“Yüngül əxlaqlı həyat tərzi” sürən şəxslərə qarşı polis naryadı yaradılır

Sualın bu hissəsinə hüquqşünaslar daha dəqiq cavab verə bilər, lakin mentalitet və milli-mənəvi dəyər anlayışları seks isçiliyi ilə məhdudlaşmır.

Source: Specify Source


“Mentalitet ölçülə bilən, yaxud təyin olunmuş subyekt deyil”

“Paytaxtda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizə gücləndirilir”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya açıqlamasında belə deyib.

Onun sözlərinə görə, paytaxt sakinlərindən daxil olan müraciətlər əsasında profilaktik tədbirlərə başlayıblar:

“Bu məqsədlə bu gündən başlayaraq, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunan Tədbirlər Planına müvafiq olaraq, polisin səlahiyyətləri çərçivəsində konkret vəzifələr müəyyən olunaraq icraya yönəldilib. Paytaxt sakinlərindən daxil olan müraciətlərin, müşahidə olunan sosial-neqativ halların təhlilləri göstərir ki, Bakıda fəaliyyət göstərən bəzi əyləncə-istirahət yerlərində ̶ gecə klublarında, barlarda, otel və motellərdə, mərkəzi küçələrdə ictimai mənəviyyat əleyhinə, əxlaqa zidd hallar var. Əxlaqa zidd olan bütün halların forma və təzahürlərinə qarşı mübarizənin effektivliyini artırmaq üçün milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışların, ictimai əhəmiyyət kəsb edən digər neqativ halların qarşısının alınması üçün kompleks profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.

Elşad Hacıyev deyib:

“Səbail rayonu ərazisində yerləşən “Fəvvarələr meydanı” və Nizami küçəsində, Nəsimi rayonu S.Vurğun və Nizami küçələrinin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair tərkibi əməliyyat, təhqiqat, ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb”.

Polis mayoru “yüngül əxlaqlı həyat tərzi sürən” dedikdə konkret kimləri nəzərdə tutduqlarını açıqlamayıb.


“Belə çıxır ki, vətəndaşlar şikayət etməsəydi, heç bir tədbir görülməyəcəkdi”

Sosioloq Sənubər Heydərli hesab edir ki, bu cür əməliyyatın keçirilməsinə ehtiyac varsa belə, ən azı bu şəkildə, nümayişkaranə formada elan olunmamalı idi:

Copy of Untitled Design (1).png
Sosioloq Sənubər Heydərova

“Məlumatdan belə aydın olur ki, Daxili İşlər Nazirliyi bəzi qanunazidd hərəkətləri indiyə qədər görməyib, amma paytaxt sakinləri şikayət edəndən sonra anlayıb ki, hansısa şəxslər qanuna zidd hərəkətlər edib. Bu, istər-istər şübhə və sual doğurur ki, Baş Polis İdarəsi indiyə qədər hara baxırdı və biz özümüzü təhlükəsizlikdə hiss edə bilərik, yoxsa yox. Belə çıxır ki, vətəndaşlar polisə şikayət, yaxud xəbər etməsə, onlar heç bir tədbir görməyəcək. İkinci, bu cür tədbirlərin keçirilməsi ona görə aktuallaşır ki, problem hələ də həll olunmayıb. Neçə ildir vətəndaş cəmiyyətinin üzvləri fahişəliyin qanuniləşdirilməsi məsələsini qaldıranda, dövlət məmurları və deputat mandat daşıyanlar cavab veriblər ki, bu, mentalitetə və milli-mənəvi dəyərlərə ziddir. Halbuki, məsələ leqallaşsaydı, həm təhlükəsizlik aradan qalxardı, həm də sağlamlıq diqqətdə olardı və dövlətə vergi ödənilərdi”.


“Bu yanaşma biabırçılıqdır”

Sənubər Heydərova mövcud qanunvericilikdə, məhkəmə aktlarında mentalitet, milli-mənəvi dəyərlər kimi ifadələrdən istifadə olunmadığını bildirib:

“Ümumiyyətlə, həmin ifadələrin qanunvericiliyə daxil edilməsi gülüncdür. Çünki mentalitet ölçülə bilən, yaxud təyin olunmuş subyekt deyil. Ona görə məsələyə subyektiv yanaşma artacaq, hansı polis hansı məsələni mentalitetə ziddi sayırsa, o cür davranacaq. Məsələn, bir polis düşünürsə ki, ictimai yerdə siqaret çəkən qadınlar əxlaqsızdırlar, o zaman Nizami küçəsində siqaret çəkən hər qadını polis idarəsinə çağırıb narahat edə bilərlər. Başqa birisi də qısa paltar geyinəni qəbul etmirsə, belə geyinən qadınları narahat etməlidir? Bu yanaşma biabırçılıqdır, yəni dövlət orqanlarını belə bəyanat verməsi yolverilməzdir”.


“Qadınları buna məcbur edən iqtisadi problemlər aradan qaldırılmalıdır”

Feminist, LGBT və gender məsələləri uzrə aktivist Gülnarə Mehdiyeva da hesab edir ki, seks işçiliyi digər əmək növləri kimi leqallaşdırılmalıdır və onların işçi hüquqları təmin olunmalıdır:

“Bakı Baş Polis İdarəsinin nəzərdə tutduğu ərazilərdə fəaliyyət göstərən seks işçiləri adətən ərəb turistlərini hədəfləyir ki, həmin turistlərin də bol olduğu dövr yay fəsli idi. Fahişəliyə qarşı görülən tədbirlərin niyə yay fəsli bitəndən sonra başlaması müəmmalıdır. Dövlət siyasətinə gəlincə, fahişəlik deyil, qadınları buna məcbur edən iqtisadi problemlər aradan qaldırılmalıdır”.

maxresdefault.jpg
Gender məsələləri uzrə aktivist Gülnarə Mehdiyeva

İctimia fəal hesab edir ki, Bakıda, üstəlik şəhər mərkəzində dilənməkdən tutmuş digərlərinə qədər, heç bir qazanc növü polisin məlumatı və razılığı olmadan baş tutmur. Bu baxımdan seks işçilərinə bütün yay boyunca maneə törədilməməsi, yalnız görüntü xətrinə 2 günlük reydin baş tutması, naryadların isə indi yaradılması suallar yaradır:

“Hazırkı qanunvericilikdə fahişəlik inzibati xətadır. Əgər polis qanunauyğun hərəkət edirsə, o, məhz həmin inzibati xətanı əsas götürməlidir. Lakin BŞBPİ-nin açıqlamasında mentalitet, əxlaq, milli-mənəvi dəyər kimi ifadələr yer alır ki, bunlar mənim üçün başadüşülən deyil. Sualın bu hissəsinə hüquqşünaslar daha dəqiq cavab verə bilər, lakin mentalitet və milli-mənəvi dəyər anlayışları seks isçiliyi ilə məhdudlaşmır. Qısa şort, homoseksuallıq, transgenderlik, qadınlarin gecə saatlarında küçəyə çıxması və s. də mentalitetə zidd hərəkətlərdir. Polisə bu şəxslərin və hərəkətlərin qarşını almaq səlahiyyəti də verilirmi? Ümumiyyətlə, polis öz əməllərində qanunvericiliyi əsas götürməlidir”.

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, ictimai asayişin qorunması polisin vəzifəsi sırasındadır. O cümlədən, mənəviyyat və ictimai əxlaqı ora daxil etdikdə, bu istiqamətdə ola biləcək qanun pozuntularına edilən cəhdlərin də polis tərəfindən qarşısı alına bilər:

“Əgər söhbət cəmiyyətin qəbul etmədiyi davranışlardan gedirsə və bu, ictimai yerdə açıq şəkildə baş verirsə, polis İnzibati Xətalar Məcəlləsindəki müddəları həyata keçirə bilir. Ona görə bunu dərhal “əxlaq polisi yaradılır” kimi çıxarışla ifadə etmək qərəzli yanaşmadır”.

Hüquqşünas Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli

Ələsgər Məmmədli polis mayoru Elşad Hacıyevin açıqlamasında müəyyən problemlərin olduğunu da gizlətməyib:

“Məsələn, hoteldə polis insanların özəl həyatına hansı formada müdaxilə edəcək, bu, mübahisəlidir. Amma ictimai yerlərdə, küçələrdə, istirahət mərkəzlərində qadının oğluyla, atanın qızıyla getdiyi yerdə hansısa əxlaqsız bazarlıqlar baş verirsə, polis buna müdaxilə etmək məcburiyyətindədir. Çünki başqalarını narahat edir”.

Ana səhifəSosial“Yüngül əxlaqlı həyat tərzi” sürən şəxslərə qarşı polis naryadı yaradılır