Qubad İbadoğlu: Söyüdlü filiz yatağından xəbər yoxdur

“Yataqlara gəlincə, iqtisadçı bildirir ki, onlar arasında Ağduzdağ yatağı sənaye əhəmiyyəti daşıyır”

Source: Specify Source


"Belə çıxır ki, bu yataq əvvəlki kimi rusların idarəçiliyindədir"

“Azərbaycanın Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqları 30 il müddətinə Türkiyə şirkətlərinə verilib. Ancaq Söyüdlü (Zod) yatağından xəbər yoxdur. Bu barədə heç nə deyilmir. Belə çıxır ki, bu yataq əvvəlki kimi rusların idarəçiliyindədir”.

İqtisadçı Qubad İbadoğlu belə deyir.

O bildirir ki, bu işdə əsas olan şəffaflıq və hesabatlılıqdır, eyni zamanda, təbiətə ziyan vurulmasına da diqqət yetirilməlidir.

Prezident İlham Əliyevin mayın 29-da imzaladığı sərəncamla Azərbaycanın Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı Terkiyə şirkətlərinə həvalə edilib.

Sərəncama görə, Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib.

Sərəncamda həmçinin yataqların öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilələrin layihəsini üç ay müddətində hazırlayıb dövlət başçısı ilə razılaşdırmaqla müvafiq olaraq “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə imzalanması əskini tapıb.

Qubad İbadoğlu deyir ki, Türkiyən “Cengiz Holdinq”inə məxsus olan mis məhsullarının istehsalı üzrə ixtisaslaşmış “Eti Bakır A.Ş.” şirkətinin baş ofisi İstanbulda yerləşir.

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Cengiz Holdinq” İstanbul Hava Limanını, Azərbaycanda Şəmkirçay Su Anbarını tikib.

“Cengiz Holding”in sahibi və rəhbəri Türkiyənin məşhur iş adamı Mehmet Cengizdir: “O, “Eti Bakır A.Ş.” şirkətini 2004-cü ildə özəlləşdirərək Holdinqə qatıb. “Artvin Maden A.Ş.” Türkiyəli iş adamı Ömer Faruk Kalyoncuya aid olan “Zirve Holding” ortaqlığındadır”.

Yataqlara gəlincə, iqtisadçı bildirir ki, onlar arasında Ağduzdağ yatağı sənaye əhəmiyyəti daşıyır. Bu yataq Kəlbəcər rayonunun cənub-şərqində yerləşir.

Yataq ərazisində 100-ə qədər qızıllı kvars, kvars-karbonat damarı ayrılıb ki, onlardan 5-də sənaye əhəmiyyətli qızıl minerallaşması müəyyən olunub: “Qızılın orta miqdarı 6.72 q/t olub. Asan zənginləşməsini və qızılın çıxarılmasını, eləcə də topa qələviləşdirmə texnologiyasının tətbiqinin mümkünlüyünü nəzərə alaraq, qızılın nisbətən aşağı miqdarı (1.5 q/t-a qədər) qeyd olunan damarların və damarətrafı süxurların hesabına yatağın ehtiyatlarının 3-4 dəfə artırılması ehtimalı var. Elbəydaş və Ağduzdağ filiz yataqları Murovdağ ətəyindədir”.

Noyabrın 25-də 27 illik işğaldan sonra azad edilən Kəlbəcər rayonu ərazisində çox sayda filiz yatağı var.

İçlərində ən məşhuru Söyüdlü (Ermənistanda "Zod" və ya "Sot" adlanır) yatağıdır.

Azərbaycanın rəsmi araşdırmalarına görə, onun ehtiyatlarının təqribən 112 tonu qızılın payına düşür.

Ana səhifəİqtisadiyyatQubad İbadoğlu: Söyüdlü filiz yatağından xəbər yoxdur