Federasiya idmançı ilə bağlı onlara müraciət olunmadığını deyir
Bu il Azərbaycan ilk dəfə olaraq Yeniyetmələrin Qış Olimpiya Oyunlarında təmsil olunub.
Sözügedən turnirdə Azərbaycan adına yalnız bir idmançı – Yekaterina Ryabova mübarizə aparıb. 16 yaşlı rusiyalı legioner buzüstü fiqurlu konkisürmə yarışında iştirak edib. Ryabova sərbəst yarışda 8-ci yeri tutub. O, yanvarın 11-də qısa proqramda çıxış edib. Ryabova bu dəfə 59,30 xalla 9-cu olub.
Beləliklə, Azərbaycan sayca üçüncü dəfə keçirilən Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə, həm də rusiyalı legioner tərəfindən təmsil olunub. Belədə ortaya sual çıxır: həqiqətənmi, buzüstü fiqurlu konkisürmə yarışlarında Azərbaycanı təmsil edəcək azərbaycanlı idmançı yoxdur?
Almaniyadakı azərbaycanlı
Azərbaycanlı olan, hazırda Almaniyada yaşayan Nərgiz Süleymanova bu ölkədə fiqurlu konkisürmə yarışlarında dəfələrlə həm daxili, həm də beynəlxalq yarışlarda nailiyyətlər qazanıb. Almaniya millisinin üzvü olan 15 yaşlı Nərgiz, fiqurlu konkisürmədə idman ustası adına da layiq görülüb. Nərgizin bu il fiqurlu dünya çempionatında da Almaniyanın adı uğrunda yarışacağı istisna olunmur.
Bəs nə üçün Nərgiz Almaniyada uğurlar əldə etməsinə baxmayaraq, Azərbaycanı təmsil etmir?
Nərgizin atası Elmar Süleymanov qızının Azərbaycanı təmsil etməsini, milli komandaya dəvət olunmasını istəyir. Süleymanov hətta Azərbaycan Qış İdman Növləri Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Zeynalovaya qızının nailiyyətləri haqda və onun öz ölkəsinin yığma komandasına dəvət olunması üçün məktub yazdığını bildirir. Lakin bu barədə ona cavab verilməyib.
Afaq Zeynalova isə Süleymanovun onlara deyil, başqa qurumlara müraciət etdiyini deyir. Buna baxmayaraq, federasiya rəsmisi Süleymanova ilə bağlı məsələni müzakirə edib, qərar verəcəklərini söyləyib:
“Nərgiz xanımın atası bizimlə əlaqə saxlamayıb. Bizdən başqa, digər qurumlara müraciət edib. Onlar tərəfdən bizə heç bir müraciət olmamışdı. Dəfələrlə demişdim ki, bizə müraciət etsinlər. Bizə də xoş olar ki, həqiqətən, ölkəmizi layiqli təmsil edəcək bir idmançımız varsa, onun tərəfindən təklif gəlsin, təsdiqləyək. İlk dəfə deyil ki, bir idmançı Azərbaycan üçün yarışmaq istəsin. Məsələn, Fransadan olan bir uşaq var idi, onun anası bizə müraciət etmişdi. Onları Moskvaya yolladıq, bütün ödənişləri qarşıladıq. Ona baxış keçirildi, ancaq yüksək nəticələr göstərmədiyi üçün tərəfimizdən də maraq olmadı. Lakin Nərgiz Süleymanovanın atası heç vaxt bizimlə əlaqə saxlamayıb.
Nərgiz xanımla bağlı məlumatı yeni almışam. Məlumatı rəhbərliklə bölüşüb, müzakirə edəndən sonra qərar verəcəyik”.
Nərgiz üçün AGİN-ə də müraciət olunub
Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə deyib ki, bu məsələnin onlara aidiyyəti yoxdur. O, nazirliyin milli komandaya idmançı dəvət etmək kimi bir səlahiyyətə sahib olmadığını bildirib:
“Mənə bu məsələ ilə bağlı dəfələrlə müraciət olunub və dəfələrlə bildirmişəm ki, idmançının komandaya cəlb edilməsi Gənclər və İdman Nazirliyinə aid deyil. Nazirliyin səlahiyyətlərinə milli komandaların təlim-məşq toplanışlarına, yarışlara göndərilməsi, dərman preparatlarıyla təmin edilməsi daxildir. İdmançının milli komandaya dəvət olunması birbaşa federasiyanın səlahiyyətinə daxildir. Biz onlara müdaxilə etmirik. Onlar ictimai qurumdur. Baş katibin, prezidentin, vitse-prezidentin seçilməsi onlarlıqdır. Nümayəndələrinin adlarını irəli sürürlər, müzakirə olunur və daha sonra qərar qəbul edilir. Eləcə də, idmançının milli komandaya dəvət edilməsi”.
Fiqurlu konkisürmə nədir?
Fiqurlu konkisürmə – musiqinin müşayiətilə buz üzərində rəqs, amma çətin elementlərlə zəngin bir rəqs nümunəsidir. Fiqurlu konkisürmə idman növüdür, olimpiya idman növlərinə aiddir. İdmançının həm musiqi duyumu çox güclü olmalı, həm də, fiziki hazırlığı yüksək səviyyədə olmalıdır ki, çətin rəqs hərəkətlərini buz üzərində konki ilə nümayiş etdirməyi bacarsın. Azərbaycanda qış idman növləri o qədər də populyar olmadığından, bu idman növünə maraq da çox deyil. Elə bu səbəbdəndir ki, qış idman növlərində Azərbaycanı təmsil edən idmançılar legionerlərdir.
Azərbaycan Qış idman növləri Federasiyasının prezidenti azərbaycanlı iş adamı İsgəndər Xəlilovdur.