İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti narazılıqlara cavab verdi
“Facebook”da bəzi istifadəçilər “Access Bank”ın bir sıra əməliyyatlar zamanı plastik kartlarından 18 faiz vergi tutduğunu yazıb.
İstifadəçilər kart balanslarından heç bir xəbərdarlıq olunmadan yüksək məbləğdən pulların çıxıldığını iddia edirlər.
Vüsal Əli adlı istifadəçi bildirib ki, iş yoldaşının kartından 170 manat ƏDV sililib:
“Dedilər ki, taksi, alış-veriş və sair ƏDV-lər çıxılmayıb, indi çıxırlar”.
Natiq Xəlilov isə deyir ki, “İvi”, “Netflix” üçün də ƏDV tutulub:
““Booking”-ə görə də veri tutulmuşdu, pulu geri qaytardım”.
“Access Bank”ın mətbuat katibi Sərvinaz Ələkbərova Meydan TV-yə bildirib ki, bank 2020-2021-ci illərdə xarici əməliyyatlar həyata keçirmiş müştərilərinin hesablarından ƏDV tutur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 173.1-ci maddəsinə əsasən, 20 yanvar 2020-19 fevral 2021 tarixləri arasında aparılmış elektron ticarət və ya onlayn xidmətlərə görə fiziki şəxslər 18 faiz dəyərində ƏDV ödəməlidir:
“Bundan başqa, vergi orqanlarında qeydiyyatdan keçməmiş və onlayn xidmətlər alan fiziki şəxslər, həmçinin xarici ölkələrdə təşkil olunan lotereyaların, digər yarış və müsabiqələrin iştirakçıları olan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan dövr üçün ƏDV ödəməlidirlər.
Cari vergi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 173.1 bəndinə əsasən, 2017-ci ildən tutulur. Vergi əməliyyatı icra edən yerli bank və ya xarici bankın ölkədəki filialları tərəfindən vətəndaşın hesabından silinərək dövlət büdcəsinə ödənilir. Texniki səbəblərdən bank cari vergini 20.01.2020-19.02.2021 tarixləri ərzində tutmayıb.
“AccessBank”, müştərilərinin rahatlığı üçün ƏDV-ni onların bank hesablarından silir. Müştərilərə anlayışları üçün təşəkkür edir və proseslə bağlı olaraq, hər hansısa sualları yarandığı halda “AccessBank”ın 151 Əlaqə mərkəzinə müraciət etmələrini xahiş edirik. Bu proses tək “AccessBank”da deyil, digərlərinə də şamil olunur”.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Meydan TV-nin sorğusunu cavablandırarkən qeyd edib ki, qanunvericiliyin müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında alınan xidmətlərə (işlərə) görə ödənilən məbləğdən ƏDV-nin tutulması vəzifəsi banklar tərəfindən icra olunur. Bu halda banklar vergi agenti kimi çıxış edərək, həyata keçirilən hər bir tranzaksiya üçün verginin hesablanmasını və ödənilməsini həyata keçirir:
“Plastik kartlar vasitəsilə aparılan bütün növ ödənişlərdən 18 faiz ƏDV-nin tutulması ilə bağlı vergi qanunvericiliyində hər hansı yeni dəyişiklik edilməyib. Vətəndaşlar və vergi ödəyiciləri üçün əlavə vergi öhdəlikləri müəyyən edən hər hansı yeni müddəalar tətbiq olunmayıb. Plastik kartlar vasitəsilə nağdsız qaydada aparılan ödənişlər üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.
Fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları aşağıdakı əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur:
– xaricdən malların alınmasına görə ödəniş;
– xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş;
fiziki olaraq xaricdə alınan (istehlak edilən) iş və xidmətə görə ödəniş.
Ölkə daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlara plastik kart vasitəsilə nağdsız qaydada ödənilən məbləğlərdən əlavə olaraq ƏDV tutulmur. Ölkədə fəaliyyət göstərən ƏDV ödəyicilərindən alınmış mal, iş və xidmətlər üçün hesablaşmalarda ƏDV məbləği son qiymətdə öz əksini tapır”.
Qeyd olunur ki, ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergi tutulmur. Əksinə, qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq təşviqlər nəzərdə tutur:
“Pərakəndə ticarət və ictimai iaşə sektorunda çalışan sahibkarların dövriyyəsində POS-terminal vasitəsilə nağdsız qaydada əldə olunan gəlirin həcminə uyğun olaraq mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə güzəştlər tətbiq edilir. Vətəndaşlar isə nağdsız qaydada həyata keçirdikləri alış-verişə görə, nağd qaydada həyata keçirdikləri alış-verişə nisbətdə 5 faiz daha çox ƏDV-ni geri ala bilirlər (nağd ödənişlər zamanı ƏDV-nin 10 faizi, nağdsız ödənişlər zamanı isə ƏDV-nin 15 faizi vətəndaşa qaytarılır)”.
Qanunvericiliyə görə informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir.