimiz Azərbaycanda demokratiya və insan haqlarının genişləndirilməsi və inkişaf etdirilməsidir. Təbii ki, Milli Məclisin ikinci oxunuşunda qəbul olunan “Media haqqında” qanun layihəsi təklifimizə tamamilə ziddir. Partiyamız demokratiyanın, insan haqlarının məhudlaşdırılması istiqamətində atılan istənilən addıma qarşıdır”.

ReAl Partiyasını Milli Məclisdə təmsil edən Erkin Qədirli layihənin əleyhinə səs verib.

Milli Məclis “Media haqqında” qanun layihəsini dekabrın 20-də ikinci oxunuşda qəbul edib.

Ana səhifəSiyasətDialoqda iştirak edən partiyalardan “Media haqqında” qanun layihəsinə reaksiya