Azərbaycanda 10 xarici rəqəmsal xidmət göstərən şirkət vergi uçotuna alınıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, bu şirkətlər arasında Apple, Adobe, Sony Interactive Entertainment, Epic Games, Chess.com və digər beynəlxalq səviyyədə tanınmış rəqəmsal platformalar yer alır.
Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən, 2026-cı ilin sentyabr ayınadək Azərbaycan vətəndaşlarına elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları vergi uçotuna alınmalıdır. Qanunvericiliyə görə, bu qeydiyyat elektron qaydada həyata keçirilməlidir.
Əks halda, həmin şirkətlərin ölkə ərazisində fəaliyyətinə məhdudiyyətlər tətbiq edilə bilər.
Dövlət Vergi Xidmətinin məlumatında bildirilir ki, dəyişikliklərin məqsədi Azərbaycanda qeydiyyatdan keçməyən beynəlxalq rəqəmsal platformaların vergiyə cəlb olunması, bərabər rəqabət mühitinin yaradılması və rəqəmsal iqtisadiyyatda şəffaflığın artırılmasıdır.
Yeni qaydalara əsasən, vergi orqanında qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal platformalardan xidmətlər əldə edilərkən alıcıların ödədiyi ƏDV birbaşa dövlət büdcəsinə yönəldiləcək. Bu halda ƏDV-nin banklar tərəfindən ayrıca tutulması mexanizmi tətbiq edilməyəcək.
Qanunvericiliyin tətbiq dairəsi yalnız elektron formada göstərilən iş və xidmətləri əhatə edir. Fiziki malların satışı, eləcə də elektron platformalar vasitəsilə məhsulların sifarişi və çatdırılması bu tənzimləməyə daxil deyil. Bu səbəbdən “Trendyol”, “Temu” kimi elektron ticarət platformalarına bu qaydalar şamil edilmir.
Hazırda Dövlət Vergi Xidmətinin açıqladığı siyahıda “Meta”ya məxsus platformaların — Instagram, WhatsApp və Facebook-un, həmçinin süni intellekt xidmətləri göstərən OpenAI, “Netflix”, “YouTube Premium” və “Google” kimi beynəlxalq platformaların adları yer almır. Lakin bu şirkətlər 2026-cı ilin sentyabr ayınadək Azərbaycanda elektron qaydada vergi uçotuna alınmazsa, onların ölkə ərazisində fəaliyyətinə məhdudiyyətlər tətbiq edilə bilər.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun bir sıra xarici rəqəmsal xidmət təchizatçılarında böyük həcmdə səhm investisiyaları var. Məsələn, 2025-ci ilə dair mediaya verilən son açıqlamada Fondun “Microsoft”da 600 milyon dollar, “Apple”da 700 milyon dollar, “Amazon”da 384 milyon dollar, “Google”da isə 266 milyon dollar həcmində səhm investisiyasına malik olduğu bildirilir.
Neft Fondunun Mark Zukerberqin rəhbərlik etdiyi “Meta” şirkətindəki aktivlərinin həcmi isə 248 milyon dollar təşkil edir.