Atefeh Dehghanizadeh: “Kişiyə görə onun qadınını, uşağını cəzalandırmaq, əziyyət etmək heç bir çərçivəyə sığmır”
İran vətəndaşı olan 1984-cü il təvəllüdlü Atefeh Dehghanizadeh Azərbaycanda məhkəməyə müraciət edərək, burada girov saxlandığını iddia edir. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları pasportunu da əlindən alıb, onu 3 yaşlı qızı və 55 yaşlı anası ilə birlikdə ölkədən getməyə qoymurlar.
Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyilə iranlı qadının şikayətinə baxılıb. Şikayət məhkəmə nəzarəti qaydasında verildiyinə görə proses də qapalı keçirilib. Hakim Atefeh Dehghanizadehin ölkədən çıxışına qadağa qoyulması, pasportunun əlindən alınması barədə Yasamal Rayon Polis İdarəsi və Yasamal Rayon Prokurorluğunun əməkdaşlarının hərəkətlərini qanunsuz hesab edib. Ölkədən çıxışa qoyulan qadağanın aradan qaldırılması, qadının pasportunun qaytarılması barədə qərar çıxarılıb.
Atefeh Dehghanizadeh Meydan TV-yə bildirib ki, məhkəmənin bu qərarının icra olunmamasından qorxur: “Mən, körpə övladım, anam bir ilə yaxındır zülmdəyik. Bu müddətdə nələr görmədim? Biz – mən, qızım və anam birlikdə bu il yanvarın 9-da Bakıdan Türkiyəyə gedəndə aeroportda bir nəfər bizə hücum elədi. Sandım ki, uşağı qaçırmaq istəyir. Əlimdəki sənədi alıb cırdı. Səsə polislər gəldi. Sonradan bildim ki, mənə hücum edən həyat yoldaşımla pul problemi olan Orxan adlı şəxs imiş. Mənə ölkədən getməyə imkan vermirdi ki, biz ölkədə girov qalaq, yoldaşımdan pulu alsın. Sonra polis idarəsi və prokurorluq da bizi qanunsuz olaraq, ölkədə saxlamaqda ona yardımçı oldu”.
Hava limanındakı insidentin iştirakçılarından biri – Orxan İsmayılov qadından şikayətçi olub, Atefeh Dehghanizadehin ona böhtan atdığını, uşağını qaçırmaqda ittiham etdiyini bildirib. Bununla əlaqədar cinayət işi başlanıb, Atefeh Dehghanizadeh şübhəli şəxs qismində tanınıb. Lakin yetərli əsaslar olmadığından təqsirləndirilən şəxs qismində cəlb olunmayıb. O, sərbəst buraxılsa da, Yasamal Rayon Prokurorluğunun müstəntiqi Zamil Mehralıyev pasportunu qaytarmaqdan imtina edib. Bu üzdən qadın məhkəməyə şikayət edib.
Atefeh Dehghanizadehin həyat yoldaşı Ferzad Foroozanmehrdir. O, Orxan İsmayılova qarşı dələduzluqda – 240 min manatlıq evini satıb, pulunu ələ keçirməkdə ittiham olunur. Bu üzdən Azərbaycanda onun barəsində cinayət işi başlanıb.
“Bəzən gecə saatlarında 8-10 polis qaldığımız evə gəlir, bizi götürüb idarəyə aparır. Bir dəfə gecədən səhərə qədər üçümüzü də Yasamal rayonunun 26-cı polis bölməsində saxladılar. Uşaq möhkəm qorxur. Həyat yoldaşıma görə bizə burada zülm eləyirlər. Kişiyə görə onun qadınını, uşağını cəzalandırmaq, onlara əziyyət etmək heç bir çərçivəyə sığmır. Bir müddətdir ki, pulumuz da tükənib, körpə uşağım günlərlə ac qalır. Bizi girov saxlayıb, zülm eləyirlər”, – deyə Atefeh Dehghanizadeh ağlayır.
O, əlavə edib ki, Azərbaycanda üzləşdiyi qanunsuzluqlarla əlaqədar Türkiyədəki vəkilləri Avropa Məhkəməsinə şikayət göndərib.