Adamı qəsdən öldürmə maddəsi ilə cinayət işi açılıb
Tovuz rayonunun Dondar Quşçu kəndində ötən ilin 21 noyabr tarixində itkin düşən 10 yaşlı Nərmin Quliyevanın yanmış meyiti tapılıb.
Məlumatı Respublika Prokurorluğu yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin əməkdaşları yanvarın 6-da meyit tapılan əraziyə baxış keçiriblər. Hadisə yeri müayinə edilib və iş üçün zəruri olan bütün maddi sübutlar götürülüb.
Məlumatda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlandığı qeyd olunub:
“Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olan 2010-cu il təvəllüdlü Nərmin Quliyeva 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir”.