"Azərbaycanda dövlət büdcəsi daha çox neft pulları hesabına formalaşır"
“Büdcəyə neft pulları transfert edilməsə, qeyri-neft sektorunun hazırkı potensialı ilə ən vacib xərclərin hər 3 manatdan 1-i kəsirdə qalacaq. Bildiyiniz kimi büdcə yalnız cari xərclərdən ibarət deyil”.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir.
Bildirir ki, uzun illərdir Azərbaycanda dövlət büdcəsi daha çox neft pulları hesabına formalaşır. Neftsiz büdcə dövlətin cari xərclərini belə tam ödəmir: “2021-ci ildə dövlət cari xərclərə 18,01 milyard manat vəsait ayıracaq. Bu, ümumi xərclərin 63,1 faizidir. Gələn il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 45,8 faizi və ya 11,65 milyard manatı qeyri-neft sektorunun payına düşəcək. Beləliklə də, qeyri-neft sektorunun gəlirləri ən yaxşı halda cari xərclərin 64,7 faizinə bəs edəcək. Bu isə o deməkdir ki, gələn ilin büdcəsinin 29,2 faizi və ya 8,3 milyardı əsaslı xərclərə, 7,7 faizi və ya 2,2 milyard manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək”.
Qubad İbadoğlu deyir ki, Azərbaycanın büdcə mövqeyi başqa ölkələrlə müqayisədə neft gəlirləri çıxılarkən xeyli zəifləyir.
2021-ci il dövlət büdcəsinin gəlirləri 25427,0, xərcləri isə 28543,0 milyon manat proqnozlaşdırılır.
2021-ci il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 12,2 milyard manat məbləğində nəzərdə tutulub.
Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə eyni səviyyədə, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 835,7 milyon manat və ya 7,4 faiz çoxdur.
Gələn il üzrə proqnozlaşdırılan Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 54,2 faizi və ya 13 776 mln. manatı neft sektorunun, 45,8 faizi və ya 11 651 mln. manatı qeyri-neft sektorunun payına düşür.
Qubad İbadoğlu deyir ki, proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin hər 100 manatından 54 manat 20 qəpiyi neft sektorunun, 45 manat 80 qəpiyi qeyri-neft sektorunun payına düşəcək.
Büdcə zərfinə daxil olan layihələr Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Büdcə zərfinə “2021-ci il dövlət büdcəsi haqqında”, “2021-ci il üçün yaşayış minimumu haqqında”, “2021-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.