Əkrəm Həsənov: Nazirlər Kabinetinin bu addımı qeyri-ciddiliyin təzahürüdür

“Bilmək olmaz, bəlkə, hər il belə qərarlar hansısa məmurların şəxsi istəklərindən irəli gəlir”.

Source: google.az


"Qərarın özü məntiqlidir, lakin gec verilib"

“İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi qeyri-ciddiliyin təzahürüdür”.

Hüquqşünas Əkrəm Həsənov Nazirlər Kabinetinin Ramazan tətili ilə bağlı 99 saylı Qərarı haqqında belə düşünür.

Mayda Azərbaycanda 7 gün ardıcıl iş olmayacaq.

Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 11, 12 may iş günlərinin yerini 8 və 16 mayla əvəzləyib. Bununla da Ramazan bayramı günləri (13, 14 may ) də daxil olmaqla, mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Əkrəm Həsənov deyir ki, qərarın özü məntiqlidir, lakin gec verilib: "Bunu ən azı əvvəlki ilin sonunda etmək lazım idi. Əksər ölkələrdə belə qərarlar ən azı əvvəlki ilin sonunda verilir, çünki il ərzində həm dövlət qurumları, həm də özəl sektor öz işlərini qabaqcadan planlaşdırmalıdır. Məsələn, məhkəmə iclaslarının günləri bəzən hətta 1-2 ay əvvəlcədən, səhmdarların ümumi yığıncağı 45 gün qabaqcadan təyin olunur. Sahibkarlar, xarici investorlar, adi vətəndaşlar və s. müəyyən işlərinin, tədbirlərinin gününü əvvəlcədən təyin edir, buna görə ölkəyə gəliş-gedişini planlaşdırır, təyyarə bileti alır və s. Mən hələ insanların öz istirahətini qabaqcadan planlaşdırmağını demirəm. İşgüzar yanaşma da məhz budur. Əks yanaşma isə volyuntarizmdir”.

Hüquqşünas qərarın gec verilməsindən təəssüfləndiyini deyir: "Nazirlər Kabineti hər il belə qərarları bir neçə gün (və ya həftə) qalmış qəbul edir. Bununla da həm ölkədə qeyri-işgüzar mühitin olduğunu, həm də bütövükdə hökumətin başqalarına qeyri-ciddi yanaşmasını təsdiq edir. Halbuki sahibkarlığa dəstək, investisiya mühitinin yaradılması məhz belə sadə şeylərdən başlayır və ölkədəki biznes mühiti haqqında təəssürat yaradır. Ciddi olmaq, hər şeyi xeyli əvvəldən planlaşdırmaq lazımdır. Yalnız uzunmüddətli perspektivə işləyən ölkələr uğur qazanır, yəni illərlə öncəni planlaşdırırlar. Bizdə isə sadə məsələlərdə aylıq planlaşdırma belə yoxdur”.

411968414.jpg
Əkrəm Həsənov

Əkrəm Həsənov hesab edir ki, belə qərarlar məmurların şəxsi istəklərinə söykənməməlidir: "Bilmək olmaz, bəlkə, hər il belə qərarlar hansısa məmurların şəxsi istəklərindən irəli gəlir".

Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı 2020-ci ilin martından karantin rejimi tətbiq olunub. Həftə sonları ictimai nəqliyyat işləmir.

9-15 may tarixlərində nəzərdə tutulan qeyri-iş günlərində də ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək.

COVID 19 virusu 2019-cu ilin sonlarında Çində aşkarlanıb və dünyaya yayılmağa başlayıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3 milyondan çox şəxsin vəfat etdiyi bildirilir.

Rəsmi məlumata görə, indiyə kimi Azərbaycanda ümumilikdə 303858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267485 nəfər sağalıb, 4203 nəfər vəfat edib. Ən son açıqlanan statistikada aktiv xəstə sayının 32170 nəfər olduğu bildirilib.

Qeyd olunur ki, Azərbaycanda ev şəraitində müalicə alan koronavirus xəstələri də var.

Ana səhifəİqtisadiyyatƏkrəm Həsənov: Nazirlər Kabinetinin bu addımı qeyri-ciddiliyin təzahürüdür