İstifadəsiz hava limanları, xərclənən yüz milyonlar

Füzuli Beynəlxalq Hava Limanı. Foto: Azərtac

Ərazi baxımından kiçik sayıla biləcək bir ölkə olan Azərbaycanda şəhərlərarası əsas nəqliyyat vasitəsi avtobuslardır. Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ildə avtobusla daşınan sərnişinlərin ümumi sayı təqribən 1,9 milyard nəfər olduğu halda, bu rəqəm metro üçün 226 milyon, dəmir yolu üçün  10 milyon sərnişinə yaxın olub. Diqqət çəkən məqam hava nəqliyyatında sərnişin sayı ilə bağlı rəqəmlərdir. Belə ki, 2025-ci il ərzində cəmi təqribən 4 milyon sərnişin hava nəqliyyatından istifadə edib ki, bunun da təqribən 750 mini daxili uçuşlardan istifadə edib. Hava nəqliyyatından istifadə edən sərnişin sayı son 5 ilin rekord göstəricisidir.

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq hava limanlarının sayı 9-dur. Qarabağ işğaldan azad edildikdən sonra orada 3 yeni beynəlxalq hava limanı istifadəyə verilib: Füzuli, Zəngilan və Laçın hava limanları. Digər 6 hava limanı isə Bakıda, Gəncədə, Lənkəranda, Naxçıvanda, Qəbələdə və Zaqatalada yerləşir. Ancaq hava nəqliyyatında sərnişin daşımalarının əsas hissəsi Heydər Əliyev adına Beynəlxalq Aeroport üzərindən baş tutur.

Naxçıvan hava limanı digər regionlarda yerləşən hava limanlarına nəzərən daha aktiv fəaliyyət göstərsə də, FlightRadar 24 platformasının (bundan sonra platforma) məlumatına görə uçuşlar demək olar ki, yalnız Bakıya baş tutur. 20-27 oktyabr tarixlərində bu aeroportdan cəmi 71 gediş-gəliş baş tutub ki, bunların da hamısı Bakıya olub. Bu aeroportdan çox nadir hallarda beynəlxalq uçuşlar üçün istifadə edilir.

Gəncə aeroportu ölkədaxili uçuşlardan çox xarici ölkələrə uçuşların həyata keçirilməsi üçün istifadə edilir. 20-27 oktyabr tarixlərində 18 qalxış, 14 eniş baş tutub ki, bunların da böyük hissəsi Moskva istiqamətində olub.

Zaqatala hava limanı barədə platforma məlumat təqdim etmir. Qəbələ, Laçın, Zəngilan, Füzuli və Lənkaran aeroportlarından müntəzəm sərnişin daşıma üçün istifadə edilmir.

Bakı hava limanı digər hava limanlarına nəzərən daha aktiv şəkildə istifadə edilir. 20-27 oktyabr tarixlərində 708 qalxış, 742 eniş baş verib.

Azərbaycan Hava Yollarının rəsmi saytında Azərbaycan daxilində sərnişinlərin Bakıdan uça biləcəyi tək istiqamət Naxçıvan olaraq görünür. Başqa heç bir daxili istiqamətdə Bakıdan uçuş baş vermir. Gəncədən isə yalnız Naxçıvan istiqamətində uçuşlar baş tutur. Başqa sözlə, Bakıdan və Gəncədən yalnız bir şəhərə (Naxçıvan), Naxçıvandan isə 2 şəhərə (Bakı və Gəncə) daxili uçuşlar baş tutur. Naxçıvan-Gəncə uçuşları ayda 4 dəfə həyata keçirilir.

Beynəlxalq uçuşlar üçün ən çox istifadə edilən aeroport Bakı aeroportudur. Gəncə aeroportundan əsasən Moskva istiqamətində uçuşlar olur. Naxçıvandan çox nadir hallarda Moskvaya uçuşlar baş tutur.

Maraqlı nüans ondan ibarətdir ki, bu gün Azərbaycanda aktiv fəaliyyət göstərən 3 hava limanı (Bakı, Gəncə və Naxçıvan) Sovet hakimiyyəti illərində tikilib istifadəyə verilib. Hazırda aktiv fəaliyyət göstərməyən Qəbələ, Zəngilan, Füzuli, Laçın hava limanları Azərbaycanın müstəqillik illərində tikilib. Lənkəran və Zaqatala hava limanları isə Sovet dövründə tikilsə də istifadəyə yararsız olduğu üçün müstəqillik illərində bərpa edilib.

Lənkəran və Zaqatala hava limanlarının yenidən qurulması 2008-ci ildə, Qəbələ hava limanının tikilməsi 2011-ci ildə bitib. Lənkəran aeroportunun yenidənqurmasına 51,1 milyon, Zaqatala hava limanının yenidən qurmasına isə 27,5 milyon dollar sərf edilib. Qəbələ aeroportunun tikintisinə isə təqribən 90 milyon manat xərclənib. Bundan əlavə Zaqatala hava limanının 2017-ci ildə yenidən qurulmasına 27,8 milyon manat xərclənib. Beləliklə, Lənkəran, Zaqatala, Qəbələ hava limanlarının tikintisinə və yenidən qurulmasına ümumilikdə bu günün məzənnəsi ilə təqribən 250 milyon manat vəsait xərclənib. Ancaq bu hava limanları yalnız qısa dövrlərdə beynəlxalq uçuşlar üçün istifadə edilib. Belə ki, 2025-ci ildə Əbu-Dabi-Qəbələ reysi açılsa da, hazırda WizzAir-in rəsmi səhifəsində bu reysin açıq olmadığından belə nəticəyə gəlmək olar ki, bu reys dayandırılıb. 2021-ci ildə Qəbələ-Moskva reysinin açıldığı elan olunsa da, uçuşu həyata keçirən Nordwind hava yollarının rəsmi səhifəsində bu uçuşun açıq olmadığı görünür. Eyni şəkildə, Lənkərandan da bəzi vaxtlarda Moskvaya uçuş həyata keçirilsə də hazırda bu uçuşlar aktiv deyil. Beləliklə, tikintisinə və təmirinə ümumilikdə 250 milyon manata yaxın vəsait xərclənən 3 aeroport hazırda yalnız nadir hallarda helikopter uçuşları üçün istifadə edilir.

Bu üç aeroportun tikintisi və təmiri 2000-ci illərin son dövrlərinə təsadüf edir. Həmin dövrdə Azərbaycan iqtisadiyyatında neft bumu yaşanır, ölkəyə neft satışından ciddi maliyyə axını baş verirdi. Dövlət Statistika Komitəsinin məlumatına görə 2008-2014-cü illər ərzində Azərbaycanda tikinti-yenidənqurma işlərinə sərf edilən maliyyə təqribən 60 milyard manata yaxın olub. Bu dövrdə iri tikinti layihələrində korrupsiya və yeyinti halları beynəlxalq və yerli jurnalistlər tərəfindən araşdırılmışdı. Məsələn, “Bakı Kristal Zalı”nın tikintisi zamanı podratçı şirkətin prezidentin ailə üzvlərinə məxsus olması barədə Xədicə İsmayılın araşdırması, keçmiş nazirin övladlarının 63 milyon manatlıq tikinti kontraktları alması barədə araşdırmalar göstərir ki, həmin dövrdə tikinti layihələri hökumət üzvlərinə korrupsiya və yeyinti üçün geniş imkanlar açıb. Bu hallar həmçinin 3 ildə 3 şəhərdə aeroportların yenidən qurulmasının və yenisinin tikintisinin korrupsiya halları ilə müşayiət olunması ehtimallarını artırır.

Azərbaycanda istifadəyə verilən son 3 hava limanı işğaldan azad edilmiş Qarabağ ərazisində tikilib. 2021-ci ildə Füzulidə, 2022-ci ildə Zəngilanda, 2025-ci ildə isə Laçında yeni hava limanları açılıb. Bu hava limanlarının tikintisinə xərclənən vəsaitin dəqiq miqdarı bəlli olmasa da, iqtisadçı Qubad İbadoğlunun fikrincə təkcə Füzuli hava limanına 100 milyon manata yaxın vəsait sərf edilib. Bundan əlavə Füzuli hava limanının tikintisi zamanı hökumətə yaxın şirkətlərin iştirak etməsi Abzas Media tərəfindən daha əvvəl də araşdırılmışdı.

Daha bir diqqət çəkən məqam hava limanları arasında olan məsafələrdir. Qəbələ ilə Zaqatala arasında hava məsafəsi təqribən 120 kilometr, avtomobil yolu ilə məsafə isə cəmi 160 kilometrdir. Füzuli, Zəngilan və Laçın arasında hava məsafəsi təqribən 50-70 kilometr təşkil edir. Qəbələdən Zaqatalaya avtomobil ilə təqribən 2,5 saata çatmaq olur. Laçın, Zəngilan və Füzuli şəhərləri arasında avtomobillə təqribən 1,5-2 saat ərzində hərəkət etmək olur.

Bu aeroportların hərbi məqsədlər üçün də istifadə edilə biləcəyi fikri səsləndirilsə də, bu aeroportlar sivil aeroportlar hesab edilir. Buna baxmayaraq 5 ildə bu aeroportların heç birinə istisna hallar xaricində uçuş təşkil edilməyib.

Aeroportlar yalnız sərnişin daşınması üçün istifadə edilmir, onlardan həm də yük daşınması üçün də istifadə edilir. Ancaq hava nəqliyyatı ilə yük daşınması digər vasitələrlə müqayisədə ən sonuncu yerdədir. Belə ki, 2025-ci ildə avtomobil ilə 151 milyon ton, boru ilə 65 milyon ton, dəmiryolu ilə 17 milyon ton, dəniz nəqliyyatı ilə 9 milyon ton, hava nəqliyyatı ilə 397 min ton yük daşınıb. Hava nəqliyyatı ilə daşınan yükün ümumi daşınan yüklərin həcmində payı 0,2 faizdir.

Beləliklə, 2008-ci ildən bəri 6 aeroport tikilsə yaxud yenidən qurulsa da regionlarda olan hava limanları demək olar ki, istifadə edilmir. Naxçıvan və Gəncə hava limanları istisna olmaqla digər regional hava limanlarına hazırda müntəzəm reyslər təşkil edilmir. Həmçinin, sərnişin və yük daşınmasında hava nəqliyyatının payı digərlərinə nəzərən ən aşağıdır.

Ana səhifə ▸ Sosial ▸ İstifadəsiz hava limanları, xərclənən yüz milyonlar