Əməliyyat nəticəsində bir qrup şəxs saxlanılıb
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qaçaqmalçılıq yolu ilə xaricə tibbi maska aparmaqda şübhəli bilinən bir qrup şəxsi saxlayıb.
“
Azərtac
”ın DİN-ə istinadən yaydığı məlumatda deyilir ki, son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat keçirilib.
Bildirilib ki, əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulublar. Həmçinin, əməliyyat zamanı Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maskalar onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb.
Qeyd olunub ki, əməliyyat zamanı Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıb. Bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər.
“Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon 50 min ədədə yaxın tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb”, – məlumatda deyilir.
Prezident
İlham Əliyev
martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında apteklərdə maskaların tapılmadığı haqda xəbərlərə toxunmuşdu. Ölkə başçısı demişdi ki, apteklərdə maskaların çatışmazlığına heç cür izahat tapmaq mümkün deyil.
Azərbaycanda 9 nəfərdə koronavirus aşkar edilib, onların 7-si ölkə vətəndaşı, biri Rusiya, biri isə Almaniya vətəndaşıdır. Onların İranda xəstəliyə yoluxduğu bildirilir. Azərbaycan hökuməti fevralın 29-da İran İslam Respublikası ilə quru və hava sərhədlərini bağlayıb.