Yenilənib…
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciətini Meydan TV-yə göndərib. Həmin müraciətdə bildirilir ki, azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan evləri, diaspor təşkilatları və fərdi şəxslər vasitəsilə xaricdə yaşayan soydaşlarla bağlı mütəmadi olaraq informasiyalar əldə edir, onların vəziyyəti ilə maraqlanır, maarifləndirici tövsiyələr verir və bütün mümkün vasitələrdən istifadə edərək soydaşlarımıza mənəvi dəstək olmağa çalışır.
“Xüsusilə də, virusun geniş yayıldığı, xeyli sayda azərbaycanlının məskunlaşdığı və təhsil aldığı İtaliyada yaşayan həmvətənlərimiz Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin diqqət mərkəzindədir”, – deyə müraciətdə qeyd olunur.
Azərbaycanlılardan xahiş olunur ki, qeyd edilən mövzuda hər hansı bir problem və ya çətinliklə bağlı Komitənin sosial şəbəkə hesabları, elektron poçt ünvanı, həmçinin digər elektron ünvanlarına müraciət etsinlər:
“Öz səlahiyyət və imkanları çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi hər bir həmvətənimizə kömək etməyə hazırdır. Həmçinin tövsiyə olunur ki, azərbaycanlılar yaşadıqları ölkələrin hökumətlərinin koronavirusu pandemiyası ilə bağlı qəbul etdiyi qayda və tələblərə ciddi əməl esinlər”.
—————————————————————
Budapeşt və İstanbul hava limanlarında uçuşlar təxirə salınıb
Macarıstanın “Wizzair” aviaşirkətinin 15 mart Budapeşt-Bakı reysi təxirə salınıb. Hava şirkətinin sərnişinlərə uçuşun təxirə salınması ilə bağlı göndərdiyi üzrxahlıq məktubunda deyilir ki, uçuş koronavirusa görə Azərbaycan qaydalarına əsasən ləğv edilib.
Bir gün öncə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin müraciətində deyilirdi ki, xaricdə, xüsusən də Avropada təhsil alan azərbaycanlı tələbələrin kompakt şəkildə geri qayıdaraq özlərini, yaxınlarını riskə atmaqdansa, olduqları yerdə qalmaları məsləhət görülür:
“Onların olduqları ölkələrin karantin qaydalarına ciddi riayət etmələri daha yaxşıdır. Çünki virusla bağlı əsas tövsiyələrdən biri insanların olduğu yerlərdə fərdi karantin rejimində qalması, səyahət etməməsi və mümkün qədər az adamla təmasda olmasıdır”.
Komitə sonradan bu müraciəti səhifəsindən silsə də,
AzTV
-nin hazırladığı sujetdə müraciətin mətni səsləndirilib.
Ləğv edilən Budapeşt-Bakı reysinə gəlincə, bilet alanların əksəriyyəti Macarıstanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələrdir. Onların içində sonuncu pulunu verib Budapeştə, ordan da Bakıya bilet almış tələbələr də olub. Tələbələrdən bəzilərinin getməyə yeri olmadığı üçün hava limanında gecələyiblər. Reysin ləğvi ilə “Facebook”dakı müxtəlif qruplarda gedən müzakirələrdə Azərbaycanın Macarıstandakı Səfirliyinin hava limanında qalan azərbaycanlıları avtobusa yığaraq hostellərə apardığı da qeyd edilir.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADRH) sədri, iqtisadçı Qubad İbadoğlunun da oğlu Macarıstanda təhsil alır. Onun oğlu ləğv edilən reyslə gələnlər arasında olmayıb. Ancaq reysdə tanıdığı insanlar olub və bu barədə məlumatlıdır. Deyir, uçuş son yarım saatda ləğv edilib. Macarıstanın müxtəlif bölgələrindən son pullarını yol xərci edib, Budapeştə gələrək Bakıya qayıtmaq istəyən tələbələr bu səbəbdən də əlacsız vəziyyətdə qalıblar. Hətta onların bəziləri hava limanında gecələyib:
“İnanıram ki, Macarıstanda Azərbaycan Səfirliyi onlara baş çəkər, qayğısına qalar. Heç olmazsa, dinləyib, dəstəklərini ifadə edərlər”.
Qubad İbadoğlu deyir ki, əksər ölkələr nəinki öz vətəndaşlarını, hətta rezidentləri də ölkəyə qayıtmağa dəvət edir. Onlar üçün lazımı şərait yaradır, sağlamlığına və təhlükəsizliyinə təminat verirlər. Ancaq Azərbaycan əksini edir:
“Hesab edirəm ki, bu məsələyə münasibətdə Azərbaycan vətəndaşlarının seçim hüquqlarına hörmət edilməli, ölkəyə qayıtmaq istəyənlər, xüsusilə də tələbələr üçün dövlət vaxtında zəruri olan bütün məsələləri həll etməli idi. Əgər əlaqədar dövlət orqanları bunu vaxtında etməyibsə, onda ölkəyə müxtəlif səbəblərdən gələ bilməyən və ya gəlmək istəməyən tələbələrin yaşayış xərclərini ödəmək üçün də dövlət büdcəsindən vəsait ayrılmalıdır”.
Qubad İbadoğlu əlavə edir ki, 2020-ci ilin büdcəsində beynəxalq tədbirlərin həyata keçirilməsinə 221,5 milyon manat ayrılması nəzərdə tutulub. Ancaq bu xərc maddəsi koronavirusa görə tədbirlərin təxirə salınması səbəbindən istifadəsiz qalıb:
“Həmin vəsaitin bir hissəsinin xaricdə qalan, Azərbaycan vətəndaşı olan tələbələrin yaşayış xərclərinin ödəmək üçün səfirliklər vasitəsilə çatdırılmasını təklif edirəm. Bildiyim qədər Təhsil Nazirliyi bundan əvvəl xaricdə təhsil alan tələbələrlə birbaşa əlaqə saxlayaraq onların ehtiyaclarını da öyrənib”.
Bakıya gəlməsinin qarşısı alınan daha bir reys isə İstanbul-Bakı uçuşudur. İstanbulun Sabiha Gökçen Hava Limanından yayılan video-görüntülərdə Bakıya bilet alan azərbaycanlıların 2 gündür hava limanında qaldığı görünür. Onlar “Buta” Hava Şirkətindən bilet alsalar da, təyyarə gəlməyib, hava limanında qalıblar. Hava limanına Azərbaycanın Türkiyədəki səfirliyindən və AZAL-dan nümayəndələr gəlib. Görüntülərdə vətəndaşlar onlarla mübahisə edir, sözlərinə inanmaıqlarını söyləyirlər.
AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski Meydan TV-yə bununla bağlı dünən rəsmi məlumat yaydıqlarını söyləyib. Həmin vətəndaşların ölkəyə gətirilməsi üçün xüsusi reyslər nəzərdə tutulduğunu deyib:
“Azərbaycan və Türkiyə arasında hava əlaqəsi müvəqqəti dayandırılıb. Ancaq ölkə vətəndaşları təşkil ediləcək xüsusi reyslərlə Azərbaycana gətiriləcəklər. Təkcə İstanbula yox, AZAL Ankara və Antalyaya çarter reysləri yerinə yetirəcək. Lazım olduqca, AZAL Azərbaycan vətəndaşlarının vətənə çatdırılması üçün çarter reysləri həyata keçirməyə davam edəcək”.
AZAL-ın martın 16-da yaydığı məlumatda isə deyilir ki, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşların mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda “qaynar xətt” yaradıb. “Qaynar xətt”in nömrəsi belədir: +90537 282 67 40.
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu İranda da özünü göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkə İranla sərhədi bağlayıb. Azərbaycan da ondan sonra, fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb. Daha sonra məhdudiyyəti 2 həftə də uzadıb. Amma bu qərarın yük maşınlarına aid olmadığı bildirilir.
Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən müvəqqəti dayandırılıb. Martın 14-dən isə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi 10 gün müddətinə bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb.
Hazırda əsasən, İran və İtaliyadan qayıdan bir çox şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.
Son bir neçə ayda dünyada bu virusdan 6 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.
Rəsmi məlumat
a görə, Azərbaycanda virusa 25 nəfər yoluxub. Onlardan 1 nəfər ölüb, 6 nəfər isə sağalıb.