"Mərkəzi Bank rayonlara aşağı faizli kredit ayıran banklara güzəştlər etməlidir"
Bölgələrdə kredit faizləri Bakıdakından yüksəkdir.
İqtisadçı-deputat Vüqar Bayramov da deyir ki, rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edir: “Mərkəzi Bankın məlumatına görə, bankların ən yüksək kredit faizləri Yuxarı Qarabağ iqtisadi rayonundadır. Yəni Füzuli, Ağdam və Tərtər rayonlarında yaşayan vətəndaşlarımız və iş adamları daha yüksək faizli kredit götürmək məcburiyyətindədirlər. Bu iqtisadi rayon üzrə orta kredit faizi 24.25 faizdir”.
Onun sözlərinə görə, Dağlıq Şirvan və Aran iqtisadi rayonları da yüksək kredit faizlərinə görə fərqlənir. Ümumiyyətlə, rayonlarda kredit faizləri Bakı ilə müqayisədə orta hesabla 2 dəfədən çox artıqdır: “Mərkəzi Bankın rayonlarda fəaliyyət göstərən sahibkarlara daha ucuz kreditlərin verilməsini təşviq etməsi çox vacibdir. Bu zaman xərclərin bir hissəsinin subsidiya edilməsi, rayonlara aşağı faizli kredit ayıran banklara əlavə güzəşlərin verilməsi mexanizmdən istifadə oluna bilər”.
İqtisadçı Rövşən Ağayev isə Mərkəzi Bankın rayon və şəhərlər üzrə kreditlərin həcminə dair statistikası əsasında araşdırma aparıb.
O deyir ki, ölkə əhalisini kvintil qrupları (əhalinin 20 faizlə 5 bərabər hissəyə bölünməsi) üzrə böldükdə, iqtisadiyyata ayrılan bütün kreditlərin paylanmasının mənzərəsi belədir: “Kreditləşmədən ən böyük pay alan 1-ci kvintil qrup bütün kreditlərin 80 faizinə, ən kiçik pay alan kvintil qrup isə 2.5 faiz paya sahib olub”.
İqtisadçı bildirib ki, digər qruplar üzrə sıralama belə olub: "2-ci kvintil üzrə 9,8 faiz, 3-cü kvintil üzrə – 4,6 faiz, 4-cü kvintil üzrə -3,1 faizdir".
Bir müddət əvvəl Mərkəzi Bank bu il hansı regionun nə qədər kredit alması ilə bağlı rəqəmləri də açıqlayıb.
Martın 1-nə bankların ayırdığı kreditlərin ümumi məbləği 14 milyard 246,1 milyon manat olub. Bunun 11 milyard 360,7 milyon manatı Bakı şəhərinin payına düşür.
Kreditlərin həcminə görə siyahıda ikinci yerdə Sumqayıt, üçüncü yerdə isə Gəncə şəhərləridir.
İlk onluqda Şirvan, Bərdə və Zaqatala da var. Ən az kredit alan rayonlar isə Xızı və Sədərək olub.