Koçaryan parlament seçkilərinin nəticələrinə etiraz edəcəyini bildirir

Foto: “Kavkazski uzel”

“Kavkazski uzel”in materialı

“Ermənistan” bloku iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz edəcək. Bu barədə blokun lideri, ölkənin ikinci prezidenti Robert Koçaryan bildirib. Keçmiş ombudsman Arman Tatoyanın rəhbərlik etdiyi “Birlik qanadları” partiyası isə səslərin yenidən sayılması prosesinə başlayıb.

Biznesmen Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası Mərkəzi Seçki Komissiyasının məlumatları dəqiqləşdiriləndən sonra parlamentə düşmək üçün tələb olunan 4 faizlik baryeri keçə bilməyib və yeni parlamentdə təmsil olunmayacaq. Hakim “Vətəndaş müqaviləsi” partiyası 49,825 faiz səs toplayıb. Müxalifət qüvvələri ümumilikdə 37,23 faiz səs qazanıb: “Güclü Ermənistan” bloku 23,281 faiz, “Ermənistan” bloku 9,934 faiz, “Çiçəklənən Ermənistan” isə 3,996 faiz səs əldə edib.

“Ermənistan” blokunun lideri Robert Koçaryan iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz edəcəklərini açıqlayıb.

“Bu seçkilər hakimiyyətin genişmiqyaslı təzyiqləri, müxalifət nümayəndələrinin həbsləri, inzibati resursdan misilsiz istifadə və səsvermə zamanı baş verən pozuntular şəraitində keçirilib”, — Koçaryanın iyunun 8-də etdiyi bəyanatından deyib=.

Koçaryanın sözlərinə görə, onun partiyası seçkilərin nəticələrinə etiraz etməzdən əvvəl “müxalifət düşərgəsindəki həmkarları ilə növbəti addımları müzakirə edir”.

“Biz geri çəkilməyəcəyik və mübarizə səngərimizi tərk etməyəcəyik”, — o bildirib.

“Birlik qanadları” partiyasının lideri, keçmiş ombudsman Arman Tatoyan da hakimiyyət tərəfindən “inzibati resursdan görünməmiş şəkildə sui-istifadə edildiyini” bəyan edib. O, səslərin yenidən sayılması təşəbbüsü ilə çıxış edib və seçkilərin nəticələrinə etiraz edəcəyini istisna etməyib.

Tatoyanın sözlərinə görə, partiyası seçicilərə təzyiq göstərilməsi ilə bağlı “çoxsaylı hallar” qeydə alıb. Onun iddiasına görə, vətəndaşlardan seçki bülleteninin şəklini çəkmək və daha sonra hakim partiyanın lehinə səs verdiklərini sübut etmək tələb olunub.

“Biz əminik ki, hakim partiya rəsmi nəticələrdə özünə yazdığı dəstəyi əslində əldə etməyib. Biz inanırıq ki, vətəndaşların ‘Birlik qanadları’na verdiyi səslər saxtalaşdırılıb”, — “Birlik qanadları”nın bəyanatından deyilir.

Rəsmi nəticələr iyunun 14-də açıqlanacaq

“Güclü Ermənistan” bloku hələlik seçkilərin nəticələrinə etiraz edib-etməyəcəyini açıqlamayıb. “Güclü Ermənistan” partiyasının üzvü Narek Karapetyan bildirib ki, birlik “real sayımlar və hesabatlar başa çatdıqdan sonra daha ətraflı bəyanatla çıxış edəcək”. Bu barədə “Arminfo” məlumat yayıb.

Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan seçkilərin yekun nəticələrinin iyunun 14-də dərc olunacağını bildirib. O qeyd edib ki, əgər müxalifət parlamentin işini boykot etmək və ya mandatlardan imtina etmək qərarına gəlsə, həmin mandatlar başqa siyasi qüvvələrə verilməyəcək.

Nikol Paşinyanın səslərin sayılması başa çatmamış qələbə elan etməsi ilə bağlı müxalifətin iradlarına münasibət bildirən Ovakimyan deyib ki, siyasi qüvvələr seçkilərin nəticələrini seçki komissiyasından “təxminən üç saat əvvəl” yekunlaşdırırlar. Onun sözlərinə görə, etibarlı nümayəndələr məntəqələrdə sayım bitən kimi məlumatları partiya qərargahlarına ötürürlər və ümumilikdə siyasətçilər “istədikləri bəyanatı verməkdə azaddırlar”.

Azadlıq Meydanına etiraz çağırışı cavabsız qaldı

Seçkilərdə müstəqil müşahidəçi kimi son illərdə Ermənistana köçmüş “çoxsaylı rusiyalılar” da iştirak edib. Onların qiymətləndirməsinə görə, “səsvermə şəffaf keçib, ciddi pozuntular qeydə alınmayıb”.

İyunun 8-i səhər saatlarından sosial şəbəkələrdə “Njhar” konstitusiya hərəkatı adından saat 19:00-da Yerevandakı Azadlıq meydanına toplaşmaq çağırışı yayılıb. Çağırış “bütün sağlam qüvvələrə” ünvanlanmışdı. Polis əməkdaşları günortadan etibarən meydanda növbə çəksələr də, “sağlam qüvvələr” meydana gəlməyib. “Njhar” hərəkatının təşəbbüskarlarının özləri isə meydanda 20 nəfərdən çox olmayan kiçik qrup şəklində toplaşıblar.

Fəallardan biri bildirib ki, Nikol Paşinyanın səslərin sayılması başa çatmadan qələbə elan etməsi onları “narahat edib”. Onun sözlərinə görə, meydandakı toplantı “seçkilərlə bağlı hər hansı problemin olub-olmadığını anlamaq” üçün elan edilmişdi. Fəal etiraf edib ki, siyasi qüvvələrin əksəriyyətində səsvermənin nəticələri ilə bağlı ciddi etiraz yaranmayıb.

Ana səhifəXəbərlərKoçaryan parlament seçkilərinin nəticələrinə etiraz edəcəyini bildirir