Parlament “Media haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul etdi

Milli Məclis, Foto: By aquatarkus/Shutterstock

İctimaiyyətin narazılığı nəzərə alınmadı

Milli Məclisin dekabrın 20-də keçirilən iclasında “Media haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Bildirilib ki, layihə Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

“Media haqqında” qanun layihəsi 9 fəsil, 78 maddədən ibarətdir.

Layihəyə əsasən, təsisçi fiziki şəxs olduqda Azərbaycanda daimi yaşayan Azərbaycanın vətəndaşı olmalıdır:

“Təsisçi hüquqi şəxs olduqda onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır. Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir. Audiovizual media subyektinin iştirakçılarının tərkibində hər hansı bir dəyişiklik edilməzdən bir ay əvvəl Şuraya məlumat verilməlidir. Şura dəyişikliyin bu Qanunun tələblərinə uyğun olması barədə bir ay müddətində əsaslandırılmış rəy verir. Verilmiş müsbət rəy əsasında audiovizual media subyektinin iştirakçılarının tərkibində edilmiş dəyişikliyi təsdiq edən sənədlər bir ay müddətində Şuraya təqdim olunmalıdır. Audiovizual media subyekti Şuraya, digər media subyektləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsisçiləri və iştirakçıları, habelə idarəetmə orqanının rəhbəri barədə məlumatı hər il dekabr ayının 30-dək təqdim etməlidir”.

“Media haqqında” qanun layihəsi dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşdan keçib.

Ardınca Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıblar.

Eyni zamanda, vətəndaş cəmiyyətinin nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış ediblər.

Ana səhifəSiyasətParlament “Media haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul etdi