Qubad İbadoğlu: Analitiklər neftin 20 dollaradək ucuzlaşmasını istisna etmirlər

Hərbi əməliyyatlar başlamazdan öncə, yəni 27 sentyabrdan qabaq Maliyyə Nazirliyinin yaydığı dövlət büdcəsinin ilkin layihəsində manatın dollara nisbətən proqnozlaşdırılan məzənnəsi 1USD/1,7000 AZN səviyyəsində göstərilmişdi.

Source: Foto: Meydan TV


"COVİD-19-a qarşı peyvəndlər effektiv olduğu halda da nə neftə olan tələbat, nə də onun qiyməti 2019-cu il səviyyəsinə qalxa biləcək”

Bu ilin 11 ayı ərzində (01.01.2020 – 01.12.2020 tarixinə) “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yatağından 3 milyard 336 milyon ABŞ dolları gəlir götürülüb.

Məlumatı Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

yayıb

.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, bu, “Azəri-Çıraq-Günəşli”nin 2007-ci ildən bəri əldə etdiyi ən aşağı gəlirdir: “3 milyard 336 mln. ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə, 2018-ci ilə nisbətən 3 dəfə azdır”.

İqtisadçı deyir ki, neft gəlirlərinin kəskin azalması COVİD-19 pandemiyasına görə dünya bazarında qiymətlərin ucuzlaşması və hasilatın məcburi olaraq aşağı salınması ilə əlaqədardır: “Son günlər dünya bazarlarında neftin qiymətində müşahidə olunan bahalaşma isə koronavirusa qarşı bəzi əzcaçılıq firmalarının hazırladıqları peyvəndlərin effektiv və təhlükəsiz olması ilə bağlı yayılan informasiyalarla əlaqədardır. Belə məlumatlara neft bazarları müsbət reaksiya verməyə başlayıb”.

Qubad İbadoğlu deyir ki, COVİD-19 pandemiyasına qarşı hazırlanmış peyvəndin kütləvi miqyasda tətbiqinə start verilərsə, 2021-ci ildə xam neftin qiyməti hər barrel üçün 40-60 dollar diapozonunda dəyişə bilər:

“Lakin analitiklər COVİD pandemiyasının neqativ inkişafı fonunda qiymətlərinin hər barrel üçün 20 dollaradək ucuzlaşmasını da istisna etmirlər. Göründüyü kimi, hətta COVİD-19-a qarşı peyvəndlər effektiv olduğu halda da nə neftə olan tələbat, nə də onun qiyməti 2019-cu il səviyyəsinə qalxa biləcək”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı bildirir ki, beynəlxalq analitiklərin proqnozlarına görə, 2021-ci ildə neftin hər barreli üçün yaxşı ssenari üzrə orta qiyməti 45 dollar, pis ssenaridə isə 35 dollar ola bilər.

Ümumiyyətlə götürəndə isə növbəti 5 ildə neft qiymətlərində kəskin bahalaşma gözlənilmir: “Proqnozlara görə, bu dövrdə ən yüksək qiymət 2023-cü ildə hər barrel üçün 53 dollar ola bilər”.

Qubad İbadoğlu deyir ki, bütün bunlar Azərbaycana da təsirsiz ötüşməyəcək. Belə davam edərsə, manatın devalvasiyası qaçılmaz olacaq: “Görünür, elə bu səbəbdən də 2021-ci ilin büdcəsinin parlament müzakirələri ləngidilir. Çünki manatın devalvasiyası dövlət gəlirlərin və xərclərin proqnozlaşdırılmasına təsir göstərən başlıca amillərdən hesab olunur”.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.5 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb.

Koronavirusdan sonra dünya bazarlarında neftin qiymətində kəskin enmələr oldu. Eləcə də Azərbaycan nefti də xeyli dəyər itirdi.

129244659_10221701989890753_990905607965977683_n.jpg
Cədvəl

İqtisadçı Natiq Cəfərli daha öncə Meydan TV-yə verdiyi açıqlamasında bildirmişdi ki, həm pandemiya dövrü iqtisadiyyatın durumunun pisləşməsi, həm də müharibədən sonra işğaldan azad edilmiş ərazilərin abadlaşdırılmasına tələb olunan xərclər ya ARDNF-nin büdcəyə transferini ikiqat artıracaq, ya da hökumətin devalvasiyaya getməsinə səbəb olacaq.

Hərbi əməliyyatlar başlamazdan öncə, yəni 27 sentyabrdan qabaq Maliyyə Nazirliyinin yaydığı dövlət büdcəsinin ilkin layihəsində manatın dollara nisbətən proqnozlaşdırılan məzənnəsi 1USD/1,7000 AZN səviyyəsində göstərilmişdi.

Həmin layihədə 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat proqnozlaşdırılırdı.

Orada bildirilirdi ki, gəlirlərin 57,3 faizi neft sektorunun, 42,7 faizi qeyri-neft sektorunun payına düşür.

2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti isə 35 ABŞ dollarına (hazırda 45 dollar civarındadır) bərabər götürülmüşdü.

2021-ci ildə dövlət büdcəsinin xərcləri də 25 milyard 847 milyon manat proqnozlaşdırılırdı.

Ana səhifəİqtisadiyyatQubad İbadoğlu: Analitiklər neftin 20 dollaradək ucuzlaşmasını istisna etmirlər