ATU-nun Tədris Cərrahiyyə Klinikası karantinə alındı
Azərbaycanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumata görə, İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib.
Ağır gedişli autoimmun xəstəlik fonunda xəstədə ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzlik aşkar olunub.
Eyni zamanda həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu müəyyən olunub. Xəstə xüsusi rejimli xəstəxanaya yerləşdirilib, onun vəziyyəti nəzarətə götürülüb və intensiv müalicə tədbirlərinin həyata keçirilməsi davam etdirilib. Bütün səylərə baxmayaraq, həmin şəxsin ağır autoimmun xəstəliyinə bağlı xroniki ağırlaşmaları dərinləşib, çoxsaylı orqan çatışmazlığı inkişaf edib, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb.
Qərargah xəstənin ilk olaraq hansı xəstəxanaya aparıldığını açıqlamayıb. Meydan TV müəyyənləşdirib ki, qadın böyrək ağrıları ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinə müraciət edib. Həmin vaxt ona tomoqrafiya çəkilməsi tövsiyə olunub və bu zaman ağciyərlərinin vəziyyəti aşkarlanıb. Xəstə dərhal Ağciyər Xəstəlikləri İnstitutuna götürülsə də, həyatını xilas etmək mümkün olmayıb.
ATU-nun Tədris Cərrahiyyə Klinikasından Meydan TV-yə verilən məlumata görə, qadında koronavirus diaqnozu təsdiqlənən kimi Urologiya şöbəsi boşaldılıb, həkimlər və pasiyentlər karantinə alınıb. Klinika hazırda karantindədir və dezinfeksiya işləri aparılır.
Klinikanın adının açıqlanmasını istəməyən yetkililərdən birinin sözlərinə görə, binanın havalandırma sistemi normal olmadığından son 2 gündə ora baş çəkən pasiyentlər də müayinədən keçsələr yaxşıdır.
Ağciyər Xəstəlikləri İnstitutunun adının açıqlanmasını istəməyən həkimi isə Meydan TV-yə deyib ki, son 2 gündə xəstəxanada 4 nəfər həyatını itirib. Lakin onların diaqnozuna koronavirusdan öldüyü yazılmayıb:
“Bu məsələ çox ciddi nəzarətdədir, məlumatların mümkün qədər gizlədilməsinə çalışılır. Ölən qadın başqa xəstəxanadan gətirildiyi və ictimailəşdiyi üçün diaqnozu təsdiqləmək məcburiyyətində qaldılar”.
Ümumdünya Səhiyyə Təşkilatı koronavirus (COVID-19) xəstəliyinin dünyada yayılmasının pandemiya xarakteri aldığını elan edib. Son məlumata görə, dünyada 129 185 nəfər koronavirusa yoluxub və bu xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir. Virusa qarşı profilaktik tədbirlər çərçivəsində bir çox dövlətlər risk ölkələri ilə sərhədləri bağlayır, avia reysləri təxirə salır.
Qərargad tərəfindən əvvəllər də bəyan edildiyi kimi, ürək-damar, eləcə də xroniki xəstəlikləri olanlar, yuxarı yaş kateqoriyasına aid şəxslər virusa qarşı profilaktik tədbirləri daha da gücləndirməlidir.