Rövşən Ağayev: Hökumət heç vaxt olmadığı qədər daxili borclanmaya getmək istəyir

“Sadəcə bizim büdcə informasiya açıqlığı və şəffaflığı sahəsində hələlik o səviyyəyə çatmayıb ki, bu cür detallarla bağlı açıqlamalar olsun”.

Source: Arxiv


"Dövlət büdcəsi gəlirlərinin 1 mlrd. manatdan çox artımı qeyri-vergi mənbələri hesabına təmin ediləcək"

2021-ci il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 12,2 milyard manat məbləğində nəzərdə tutulub. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə eyni səviyyədə, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 835,7 milyon manat və ya 7,4 faiz

çoxdur

.

Gələn il üzrə proqnozlaşdırılan Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 54,2 faizi və ya 13 776 mln. manatı neft sektorunun, 45,8 faizi və ya 11 651 mln. manatı qeyri-neft sektorunun payına düşür.

Neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 88,6 faizi və ya 12 200 mln. manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 11,4 faizi və ya 1 576 mln. manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

2021-ci ildə Azərbaycanda sair daxilolmalar üzrə dövlət büdcəsində 236 milyon manat vəsait nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 144 milyon manat və yaxud 2,6 dəfə azdır.

Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,2 daiz həcmində olmaqla 3,9 milyard manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 70 milyon manat və ya 1,8 faiz çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 508,6 milyon manat və ya 11,5 faiz azdır.

Dövlət büdcəsindən verilmiş kreditlər üzrə daxilolmalar 44,8 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 39,8 milyon manat və ya 9,1 dəfə çoxdur.

İqtisadçı Rövşən Ağayev deyir ki, 2021-ci ilin büdcəsi iqtisadiyyatın (istər biznesin, istərsə də ev təsərrüfatlarının) suyunu çıxarıb büdcə üçün resurs almaq imkanın artıq tükəndiyinin etirafıdır.

Onun sözlərinə görə, əslində bu sıxma-boğma, "şirəçıxarma" prosesi devalvasiya dövründə başladı, pandemiya ilində pikə çatdı. İndi biznes çökmüş vəziyyətdədir: “Niyə bu nəticəyə gəldiyimin səbəbini də deyim: indiyə qədər dövlət şirkətlərindən büdcəyə 3-5 mln. manat dividend alan hökumət gələn üçün həmin mənbədən 168 milyon manat cəlb etməyə qərar verir. Yəni indiyə qədər aldıqlarından az qala 40-45 dəfə çox. Hökumət heç vaxt olmadığı qədər daxili borclanmaya getmək istəyir – 2 mlrd. manat həcmində”.

İqtisadçı deyir ki, dövlət büdcəyə Borcların Təminat Fondundan 880 mln. manat, Mərkəzi Bankın mənfəətindən 250 mln. manat cəlb etməyi planlayır: “Halbuki son 3 ildə Mərkəzi Bankın mənfəətinə büdcə ehtiyac hiss etmədiyi üçün Təminat Fonduna yönəldilirdi. Təminat Fondunun büdcə köçürülməsinə gəldikdə, Fondla bağlı qaydaların 3.2-1-ci maddəsinə görə, dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda ayrılmış vəsait dövlət borcuna xidmət xərclərinin icra edilməsi üçün kifayət etmədikdə həmin xərclərin çatışmayan hissəsi Təminat Fondu hesabına icra edilir. 2020-ci ilin əvvvəlinə Təminat Fondunda 1.228 mlrd. manat toplanmışdı (əsasən Mərkəzi Bankın mənfəətindən köçürmələr hesabına)”.

rovsen.jpg
Rövşən Ağayev

Rövşən Ağayevin fikrincə, vergi gəlirləri demək olar ki, artmır. Dövlət büdcəsi gəlirlərinin 1 mlrd. manatdan çox artımı yuxarıda qeyd olunan qeyri-vergi mənbələri hesabına təmin ediləcək: “Gələn il üçün proqnozlaşdırılan fiskal defisit (7 mlrd. manatdan) çox son 10 illiyin ən ağır ili kimi tarixə düşən 2015-ci ildə belə yaranmadı. Həmin il fiskal defisit 2 mlrd. manat ətrafında olmuşdu. Təhlilçilər üçün bir vacib məqamı da deyim: fiskal defisitin real həcmi daha böyükdür. Çünki "Büdcə sistemi haqqında" Qanunun 19.2 maddəsinə görə dövlət zəmanətilə alınan, lakin xəzinədarlıq vasitəsilə icra olunmayan xarici borclar hesabına maliyyələşmələr büdcənin xərclərinə aid edilərək büdcə kəsirinin azaldılmasına yönəldilir. Sadəcə bizim büdcə informasiya açıqlığı və şəffaflığı sahəsində hələlik o səviyyəyə çatmayıb ki, bu cür detallarla bağlı açıqlamalar olsun”.

Büdcə zərfinə daxil olan layihələr Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Büdcə zərfinə "2021-ci il dövlət büdcəsi haqqında”, "2021-ci il üçün yaşayış minimumu haqqında”, "2021-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

Ana səhifəİqtisadiyyatRövşən Ağayev: Hökumət heç vaxt olmadığı qədər daxili borclanmaya getmək istəyir