Erkin Qədirli: ““Jurnalistika azad peşədir, dövlət vəzifəsi deyil ki, biz bu fəaliyyəti belə bürökratlaşdıraq”

Milli Məclis, Foto: Milli Məclis

“Media haqqında” qanun layihəsi parlamentin birinci oxunuşundan keçdi

Dekabrın 14-də Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsi I oxunuşdan keçib.

Sözügedən qanun layihəsi parlamentin müvafiq komitələrinə təqdim olunduqdan sonra ictimaiyyət üçün açıqlanıb. Layihənin əksər maddələri media ekspertləri və müstəqil jurnalistlər tərəfindən tənqid edilib.

Media ekspertləri həmin qanun layihəsinin Jurnalistlərin Etik Kodeksinə və Konstitusiyanın ifadə və söz azadlığı ilə bağlı müvafiq maddələrinə, eləcə də ölkənin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə zidd olduğunu açıqlayıblar. Məsələn, qəbul olunan qanunda qeyd edilib ki, Media Reyestri yaradılacaq, buraya daxil edilmiş jurnalistlərə müəyyən güzəştlər veriləcək.

Resyterə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək.

Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək.

Jurnalist vəsiqəsinin etibarlılıq müddəti üç ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci üç iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.

Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.

Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistlər Media Reyestrindən çıxarıldığı gündən ən geci 3 iş günü müddətində jurnalist vəsiqəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.

Jurnalist vəsiqəsi verilmiş şəxslərin imtiyazları bunlardır:

Jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;

-Dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;
-Əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara bu qanunun 72-ci maddəsinə uyğun olaraq akkreditasiya olunduğu halda daxil olmaq;
-Bu qanunun 76.1.2–76.1.5-ci maddələrində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.

Çap mediası və onlayn media subyektinin təsis edilməsi ilə bağlı da qayda müəyyənləşib.

Layihəyə əsasən, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından yeddi gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir.

Dini məzmunlu çap mediası və onlayn media subyektinin təsis edilməsi ilə bağlı müraciətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın rəyi əlavə olunur. Çap mediası və onlayn media subyektlərinin adında Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının), beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının adlarından (özlərinin təsis etdikləri media subyektləri istisna olmaqla), habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadəyə yol verilmir.

Yeni qanuna əsasən, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.

Bu hallar dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.

Qanunda xarici media nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyət göstərməsi qaydası açıqlanıb.

Layihəyə əsasən, Azərbaycanda akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır.

Xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycanda da eyni məhdudiyyətlər qoyula bilər.

Erkin Qədirli, Foto: Real Partiyası

Müzakirə zamanı ReAL Partiyasının parlamentdəki təmsilçisi Erkin Qədirli bəzi müddəalara etiraz edib.

“Layihədə jurnalistikanın bürokratikləşməsi meylləri görünür”, – deyən deputat daha sonra əlavə edib:

“Jurnalistika azad peşədir, dövlət vəzifəsi deyil ki, biz bu fəaliyyəti belə bürökratlaşdıraq. Belədirsə, media Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçsin. Mən bu gün qanun layihəsinin lehinə səs verə bilməyəcəyəm. Cinayət zamanı ibtidai işlərlə bağlı məlumatların yayılması məsələsi var. Mediada yayımlanmış xəbər cinayət işinin başlanması səbəbi ola-ola, media bu xəbəri yaymaq üçün prosessual şəxslərdən icazə almalıdır. Bu, nəyə gərəkdir? Qanunda adı keçməyən prosessual şəxs var ki, o vəkildir. Jurnalist vəkildən aldığı məlumatı da yaymamalıdır? Bu müddəalar medianın işini məhdudlaşdırır. Keçid müddəalarında bu qanunun 1 yanvar 2022-ci ildən qüvvəyə minəcəyi yazılıb. Bu əminlik hardandır? Konstitusiyaya görə Prezidentin 56 günü var. Bəlkə dövlət başçısı bu qanunu son gün imzalayıb təsdiqləyəcək?”.

Azərbaycanın götürdüyü öhdəliklərə baxmayaraq, qanun layihəsi rəy üçün Avropa Şurası Venesiya Komissiyasına göndərilməyib.

Ana səhifəSiyasətErkin Qədirli: ““Jurnalistika azad peşədir, dövlət vəzifəsi deyil ki, biz bu fəaliyyəti belə bürökratlaşdıraq”