Namizədlər polisə çağırılır

Digər seçki bloklarından da polisə çağırılan olsa da, onlar bu barədə məlumat yaymağa ehtiyac görmürlər.

Source:


"Mənə tərəfdarlarım və müşahidəçilərimlə ehtiyatlı olmamı, təxribatlara uymamamı söylədilər"

9 fevral parlament seçkilərinə namizədliyini verən bir neçə nəfər polisə çağırılıb. Onlardan bəziləri çağırış əsasında polisə gedib, bəziləri isə bu çağırışa məhəl qoymayıb.

53 saylı Quba-Qusar Seçki Dairəsindən namizədliyini irəli sürən bitərəf Cavid Qara fevralın 5-də Quba Rayon Polis Şöbəsinə çağrılsa da, getməyib. O, Meydan TV-yə polisə çağırılması ilə bağlı məlumatı təsdiqləyib. Getməməsinin səbəbini isə qanunun tələbinə əsasən izah edib.

94 saylı Bərdə kənd seçki dairəsindən olan müsavatçı namizəd Dadaş Əhmədli də Bərdə Rayon Polis İdarəsinə çağırılıb. Dadaş Əhmədlini idarə rəisi qəbul edib:

“"Tərəfdarlarınıza deyin, seçki prosesində qeyri-qanuni hərəkətlərə yol verməsinlər" – dedi, rəis. Mən də bildirdim ki, biz hər şeyin qanun çərçivəsində olmasına çalışırıq. Amma kimsə qeyri-qanuni hərəkətlər edəcəksə, onda biz müvafiq addımlar atacağıq”, – Dadaş Əhmədli Meydan TV-yə belə deyib.

73 saylı Lənkəran Seçki Dairəsindən müsavatçı namizəd Yadigar Sadıqlı da fevralın 6-da Lənkəran Polis İdarəsinə dəvət edilib. Onu polis rəisi Fəqan Azadəliyev qəbul edib.

Yadigar Sadıqlı Meydan TV-yə deyib ki, Fəqan Azadəliyev ona narahatlıq yaradan əməliyyat məlumatları aldıqları barədə xəbərdarlıq edib:

“Amma çox normal və mədəni söhbətimiz oldu. Mənə dedi ki, tərəfdarlarım və müşahidəçilərimlə ehtiyatlı olum, təxribatlara uymayım. Rəisə cavab verdim ki, seçkinin səliqəli və dürüst keçməsində ən çox maraqlı olan mənəm. Namizəd olmayanda da şəffaf seçkinin tərəfdarı olmuşam. Dürüstlüyü və səliqəliyi pozan da hökumət nümayəndələri olub”.

Digər seçki bloklarından da polisə çağırılan olsa da, onlar bu barədə məlumat yaymağa ehtiyac görmürlər.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı namizədin polisə çağırılmasının Seçki Məcəlləsinə zidd olduğunu hesab edir.

Bəşir Süleymanlı bildirib ki, Seçki Məcəlləsində qeydə alınmış namizədlərin toxunulmazlığı haqda bənd var. Burada deyilir ki, qeydə alınmış namizəd qanunun 70.1-ci maddəsində göstərilən müddətdə (seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək) müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz:

"Tutula və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Qeydə alınmış namizəd yalnız cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir. Qeydə alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız Azərbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər".

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətNamizədlər polisə çağırılır