Bakıda xarabalığa çevrilən park

Sakinlər hesab edirlər ki, ərazi qəsdən xarabalığa çevrilir, qışda palçıqdan, bataqlıqdan, yayda tozdan keçilməz olur

Source: Specify Source


Məcburi köçkünlər də parkın bir hissəsini zəbt edib

Bakının Binəqədi rayonu, Rəşid Behbudov küçəsində böyük yaşıllıq ərazisi baxımsızlıqdan xarabalığa çevrilib. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, parkın ərazisi Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxınları tərəfindən alınıb. Təxminən bir neçə il əvvəl çoxillik ağacların kəsilərək yerində binalar tikiləcəyi deyilsə də, hələlik tikinti getmir. Parkın yaxınlığında dəyəri milyonlarla manatla ölçülən çoxlu villalar yerləşir.

Parkın içərisindən keçib gedən cığırların asfalt örtüyü sıradan çıxıb, mərkəzdəki göl qamışlıqla örtülüb, konsert və tamaşalar üçün nəzərdə tutulmuş səhnə isə uçub.

Sakinlər hesab edirlər ki, ərazi qəsdən xarabalığa çevrilir, qışda palçıqdan, bataqlıqdan, yayda tozdan keçilməz olur.

“Qəsdən belə edirlər ki, yerində bina tikiləndə heç kim etiraz eləməsin”,-sakinlərdən Nərminə Məmmədova bildirib. Onun sözlərinə görə, şəkər xəstəliyindən əziyyət çəkir. Yaxınlıqda başqa istirahət mərkəzi, yaşıllıq ərazisi yoxdur:

“Ayaqlarım sözümə baxmır, şəkərim var, insult keçirmişəm. Ona görə hər gün səhər qızımla burada azı bir dəfə dövrə vururam. Gəlirik, ona görə ki, istirahət eləməyə başqa yerimiz yoxdur. Yaşlı adamam, yağış yağanda hər yer palçıq olduğundan heç yeriyə bilmirəm. Burada bir cığırı düzəltmək nə qədər xərc aparır ki, bizi bu zülmdə qoyublar?”

n3CWrfFdR65n9g2BRmECjBoHjWfCUF6gGP2HLRbrHyMfoPBLBiov6bApTRg5YeBazZtVUkatU8of.jpg
“Parkın ərazisi Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxınları tərəfindən alınıb”

Digər sakin Şəfiqə İsmayılova isə bildirib ki, bu qədər böyük ərazini əhatə edən parkda dincəlmək üçün cəmi bir neçə oturacaq var. Onu da buranın daimi sakinləri olan qocalar özləri düzəldiblər.

Söhbətləşdiyimiz sakinlər Bakıda həm ərazisinin böyüklüyü, həm də yaşıllıq baxımından belə gözəl yerin olmadığını bildirirlər. Di gəl ki, parka yetərincə diqqət yetirilmir. Ərazidə zibil qutuları yoxdur. Üstəlik yaxınlıqdakı obyektlərin tullantıları da parkın içinə atılır. Ona görə də, bağda siqaret qutusundan, sellofan torbalardan tutmuş, plastik qablara qədər hər şeyə rast gəlmək olar.

“Adı parkdır, içərisində heç nə yoxdur. Cığırlar bərbad vəziyyətdədir, göl zibilliyə dönüb”,-sakinlərdən biri deyib. “Park hələ səhərlər təmizlənir, əks halda tullantılardan keçilməz olardı. Amma təkcə fəhlənin gücü ilə olmur axı, gərək vəsait də ayrılsın, göl əvvəlki görkəminə salınsın, biləsən ki, parka gəlmisən”, – dendraparkdan keçib yaxınlıqdakı məktəbə gedən Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, son illərə qədər göldə çimərkən boğulanlar olub. Hazırda zibilliyə və bataqlığa çevrildiyindən burada çimənlərə rast gəlinmir. Amma günün sakit vaxtlarında burada xeyli həvəskar balıqçı tapmaq olar.

n3CWrfFdR65n9g2BRmECjBoHjWfCUF6gGBjuQn1c34i7aKfR4X6xyLQxEhaU9vpobUAgAgF28jbf.jpg
“Yaxınlıqda başqa istirahət mərkəzi, yaşıllıq ərazisi yoxdur”

S.Məmmədova söyləyir ki, park sutkanın qaranlıq saatlarında zülmətə qərq olduğundan axşamlar buradan keçmək təhlükəli olur:

“Gecələr narkomanların, sərxoşların məskəninə çevrilir, bəzən səhərə qədər ucadan söyüş söyən, bir-biri ilə dalaşanların səsindən yaxınlıqda yaşayan sakinlər evlərində rahatlıq tapa bilmirlər. Buranı işıqlandırsalar, əksər problemlər aradan qalxar”.

Yaz-yay aylarında açıq havada konsertlər üçün nəzərdə tutulmuş səhnəcik də ömrünün ən pis dövrünü yaşayır. Meydança ətrafındakı nəmişlik ərazini qamışlığa döndərib. Parkın bir hissəsi qonşuluqdakı çoxmərtəbəli binaların tikintisi zamanı zəbt olunub. Girişdə nəzarətçilər üçün inşa olunmuş tikilidə isə məcburi köçkünlər məskunlaşıb. Parkda məskunlaşmış sakinlər də sonradan yaşayış yerlərini genişləndirərək parkın bir hissəsini zəbt ediblər.

Yaxınlıqda yaşayan sakinləri narahat edən digər məsələ gecələr tullantıların yandırılmasıdır. Onların sözlərinə görə, zibillər daşınmadığından ərazidə yaşayanlar həftədə bir neçə dəfə qalaqlanmış zibilləri yandıraraq parkda istirahət edənləri zəhərli hava ilə boğurlar.

Parka nəzarət edənin olduğunu söyləsələr də, onun kimliyi və harada olması ilə bağlı suallara cavab verilməyib.

Binəqədi Rayon İcra Hakimiyyətindən isə parkın vəziyyətindən xəbərdar olduqlarını, amma hələlik təmirinin nəzərdə tutulmadığını deməklə kifayətləniblər. Eləcə də ərazinin satılması ilə bağlı sualı cavablandırmayıblar.

n3CWrfFdR65n9g2BRmECjBoHjWfCUF6gGWQx4QCBveLFdcRHDPc8uMuUWxSzyFTuMhEHQMkPUCrZ.jpg
“Gecələr narkomanların, sərxoşların məskəninə çevrilir”
image_from_ios.jpg
“Ərazidə zibil qutuları yoxdur”
image_from_ios (6).jpg
Parkın içərisindən keçib gedən cığırların asfalt örtüyü sıradan çıxıb
n3CWrfFdR65n9g2BRmECjBoHjWfCUF6gGSW8qkUwBpgXNvJK8j25PXtU7hE1coF1R6VwVZE3hQFF.jpg
Parka nəzarət edənin olduğunu söyləsələr də, onun kimliyi və harada olması ilə bağlı suallara cavab verilməyib
image_from_ios (4).jpg
“Qəsdən belə edirlər ki, yerində bina tikiləndə heç kim etiraz eləməsin”
n3CWrfFdR65n9g2BRmECjBoHjWfCUF6gJmP6DeSogNaEMJobk96PyMpcuMttDPKsYcy5qyVAbmYf.jpg
“Yaxınlıqda başqa istirahət mərkəzi, yaşıllıq ərazisi yoxdur”
n3CWrfFdR65n9g2BRmECjBoHjWfCUF6gJuBUWejy4ta6B7C8mFYbAenLiujHwBZjNwcNog39ABqG.jpg
Yaxınlıqda yaşayan sakinləri narahat edən digər məsələ gecələr tullantıların yandırılmasıdır
Ana səhifəSosialBakıda xarabalığa çevrilən park