“Şəkillə heyvan almazlar ki…”

Qiyməti yaşından, ölçüsündən, rəngindən asılıdır.

Source: Specify Source


Heyvan bazarından reportaj

Bakının ev heyvanları bazarında alıcılar qiymətlərin kəskin artmasından, satıcılar isə alıcı azlığından şikayətçidir. Satıcıların sözlərinə görə, bahalaşmaya heyvanların daşınma, saxlama, yem, baytar xidmətlərinin artması təsir edib. Xüsusilə, cins it və pişiklər ötən illərlə müqayisədə 3-4 dəfə baha satılır.

Son illər geniş yayılmış onlayn heyvan ticarəti də bazarda alveri bir qədər zəiflədib. Həftə sonları heyvan satışının həyata keçirildiyi “Təzə bazar”da satıcılar deyirlər ki, cins it sifarişləri artsa da, pişiklərin satışı dayanıb.

Bazarda müxtəlif yaşda olan cins itlərə rast gəlmək olar. Lakin it və pişiklərlə yanaşı, ev quşları, xüsusən də tutuquşular, balıq, dovşan, siçan, tısbağa da satılır. Satıcılar deyirlər ki, hava çiskin və yağışlı olanda işləri bir az da çətinləşir, heç kim gəlmir. Əsas alış-veriş isə əsasən, daimi müştərilərlə aparılır.

Satıcılar müxtəlif saytlarda elan yerləşdirən heyvan alverçilərindən də şikayətçidilər.

Satıcı Babək Məmmədov deyir ki, heyvan alverçiləri həftə sonları bazara gəlib gözləri tutan heyvanı alırlar. Sonra isə onu heyvan satışı ilə bağlı elan saytlarında bir neçə dəfə baha qoyurlar:

“Camaat durub bazara gəlməyə ərinir, heyvanı 2-3 dəfə bahasına internetdən alır. Pullarına da heyfləri gəlmir. Bizimki üz-üzə alverdir, müştəri gəlir, baxır, qiymətdən narazıdısa, aşağı salırıq. Yoxsa şəkillə heyvan almazlar ki….”

image_from_ios (10).jpg
Satıcı Babək Məmmədov deyir ki, heyvan alverçiləri həftə sonları bazara gəlib gözləri tutan heyvanı alırlar.

“Təzə bazar”da ən ucuz heyvan balıqlardır. Kiçik akvariumlar üçün nəzərdə tutulmuş bu balıqların qiyməti 2-5 manatdan başlayır. Ən bahalı balıq isə “L018” adlanan şüaüzgəcli balıqlar sinfinə aid ekzotik balıqdır. 7-8 sm uzunluğu olan bu akvarium balığının cütünün qiyməti 350 manatdır.

Hazırda alıcıların maraq göstərdiyi heyvanlardan biri də xamyaklardır. Satıcı deyir ki, kiçik olduğuna, az yem tələb etdiyinə görə son illər çox alınır. Bu heyvanın qiyməti ölçüsünə görə deyil, rənginə görə dəyişir. Məsələn, qara rəngli xamyak 5-7 manatdırsa, ağ xamyak 15-20 manatdan satılır.

“Adətən kiçik ölçülü xamyaklar çox alınır, böyüyə o qədər də maraq göstərmirlər. Qiymət də ölçüyə görə deyil, rəngə görə dəyişir. Çünki xamyakın 10 balası olarsa, arasında yalnız biri ağ ola bilər”, – satıcı oğlan dillənir.

Kiçik dovşanlar 10-15 manat, böyükləri isə 20-40 manat arası satılır.

Heyvan bazarında satılan tutuquşuların qiyməti də əvvəlki illərlə müqayisədə qalxıb. Cütü 10 manat olan ən ucuz tutuquşunun indi bir ədədi 10 manatdır. Satıcılar deyiblər ki, çox bahalı heyvanlar bazara gətirilmir. Əgər müştəri soruşarsa, ona bahalı heyvanları çatdıra bilərlər: “Tutuquşularımız çoxdur. Məsələn, “Korella” tutuquşumuzun cütü 80 manatdan 250 manata qədər satılır. Qiyməti yaşından, ölçüsündən, rəngindən asılıdır. “Sultan” tutuquşusu 45 manata, “Jako” 1500-2000 manatadır. Ən bahalı tutuquşumuz danışan “Ara”dır. 1 yaş 8 aylıqdır, ayağında doğum tarixi yazılan üzük də var. Sağlamdır, ünsiyyətcildir, dişləmir. Onu istəyən olsa, 7500 manata təşkil edərik”, – satıcı Mürsəl deyib.

image_from_ios (8).jpg
Satıcı deyir ki, kiçik olduğuna, az yem tələb etdiyinə görə son illər çox alınır.

Bazarda ən çox alıcı it və pişik satılan qəfəslərin qarşısında gözə dəyir. Elə bazarın adının da “it bazarı” adlandırılması təsadüfi deyil. Bazarda itlərin qiyməti 80-100 manatdan başlayır, 10 min manata qədər davam edir. Satıcılar qiymət artımını hazırda yalnız cins itlərin satışa çıxarılması ilə izah edirlər:

“Əvvəllər küçədən gözəgəlimli, babat iti də götürüb gətirib cins it adı ilə satırdılar. Qiyməti də aşağı edirdilər ki, tez satıb başdan eləsinlər. İndi ancaq təmiz cins itlər satılır, ona görə də qiymət yüksəkdir. Hansını istəsəniz, pasportunu göstərə bilərəm”.

Bazarda “Russkiy terrier”in qiyməti 150 manatdır. Bu rastlaşdığımız ən ucuz it sayıla bilər. “Golden bully” cinsli 9 aylıq itin qiyməti isə 500 manatdır.

4 aylıq olmasına baxmayaraq qəfəsə sığışmayan nəhəng Qafqaz Çoban iti də müştərilərin heyranlıqla tamaşa etdiyi itlərdəndir. Satıcı müştəri gəldikcə iti durmadan tərifləyir. “Bu çox yaxşı itdir, özüm böyütmüşəm. Sonu 1000 manatdır. Yəni bu pula dəyən itdir, alan peşman olmaz”.

Cins küçüklər isə böyük itlərdən fərqli olaraq qəfəssiz, xaltasız satışa çıxarılıb. Balaca olsalar da, qiymətləri kifayət qədər yüksəkdir. 2-4 aylıq itlər – Alman ovçarkası 400 manat, “Golden retriever” 700 manat, Belçika ovçarkası 1000 manat, İspan mastifi 3500 manatdır.

image_from_ios (5).jpg
Kiçik dovşanlar 10-15 manat, böyükləri isə 20-40 manat arası satılır

Satıcı Kamil Mahmudov deyir ki, adətən, yay mövsümündə pişiklərin satışı tamamilə dayanır. Yayda ən çox satılan itlərdir. Əhali bağ evlərinə köçdüyündən it saxlamağa üstünlük verir. Qışda isə pişiklərin satış mövsümü başlayır. Bununla belə, bazarda az sayda pişiyə rast gəlinir. Lakin satıcıdan öyrənirik ki, burada satdığı it və pişiklərin hamısını nümayiş etdirmək imkanı olmadığından yalnız nümunə üçün bir neçəsini gətirib. Əgər müştəri istəsə, ona istədiyi cinsdə, məbləğdə və rəngdə pişik təşkil edə bilər.

Satıcı pişiklərin qiymətinin son illər yüksəlməsini gətirilmə xərci ilə izah edir: “Özünüz bilirsiniz də, qiymətlər neçə dəfə qalxıb. Biz də bu heyvanları axı xaricdən alırıq. Bunun bileti, sağlamlıq kağızı, qəfəsi var. Hamısını üst-üstə gələndə bizə qəpik-quruş qalır…”

Pişiklərin qiyməti isə 50-60 manatdan başlayır. Doğum haqqında şəhadətnaməsi olan Şotland pişiyinin qiyməti 400 manata qədər gedib çıxır. Bombey pişiyi 750 manat, Benqal pişiyi 1800 manatdır. Türk anqorı 80-150 manat, Pers pişiyi 150-350 manat, Sibir pişiyi isə 250-500 manatdır. Britan cinsli pişik isə növündən asılı olaraq 100 manatdan 1000 manata qədər dəyişir.

image_from_ios (6).jpg
“Hansını istəsəniz, pasportunu göstərə bilərəm”
image_from_ios (11).jpg
Heyvan bazarı
image_from_ios (4).jpg
Heyvan bazarı
Ana səhifəSosial“Şəkillə heyvan almazlar ki…”