WADA: Azərbaycan 2017-ci ildə dopinq pozuntusuna görə 14-cü olub

Ancaq müsahibimiz 32 rəqəmini Azərbaycan üçün çox ciddi sayıb

Source: Foto: arxiv


Amal Abuşov: “İdman federasiyaları yalançı nəticələr ardınca qaçmamalıdırlar”

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2017-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.

Hesabatda Azərbaycan idmançılarının “yuxarı” pillələrdə olduğu qeyd olunub.

APA-nın məlumatına görə, il ərzində 32 qayda pozuntusuna yol verən Azərbaycan təmsilçiləri siyahıda 14-dür.

“Milli üzvləri 30 dəfə dopinq test zamanı “ilişibsə”, iki dəfə bundan imtinaya görə cəzalanıb. 30 pozuntudan 24-ü kişi, 6-sı qadın idmançıların hesabındadır. Bunlardan 21-i yarış zamanı, 9-u turnirdən kənar aşkarlanıb. 10 müxtəlif idman növündəki təmsilçilərimizdən götürülən analizlər müsbət nəticə verib. İdmançılarımız ağır atletikada daha çox – 9 dəfə “fərqlənib”. Güləşdə 6, velosiped idmanında 4, atletika və bodibildinqin hərəsində 3, həndbol və cüdonun hərəsində 2 belə hal yaşanıb. Bir qayda pozuntusuna yol verilən üç idman növü sırasında boks və karate ilə yanaşı, nə qədər qəribə olsa da amerika futbolu da var”.

Ümumilikdə WADA 245 min 232 dopinq testi götürüb, 93 idman növü üzrə 114 ölkə təmsilçisi yoxlanılıb. Bodibildinq (266), atletika (242), velosiped idmanı (218) növləri daha çox “ilişiblər”.

Məlumatda ən çox qayda pozan ölkə İtaliyadır. Bu ölkənin idmançıları 171 dəfə diqqət mərkəzinə düşüblər. Fransa 128, ABŞ 103, Braziliya 84, Rusiya 82 dəfə agentliyin qaydalarına zidd hərəkət edib.

İdman yazarı Amal Abuşov Ümumdünya Antidopinq Agentliyinin hesabatını Meydan TV-yə şərh edərkən bildirib ki, dopinq təkcə Azərbaycanda deyil, ümumilikdə dünya idmanında ciddi problemlərdən birinə çevrilib. O qeyd edib ki, son illərdə dopinqlə bağlı qalmallar artıb:

“Bəzən də bu tip qərarlar o qədər gec verilir ki, bir qədər də daldan atılan daş effekti verir”.

Amal Abuşov xatırladıb ki, bu yaxınlarda ağır atletimiz Nizami Paşayev 10 ildən sonra Avropa çempionu adına layiq görüldü.

“Səbəb də o olmuşdu ki, Nizami Paşayevin 2-ci olduğu həmin yarışda çempion olan qazaxıstanlı idmançının dopinq testi müsbət cavab verib. Amma Paşayevin özünün də dopinq-testi müsbət nəticə verdiyi üçün 2006-cı il Avropa çempionluğu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı nəticəsi (5-ci yer) ləğv olunub. Buradan belə başa düşülür ki, bu səviyyəli yarışlarda qalib adını qazanan əksər idmançılar hansısa formada dopinqdən istifadə edir. Kim nə vaxt ilişdisə, onda da ictimaiyyət bundan xəbər tutur. Özü də bu üsul post-sovet regionunda dəbdir. Çünki Qazaxıstan təmsilçiləri də bir çox cəzalara məruz qalır. Bu yaxınlarda Rusiyaya da geniş miqyasda cəza tətbiq olundu”.

Amal Abuşov güman edir ki, olayın içində müəyyən çalarlar var. Onun fikrincə, hansısa ölkələrdən bu üsulla nəyinsə əvəzi çıxılır. Amma bu məqamın özü belə faktın ağırlığını dəyişmir.

Onun sözlərinə görə, son illərdə dopinq nəzarəti güclənib, qaydalar sərtləşdirilib:

“Həm də texnologiyanın inkişafı bu kimi hallarla mübarizə aparmağı asanlaşdırır. Müasir tibbi avadanlığın “gözündən” heç nə yayınmır. Məsələnin digər tərəfini unutmayaq. İdmançı da insandır. Bəzən xəstələnir, zədələnir və qəbul edilən hansısa dərman preparatının tərkibində qadağan olunmuş maddə yer alırsa, bu da dopinq sayılır”.

Amal Abuşov
Amal Abuşov

Ancaq müsahibimiz 32 rəqəmini Azərbaycan üçün çox ciddi sayıb:

“Onsuz da üzdə olan idmançılarımızın sayı elə də çox deyil. Bolqarıstandan ağır atletlər gətirmişdik. Sonradan məlum oldu ki, onlarla birlikdə gələn bolqar məşqçi gətirdiyi idmançılara da, yerlilərə də daim dopinq verirmiş. Çox güman ki, nə vaxtsa bunun üstünün açılacağını o da bilirmiş. Vacib olan həmin vaxt nəticə göstərmək, nəticəyə görə mükafat almaq imiş. Sonrası onu maraqlandırmayıb”.

Amal Abuşov deyib ki, hazırda Azərbaycanda da bu işə nəzarət gücləndirilib. O bildirib ki, bütün yarışlarda idmançılar analiz verməyə cəlb olunur.

“Hətta belə qəfil yoxlamalar bəzi futbol oyunlarından sonra da keçirilirdi. Yaxşı ki, futbolçularımızdan indiyə qədər dopinqdə ilişən olmayıb. İdmançının bilə-bilə dopinq istifadə etməsi cinayətə bərabər əməldir. Bununla o başqa bir həmkarının haqqını yeyir, öz nəticələrini saxtalaşdırır. Belə halları biz hamılıqla pisləməliyik. Öz istedadına bələd olan idmançılar nəticələrinin mükafatlar üçün yetərli olmadığını bilir, ağır məşqlərdənsə dopinq qəbuluna üstünlük verir. Bizim idman federasiyaları da bu işdə çox diqqətli olmalıdılar. Yalançı nəticələr ardınca qaçmaq yox, idmanı kompleks şəkildə inkişaf etdirmək lazımdı”.

Ana səhifəSosialWADA: Azərbaycan 2017-ci ildə dopinq pozuntusuna görə 14-cü olub