Vüqar Bayramov: "Azərbaycanın valyuta gəlirləri artacaq"
Dünya bazarında neftin 1 barelinin qiyməti 71 dolları ötüb.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 2,64 faiz artıb.
1 barelə görə 71,15 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,45 faiz artıb. 68,61 dollara çatıb.
İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, neftin qiymətini OPEC+ ölkələrinin hasilatı gözləndiyindən daha az artırması və qlobal tələbin çoxalması yüksəldib.
İqtisadçı hesab edir ki, qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbin daha da artacağı gözlənilir: “Neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq. Azərbaycanın ümumi ixracatının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda, neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir”.
Vüqar Bayramov bildirib ki, Azərbaycana enerji ixracatından daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da yaxşıdır.
Sonuncu dəfə bu il martın 8-də "Brent" nefti 71 dollardan yuxarı satılıb.