13.52.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva “Report”a deyib ki, Rusiyanın Azərbaycandan pomidor və alma ixracına qoyulmuş qadağa ilə bağlı araşdırmalar aparırlar.
O bildirib ki, araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək
.
***
İqtisadçı: “Rusiya bazarına pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir”
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 10-dan Azərbaycandan Rusiyaya alma və pomidor idxalını qadağan edib. Səbəb kimi həmin məhsullarda zərərvericilərin aşkarlanması göstərilir.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti bildirir ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə pozuntular haqda məlumat verilib.
Bundan əlavə, “Rosselxoznadzor” bildirir ki, oktyabrın 22-dən indiyədək 17 belə hal qeydə alınıb. Məhsullarda (alma və pomidorda) Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlanıb:
“Buna görə də fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisinə həmin zərərvericilərin idxalının və yayılmasının qarşısının alınması məqsədi ilə “Rosselxoznadzor” 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və almaların gətirilməsini qadağan etməyə məcburdur”.
“Rosselxoznadzor” qadağanın müvəqqəti xarakter daşıdığını vurğulayır.
Azərbaycan rəsmiləri hələlik, bu informasiyaya münasibət bildirməyib.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, Rusiya bazarlarına pomidor və almanın buraxılmaması Azərbaycanaqarşı təzyiq vasitəsidir. Çünki yalnız pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir:
“Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. Bu bazara göndərilən kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur. Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir. Belə ki, Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9 faizi) təzə və dondurulmuş pomidor idxal edib”.
İqtisadçı bildirir ki, hesablamalara görə Rusiya bazarına pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir:
“Hesab edirəm ki, bu qərarın dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəsi var. Çünki Azərbaycan ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və almaq qadağasını qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar”.