SOCAR “Xəzər TV”-ni aldı, Murad Dadaşov baş direktor oldu

Şoumen artıq kollektivə təqdim edilib

Source: Qafqazinfo

Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənova aid olduğu deyilən “Xəzər TV”nin səhmləri artıq “Socar Media” qrupuna məxsusdur.

Bunu “Xəzər” TV-nin Xəbərlər Departamentinin müdiri İnqilab Məmmədov da APA-ya təsdiqləyib:

“İki aylıq danışıqlardan sonra “Xəzər TV”-nin səhmləri “Socar Media” qrupunun nəzarətinə keçib”.

“Socar Media” qrupu isə Şamxal Həsənovu şoumen Murad Dadaşovla əvəzləyib. Şoumen “Xəzər TV” MMC-nin yeni baş direktoru təyin edilib.

Onu kollektivə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov təqdim edib.

Ötən ilin noyabrın 29-da dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edən Əli Həsənov vəzifəsindən azad edilib. Yanvarın 7-də ölkə mediası keçmiş məmurun oğlu Şamxal Həsənovun “Xəzər TV”-nin baş direktoru vəzifəsindən azad edildiyi, Murad Dadaşovun bu posta gətirildiyi barədə xəbər yaysa da, deyilənlər təsdiqlənmədi.

Ölkədə “Socar Media” qrupuna məxsus bir neçə telekanal və saytlar var. Hətta Türkiyədə də bu qrup “Star” qəzetini və “Kanal 24” telekanalını

alıb

.

Ana səhifəSosialSOCAR “Xəzər TV”-ni aldı, Murad Dadaşov baş direktor oldu